Gürcüstanın ali təhsil ocaqlarında 2000-dən artıq azərbaycanlı tələbə təhsil alır

 

Ruslan Hacıyev: "Gürcüstanın ali təhsil ocaqlarında 2000-dən artıq azərbaycanlı tələbə təhsil alır"Hazırda Gürcüstan vətəndaşı olan azərbaycanlı abituriyentlərin təxminən 90%-i ali təhsil almaq üçün Gürcüstan universitetlərinə üstünlük verirlər.

Bunu milli.az-a müsahibəsində Gürcüstan parlamentinin üzvü Ruslan Hacıyev bildirib.

- Ruslan müəllim, neçə il təhsil sahəsində çalışmısınız?

- 2011-ci ildən Gürcüstan Parlamentinə deputat seçilənədək təhsil sahəsində çalışmışam. Marneuli rayonunun iki ən böyük məktəbində - 2 və 3 saylı ümumi orta məktəblərdə direktor vəzifəsində işləmişəm. 2014-cü ilin sentyabr ayından son seçkilərə qədər Marneuli Təhsil Resursları Mərkəzinin müdiri olmuşam. Yəni, əmək fəaliyyətim təhsil sahəsi ilə sıx bağlı olub. Bu səbəbdən də bu sahənin həm bölgə, həm də bütün ölkə üzrə uğurları və problemləri ilə yaxından tanışam.

- Azərbaycanlıların kompakt yaşadıqları bölgələrdə orta təhsilin vəziyyəti necədir? Son illər bu sahədə hansı yeniliklər baş verməkdədir?

- Son illər Gürcüstanda azərbaycandilli məktəblərin fəaliyyətində ciddi bir dönüş yaşanmaqdadır. Mənim fəaliyyətim bilavasitə Marneuli rayonu ilə bağlı olduğu üçün məhz bu rayondakı məktəblər haqqında fikirlərimi söyləyim. Təhsil Resursları Mərkəzinə rəhbərlik etməyə başladığım gündən fəaliyyətimi rayonda təhsilin səviyyəsini yüksəltməyə yönəltdim. Qeyd etdiyim kimi, iki il bu vəzifədə çalışdım. Kimlərəsə iki il az görünə bilər. Əslində, qarşıya qoyulan məqsədə çatmaq üçün bu, kifayət qədər böyük zamandır. Bu müddət ərzində biz müəyyən tədbirlər həyata keçirdik, yuxarı sinif şagirdləri ilə tövsiyə, tapşırıq xarakterli söhbətlər apardıq və bütün bunların bəhrəsini gördük. Son 2-3 il ərzində rayonun azərbaycandilli məktəblərini qızıl və gümüş medallarla bitirən məzunlarımız oldu. 2014-2016-cı illərdə rayonumuzun 25-dən yuxarı məktəbində təmir-tikinti işləri aparılmışdır. Bu işlər bu gün də davam etməkdədir. Paralel olaraq, gənc kadrların məktəblərimizdə işə cəlb edilməklə, onların yetişməsinə önəm verdik. Ümumiyyətlə, 2011-ci ildən bu günədək, yalnız mənim təşəbbüsümlə 50-dən çox yerli gənc kadr azərbaycandilli məktəblərimizdə işlə təmin olunmuşdur. Rayonun bütün azərbaycandilli məktəbləri dövlət tərəfindən təqdim olunan və Gürcüstan Təhsil Nazirliyinin bütün ümumtəhsil məktəblərinə şamil etdiyi resurslardan istifadə edirlər. Hər bir məktəb, o cümlədən kənd məktəbləri də kompüterlərlə, yüksək sürətli internetlə, ümumiyyətlə, təhsil prosesinin effektivliyini artırmağa yönəldilmiş imkanlarla təmin olunub. Birinci sinifdən şagirdlərə noutbuklar verilir. Son üç il ərzində hətta əvvəlki illərdə noutbuk verilməyən və ya məktəbə təzə gələn şagirdlər də noutbuklarla təmin olunublar. Artıq dərsliklərlə bağlı problemlərimiz də aradan qalxıb. Bildiyiniz kimi, üç ildir ki, "Gürcü Arzusu" hökumətinin qərarı ilə şagirdlərə dərsliklər pulsuz verilir. Təkcə Marneuli rayonunun məktəbləri 180-200 min dərsliklə pulsuz təmin olunub. Azərbaycan hökuməti də bu sahədə bizə öz dəstəyini əsirgəmir. Gürcüstan və Azərbaycan Təhsil Nazirlikləri arasında əldə olunmuş razılaşmaya görə, "Azərbaycan dili" və "Ədəbiyyat" dərslikləri Azərbaycandan gətirilir. Ötən il şagirdlərimizə həmin fənlər üzrə 8000-ə yaxın dərslik verildi. Və artıq dərsliklərlə bağlı heç bir problemimiz yoxdur. Bundan əlavə, gürcü dilinin tədris səviyyəsini yüksətmək istiqamətində mühüm işlər görülməkdədir.

Gürcüstan hökumətinin qərarı ilə qeyri-gürcü dilli məktəblərdə "Gürcü dili" fənni birinci sinifdən gücləndirilmiş şəkildə, ikinci ana dili səviyyəsində tədris olunmağa başlayıb. Bildiyiniz kimi, Gürcüstanda ümumi orta təhsil attestatını alıb məzun olmaq üçün şagirdlər vahid buraxılış imtahanı verməlidirlər. Son iki ilin statistikasına görə, azərbaycandilli məktəblərdə "Gürcü dili" fənni üzrə imtahanlarda şagirdlərimizin təxminən 60-70%-i çox yüksək ballar qazanır. Təbii ki, bütün şagirdlərin bilik səviyyəsi digər fənlər kimi, bu fənn üzrə də eyni deyil. Orta məktəblərdə gürcü dilinin tədrisi xüsusi proqramlar əsasında keçirilir. Son illərin nəticələrinə əsaslanaraq deyə bilərəm ki, şagirdlərimiz artıq gürcü dilini B2 səviyyəsində, yəni danışıq dili səviyyəsində, fikirlərini normal ifadə edə biləcək şəkildə mənimsəyirlər. Və təbii ki, bu, gürcü dilini yaxşı bilən məzunlara Gürcüstanda ali məktəblərə qəbul olunmaq imkanı verir. Gürcü dili ilə bağlı çətinlikləri olan bütün abituriyentlər üçün də Gürcüstan hökuməti şərait yaradıb. Belə tələbələr Təhsil Nazirliyinin qərarı ilə "1+4" proqramı üzrə ali təhsil alırlar. Yəni 1 il onlara yalnız intensiv şəkildə gürcü dili tədris olunur və ikinci ildən başlayaraq dil maneəsi olmadan ixtisasları üzrə təhsil almağa başlayırlar. Bunun da nəticəsində bu gün Gürcüstanın ali təhsil ocaqlarında 2000-dən artıq azərbaycanlı tələbə təhsil alır. Bu da 2012-ci ilə qədər olan rəqəmlərlə müqayisədə çox böyük nailiyyətdir.

- Uzun illər Gürcüstan azərbaycanlıları orta təhsillərini bitirib, ali təhsil ardınca Bakıya üz tuturdular. Hazırda bu sahədə vəziyyət necədir?

 

- Doğru qeyd etdiniz. Əvvəllər Gürcüstan azərbaycanlıları orta məktəbi Gürcüstanda başa vurduqdan sonra ali təhsil almaq üçün Azərbaycana gedirdilər. Bu da çox zaman dil maneəsi ilə bağlı səbəblərdən baş verirdi. Gürcüstan təhsil sistemində son illər baş verən dəyişikliklər nəticəsində azərbaycanlı abituriyentlərin artıq yerli ali təhsil ocaqlarında təhsil almağa marağı artıb. Hazırda azərbaycanlı abituriyentlərin təxminən 90%-i ali təhsilini Gürcüstanda davam etdirməyə üstünlük verirlər.

- "SOCAR Georgia" şirkəti müəyyən sayda Gürcustan azərbaycanlılarının Gürcüstan universitetlərində təhsil haqlarının ödənişini öz üzərinə götürüb. Gürcüstan dövləti bu prosesə nə dərəcədə dəstək verir?

- İlk öncə, fürsətdən istifadə edərək, Gürcüstan iqtisadiyyatının inkişafına ciddi dəstək vermiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinə Gürcüstan azərbaycanlıları adından təşəkkürümüzü bildirmək istərdim. Azərbaycanlıların kompakt yaşadıqları bölgələrin sosial, infrastruktur, iqtisadi problemlərinin həllində, o cümlədən gənclərimizin Gürcüstan universitetlərində təhsil almalarında SOCAR-ın ciddi dəstəyini hiss edirik. SOCAR prezidenti cənab Rövnəq Abdullayev Gürcüstana hər səfəri zamanı mütləq Marneuliyə baş çəkir, rayonun sosial-iqtisadi inkişafının vəziyyəti, problemlərimizin həlli ilə ciddi maraqlanır. Çox sağ olsun, Gürcüstan azərbaycanlılarını diqqətsiz qoymur. "SOCAR Georgia" şirkətinin rəhbəri cənab Mahir Məmmədov da daima çeşidli məsələlərdə bizim bölgəyə operativ dəstək göstərir. Bütövlükdə Gürcüstanın sosial-iqtisadi çiçəklənməsinə SOCAR şirkətinin töhfələri böyükdür. SOCAR Gürcüstan üçün dəyərli bir tərəfdaşdır. Bununla da biz fəxr edirik. Dövlət dəstəyinə gəlincə, qeyd edim ki, Gürcüstan Təhsil Nazirliyi müəyyən kriteriyalara uyğun gələn tələbələrin təhsilini maliyyələşdirir. Bu kriteriyalara yaxşı oxuyan tələbələr, aztəminatlı ailələrdən olan və ya dağlıq ərazidə yaşayan tələbələr aiddir. Həmin qərar milli mənsubiyyətindən asılı olmayaraq, sözügedən kriteriyalara uyğun gələn bütün Gürcüstan vətəndaşlarına şamil olunur.

Hurriyyet.org

13:37