Gürcüstanda Qarabağ müharibəsi şəhidi Elşən Məmmədovun xatirəsi anılıb

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları bu ölkədə azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Zol-Güvəc kəndində, 2015-ci il sentyabrın 25-də şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elşən Vaqif oğlu Məmmədovun ailəsini ziyarət ediblər.

Səfirliyin hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov, müavini mayor Elcan İmamverdiyev, səfirliyin ikinci katibi Fəxri Hacıyev və başqaları şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.

F.İbrahimov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb, şəhidlərin xatirəsinə göstərilən yüksək ehtiramdan, onların ailələrinə diqqət və qayğıdan danışıb.

Sonra səfirliyin əməkdaşları, eləcə də Bolnisi şəhər merinin müavini Lonqinoz Həsənov, Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Əlixan Yəhyaoğlu, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, kənd ziyalıları və jurnalistlər Şəhid Elşən Məmmədovun məzarını ziyarət ediblər.

Şəhidin məzarının ətrafında həmişəyaşıl ağaclar və gül kolları əkilib.

Sonra tədbir iştirakçıları şəhidin ev-muzeyinə baxış keçiriblər.

Fuad İbrahimov jurnalistlərə açıqlamasında Azərbaycanın və Gürcüstanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların xatirəsinin hər iki ölkədə uca tutulduğunu bildirib. Vurğulayıb ki, Vətən torpaqlarının müdafiəsi uğrunda həlak olan insanlar heç zaman unudulmur.

Hərbi attaşe deyib: “Elşən kimi bütün şəhidlərimizlə fəxr edirik. Onlar ölməyiblər. Hərb tariximizə şanlı səhifələr yazan şəhidlərimiz daim ürəyimizdə yaşayacaqlar”.

Şəhidin atası Vaqif Məmmədov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. O, oğlunun adının uca tutulmasını, şəhidlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 23 yaşlı Elşən Məmmədov 2015-ci ildə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Elşən Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

20:03