Gürcüstanda pulsuz paylanan dekoderlər Azərbaycanda niyə 22 manata satılır?

Rabitə nazirliyindən ölkə vətəndaşlarına qarşı rəzalət

Gürcüstanda pulsuz paylanan dekoderlər Azərbaycanda niyə 22 manata satılır?

Artıq bir neçə gündür ki, Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb. Ölkədə rəqəmli yayımın tətbiqinə start verilib.  Müasir, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Rəqəmli yayımı qəbuletmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Bu qurğuların qiyməti 22 manat civarındadır. Qonşu Gürcüstanda dekoderlər aztəminatlı ailələrə pulsuz verilsə də, Azərbaycanda bu nəzərə alınmayıb.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, rəqəmsal yayıma keçid indiki dövrdə mütləq və zəruri şərtdir: “Bu keyfiyyət məsələlərinə və kanalların sayını artırmaq imkanlarına görə lazım idi. Azərbaycanda bir neçə il öncə rəqəmsal yayıma keçiləcəyi haqda xəbərlər yayılmışdı. Lakin yeni yayıma keçidin çətinliyi ondan ibarətdir  ki, əhalinin aztəminatlı təbəqəsi yeniliyə uyğunlaşa bilməyəcəkdi. Bunun üçün texniki imkanlar mövcud deyildi. Bu məsələ bir neçə dəfə müzakirə olunmuş, Azərbaycanda dekoderlərin istehsal edilməsi ilə bağlı təkliflər də səsləndirilmişdi.  Belə olduğu halda istehsal edilən dekoderlərin əhalinin aztəminatlı ailələrinə pulsuz paylanılması mümkünləşəcəkdi. Lakin təəssüflər olsun ki, hökumət bu addımı atmadı. Əhalinin tələbatına növbəti dəfə qayğısız yanaşıldı və biganəlik nümayiş etdirildi”.
Arif Əliyevin sözlərinə görə, biz ən müxtəlif sahələrdə monopoliya təsirinin şahidi oluruq: “Ölkəyə dekoderlərin gətirilməsi və kütləvi satışı da monopoliyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı hakimiyyətdə təmsil olunanların bir çoxlarının pul haqqında təsəvvürləri, əhalinin düşüncələri ilə üst-üstə düşmür".

Xudaferin.eu

11:28