Gürcüstanda ağırlaşdırıcı cərimə siyasətinə etiraz

Batumidə polis və etirazçılar arasında toqquşma olub, 22 nəfər yaralanıb

Batuminin (Gürcüstan) polis idarəsi qarşısında polis və etirazçılar arasında baş verən qarşıdurma nəticəsində 22 nəfər, o cümlədən 6 polis xəsarət alıb. Yüzlərlə insanın iştirakı ilə keçirilən aksiyada haqlı olduğunu bildirərək cərimə ödəməkdən imtina etdiyi üçün saxlanılan 6 sürücünün azad olunması tələbi irəli sürülüb. Qarşıdurma zamanı asayiş keşikçiləri güc tətbiq edib. Bundan əlavə, daha 4 yerli sakin saxlanılıb.

Daha sonra Gürcüstanın daxili işlər nazirinin göstərişi ilə saxlanılan sürücülər azad edilib. Lakin bildirilib ki, onlar qanun pozuntusuna görə məhkəmə qarşısında cavab verəcəklər. Məsələyə Gürcüstan prezidenti Georgi Marqvelaşvili də münasibət bildirib və aksiyaçıları ölkə qanunlarına riayət etməyə çağırıb.

Qeyd edək ki, son zamanlar ölkədə baş verən infliasiyanın qarşlığında büdcənin normal şəkildə doldurulması üçün cərimələrin miqyası qaldırılıb. Bu da öz növbəsində yerli əhalinin narazılığına səbəb olubdur.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”  

 

10:52