Gürcüstan: ərazi məsələsinin həllindən sonra Moskva ilə diplomatik münasibətlərdən danışmaq olar

Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze “RİA Novosti” saytının sualına cavab verərkən Abxaziya və Cənubi Osetiya məsələlərində irəliləyiş olmadıqca, Gürcüstanın Rusiya ilə diplomatik əlaqələrinin bərpası söhbətinin aktual olmayacağını bildirib. Zurab Abaşidze deyib: “Bu, birbaşa Gürcüstanın ərazi bütövlüyü ilə bağlıdır. Təəssüf ki, bu istiqamətdə heç bir yenilik yoxdur. Ərazi məsələləri həll olmadıqca, bu məsələ müzakirə edilməyəcək və gündəliyə salınmayacaq. Bu istiqamətdə mühüm bir irəliləyiş olarsa, müəyyən mərhələdə diplomatik münasibətlər məsələsinə yenidən baxmaq olaracaq. Lakin indi bu, müzakirə edilmir və rusiyalı həmkarlarımız mövqeyimizi çox gözəl bilirlər”.

Onun sözlərinə görə, RF XİN rəhbərinin müavini ilə növbəti görüş fevralın 7-də Praqada olacaq. Tərəflər ticari-iqtisadi, nəqliyyat məsələlərini, humanitar mövzuları müzakirə edəcəklər.
Qeyd edək ki, 2008-ci ildə, Moskvanın Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanımasına cavab olaraq, Gürcüstan Rusiya ilə diplomatik münasibətləri kəsib. Hazırda ikitərəfli dialoqlar Cenevrə müzakirələri çərçivəsində baş tutur. Lakin 2012-ci ilin oktyabrında Gürcüstanın sükanı arxasına keçmiş yeni hakimiyyət Rusiya ilə münasibətlərin normallaşmasını xarici siyasətin əsas prioritetlərindən adlandırıb. Cenevrə müzakirələri 2008-ci il münaqişəsindən sonra başlanıb və bu dialoq çərçivəsində Abaşidze ilə Karasin arasında müntəzəm görüşlər keçirilir.

Hurriyyet.org

18:50