Gürcüstan Azərbaycan-Türkiyə birgə hərbi təlimləri

Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənəd Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə keçirilən görüşü çərçivəsində imzalanıb.

Gürcüstanın Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb. Azərbaycan və Gürcüstanın müdafiə nazirləri arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib. Qonaqları salamlayan general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarını yeni təyinatı münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Ölkələrimizin hərbi əməkdaşlığının ikitərəfli və NATO çərçivəsində keçirilən proqramlar, treninqlər vasitəsilə, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xatırladan general-polkovnik Z.Həsənov vurğulayıb ki, gələn ildə də ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılır.
Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsindən danışan general-polkovnik Z.Həsənov bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Müdafiə naziri beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərinə, respublikamızın ərazi bütövlüyünü, Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi tanıdıqlarına görə gürcü xalqına minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
General-polkovnik Z.Həsənov ölkələrimizin hərbi qurumları arasında 2017-ci il üçün əməkdaşlıq planının səmərəli tərəfdaşlığımızın möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. Azərbaycanın Müdafiə naziri görüşdə Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı ölkənin dövlət səviyyəsində separatizmi dəstəklədiyini diqqətə çatdırıb. Ə
İlk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirən L.İzoria bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib. L.İzoria onu da bildirib ki, gələn ildən Gürcüstan da Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərdə iştirak etməyə hazırdır.
Görüşdə Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsinin imkanları, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

TREND İA

08:24