Günün sualı: Sökülən evlərin pulunu kim ödəyəcək?

 

“Azərsu”: “Bu məsuliyyət artıq həmin sənədi verən qurumların üzərinə düşür”

Əsabəli Mustafayev: “Kompensasiya ödənilməlidir ki, o insanlar həmin tikintini ayrı yerdə başlatsınlar”

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda 2 mindən çox ev və obyektlərin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırılıb. "Azərsu" ASC bu tikililərin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyi üçün məhkəməyə müraciət edib. Həmin obyektlərin çoxunun dövlət qeydiyyatına alınması barədə çıxarışı, müvafiq sənədləri olsa da, onların içərisində kifayət qədər sənədsiz evlər də var. Buna baxmayaraq bütün belə ev və obyektlərin sökülməsi üçün də iddia qaldırılıb. Artıq məhkəmələrdən sahibkarlara və ev sahiblərinə bildirişlər gəlir.  Söküləcək tikililərlə bağlı sözügedən obyekt və ev sahibləri artıq narazılıqlarını ifadə ediblər. Amma “Azərsu” ASC bu narazılıqları əsas gətirərək bildirib ki, əslində qanuna müvafiq addım atılmalıdır. Yəni, həmin kommersiya obyektləri və tikilən evlər dövlətin strateji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilib. Tikililər inşa edilərkən bu tələblərə əməl olunmalı idi. Qurumun əsaslandırmasına görə hardakı qanunun tələbi pozularaq “Azərsu” xətlərinin mühafizə zonasında obyektlər inşa edilib və həmin obyektlər onların işini çətinləşdirir. Bu səbəbdən onların sökülməsi ilə bağlı qurum tərəfindən yerli məhkəmələrdə iddia qaldırılıb.  

Sənədi olan kommersiya obyektlərinə kompensasiyanın verilib-verilməyəcəyi ilə bağlı məsələyə də “Azərsu” şərh verib. Bildirib ki, qurum məhkəmə qarşısında lazımi tədbir görülməsi üçün iddia qaldırıb. Həmin obyektlərin sökülüb-sökülməyəcəyi məhkəmələrin verəcəyi qərardan asılıdır. Məhkəmə hansı qərarı verərsə, o qərar da icra olunacaq. Strateji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilən obyektlərə tikinti icazəsi verilibsə, bu məsuliyyət artıq həmin sənədi verən qurumların üzərinə düşür. Bu barədə də məhkəmə hansı qərarı verərsə, o qərara müvafiq addım atılacaq. Ekspertlər isə bunu düzgün saymır. Hesab edilir ki, istənilən halda hər bir ev və yaxud obyektin inşasına yerli icra hakimiyyətləri tərəfindən razılıq verilib. Yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və digər aidiyyatı qurumların xəbəri olmadan belə tikililərin inşası mümkün deyil. Ən azı bu evlər və ya obyektlər göz önündə inşa edilib. Bu səbəbdən dövlət qeydiyyatından sənədi olana da, olmayana da müəyyən kompensasiyalar ödənilməlidir.
 

Maraqlıdır, söküləcək obyekt və evlər tam olaraq hansı ərazilərdədir?

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı açıqlamasında söküləcək tikililərin Bakının bütün rayonlarında olduğunu deyib: “Söküləcək evlər və obyektlər Pirallahıdan başqa Bakının bütün rayonlarında var”.

Söküləcək sənədsiz evlərin aqibəti ilə bağlı məsələyə gəlincə isə hüquqşünas Əsabəli Mustafayev deyib ki, bu evlər və ya obyektlər əgər hamının gözü qarşısında inşa edilibsə, buna dövlət orqanları, bələdiyyələr tərəfindən heç bir maneçilik yaradılmayıbsa, sonradan həmin binadan uzun müddət istifadə olunubsa, bu o deməkdir ki, bu qanuni əmlakdır: “Qanuni əmlakın da sökülməsinin qaydaları var. Əgər əmək istifadəsi üçündürsə, qanunda nəzərdə tutulmuş qaydada kompensasiya müəyyən edilir və ödənilir. Yəni qanunauyğun edilməlidir. Ev və ya obyekt sahibinin razılığı olmadan bu tikilinin sökülməsinə məhkəmə qərar verir. Heç olmasa, buna uyğun kompensasiya ödənilməlidir ki, o insanlar həmin tikintini ayrı yerdə başlatsınlar. Yaxud da onlara bunun üçün torpaq sahəsi ayrılmalıdır. Bəzən deyirlər ki, sənədsiz evləri özbaşına, qanunsuz tikili kimi sayıb sökürlər və heç bir kompensasiya da vermirlər”. Vəkil qeyd edib ki, həmin bu işlər Avropa Məhkəməsinə göndəriləndə, sözügedən instansiya tərəfindən obyektin bugünkü qiyməti dəymiş zərər kimi qiymətləndirilir. Həmin məbləğin ödənilməsi isə hökumətin boynuna qoyulacaq. Bunu nəzərə alaraq hökumət orqanları qanunauyğun hərəkət etməlidir.

"Onsuz da artıq onlarla söküntü ilə bağlı qərarlar çıxıb. Bütün geniş dəymiş zərərlər də məhkəmədə dövlət büdcəsi tərəfindən ödənilir. Son mərhələdə gəlib əhalinin cibindən çıxır. Ona görə də bütün bunların hamısını qanuniləşdirmək lazımdır. Burada evlərin sənədinin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur”.

 

Alçina Amilqızı

Cebhe.info

 

09:56