Güney Korenin “Qarabağ Planı”

Bu, Güney Korenin Azərbaycanda məcburi köçkünlərlə bağlı layihələr həyata keçirməyi planlaşdırmasından ibarətdir

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün Güney Korenin ölkəmizdəki səfiri Kim Çanq-Gyu və Güney Kore Uluslararası  Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşüb.

Dövlət Komitəsindən verilən məlumata görə, Ə.Həsənov diplomatik nümayəndələrin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə təşkil edilmiş səfərində iştirak etdiyinə görə səfirə təşəkkürünü bildirib.

Ə.Həsənov bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı Güney Korenin ölkəmizdə fəaliyyət göstərən Şərq Təbabəti Klinikası, “For You” Beynəlxalq Humanitar İctimai Birliyinin, Güney Korenin Azərbaycandakı səfirliyinin və Kore Beynəlxalq Əməkdaşlıq Agentliyinin həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb.
Görüşdə Ə.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinin Kore tərəfindən dəstəklənməsinin vacibliyini bildirib.

Ölkələrimiz arasında bir sıra sahələrdə, o cümlədən mədəni məsələlərdə oxşarlıqların olmasına toxunan səfir Altay dil qurupuna aid ölan ölkələrin arasında birliyin yaranmasının gələcəkdə öz nəticəsini göstərəcəyinə əminliyini qeyd edib. Koreli diplomat ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində öz köməyinin əsirgəməyəcəyini və bunun üçün səylərinin artırılacağını diqqətə çatdırıb.

Səfir Kim Çanq-Gyu ötən dövrlərdə məcburi köçkünlərə dəstək üçün həyata keçirdikləri layihələrin bu gün müsbət nəticələri olduğunu vurğuladı və cari ildə də bir sıra tədbirlərin planlaşdırıldığını bildirib. İki ölkə arasında siyasi sahədə əməkdaşlıqla bağlı komissiyanın yaradıldığını deyən səfir eyni zamanda tibb, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahəsində də müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.

TREND İA

09:08