Güney Azərbaycanın Qərbində azərbaycanlılara qarşı soyqırımın tarixi

Həsən Səfəri
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Geney Azərbaycan şöbəsinin elmi işçisi

Güney Azərbaycanın Qərbində azərbaycanlılara qarşı soyqırımın tarixi

Güney Azərbaycanın qərb bölgəsində - Urmu, Salmas, Xoy və ətraf ərazilərdə Azərbaycan türklərinə qarşı erməni-aysor hərbi dəstələrinin törətdiyi soyqırım XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Əslində Güney Azərbaycanda törədilən soyqırım mahiyyət etibarı ilə regionda türklərə qarşı son iki əsrdə ermənilər tərəfindən törədilən soyqırımın tərkib hissəsi sayılır. Bunda əsas məqsəd isə müsəlman türklərin yaşadığı ərazilərdə və xüsusilə güclü türk dövləti olan Osmanlı imperatorunun qonşuluğunda özlərinə dayaq nöqtəsi kimi süni şəkildə erməni dövləti yaratmaq idi. Lakin ermənilər Azərbaycan torpaqlarına köçüb və ya köçürülüb gətirildiyi üçün burada dağınıq şəkildə yaşayırdılar. Onlar hər bir şəhər və məntəqədə yerli türk əhali ilə müqayisədə əhalinin çox az hissəsini təşkil edirdilər. Ona görə də, erməni dövləti yaratmaq üçün Şimali Azərbaycan və Şərqi Anadoluda olduğu kimi Güney Azərbaycanın qərb bölgəsində də əhalinin əksəriyyətini qətliam edib, demoqrafik dəyişikliklə buna nail olmaq məcburiyyətində idilər. Məhz buna görə, türklərin yaşadığı bütün bölgələrdə (Şərqi Anadolu, Quzey və Güney Azərbaycan) eyni taktika ilə soyqırım tətbiq edilib. Yəni yerli türk əhalisini qırıb, erməni dövlətinin yaradılmasına şərait yaratmaq istiqamətində işlər aparılmışdır.
1918-ci ildə Güney Azərbaycanın qərb bölgəsində, yəni Urmu, Salmas, Xoy və ətraf ərazilərdə 6 ay müddətində erməni-aysorlardan ibarət yaradılmış xristian qoşunu Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirdilər. Həmin dəhşətli hadisələr zamanı yüzlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətliam edilmişdir. Soyqırımın baş verdiyi dövrdə yaşayan Əhməd Kəsrəvi həmin hadisələrdə 130 mindən artıq insanın erməni və aysorlardan ibarət xristian qoşunu tərəfindən qətlə yetirildiyini yazır (1, s. 763). İran dövlətinin Qərbi Azərbaycan əyaləti üçün çap etdirdiyi “Coğrafiyaye ostane Azərbaycane Qərbi” (Qəbi Azərbaycanın əyalət coğrafiyası) dərsliyində 163 min nəfərin həmin qətliamda öldürüldüyünü qeyd olunur. “Türkiyə ordusuna 1927-ci ilin məxfi hesabatı əsasında Azərbaycan Pəhləvi hakimiyyətinin ilk illərində” (İran Azərbaycanı tədqiqi raporu) adlı kitabda isə türkiyəli məmurlar 160 mindən artıq müsəlmanın Güney Azərbaycanın qərb bölgəsində qeyd edilən hadisələr nəticəsində öldürüldüyünü qeyd edirlər (2, s. 112). Lakin daha dəqiq məlumat, bu işlə bağlı hesabat hazırlayan İran mərkəzi hakimiyyətinin Urmudakı nümayəndəsi Rəhmətullah xan Mötəmidəlvuzarə tərəfindən verilmişdir. Belə ki, o xəsarətlərin, o cümlədən insan tələfatının hesablanması üçün yaranan komissiyanın başçısı kimi yerlərdə hesablama apararaq yazır ki, “baxmayaraq ki, şəhərin bəzi məhəllələrinə, eləcə də bəzi kəndlərə dəyən xəsarət və can itkisi hələ də hesablanılmayıb, lakin I Dünya müharibəsi başlayandan indiyə kimi sadəcə, qeydə alınan və hesablanan hesablama vərəqələrində can itkisi 160 min nəfər, xəsarət isə təxminən 80 milyon – 160 krur tümən idi... xəsarət və insan tələfatı hesablanmayan məntəqələri də hesablamaqla dəyən maddi xəsarət 100 milyon 200 krur tümən, insan itkisi isə 200 min nəfər olur” (3, s. 230).
Belə dəhşətli soyqırıma məruz qalan azərbaycanlıların heç bir günahı yox idi. Onlar ermənilərə və aysorlara qarşı heç bir zaman pislik etməmişlər, əksinə ehtiyacları olduqda humanitar yardım belə etmişlər. Azərbaycana qaçqın kimi pənah gətirən aysorlara yardımı buna misal göstərmək olar. Belə ki, Güney Azərbaycanın həmin qərb bölgəsində törədilən soyqırımdan bir müddət əvvəl İngiltərə və Rusiya Osmanlı ərazisində yaşayan və “cilo” adlanan aysorları Osmanlı dövlətinə qarşı silahlandırıb döyüşə sövq etmişlər. Lakin “cilo” adlanan aysorlar Osmanlı qoşununa məğlub olaraq, ac-yalavac, canlarını götürüb Güney Azərbaycanın qərb bölgəsinə, xüsusilə Urmu və Salmasa pənah gətirmişlər. Belə bir vəziyyətdə əhalinin dəstəyindən əlavə, Urmiyanın yerli hakimiyyət orqanları Tehran qəzetlərində aysorlara yardım elanları çap etdirib, onları aclıq və ölümdən qurtarıblar (1, s. 622). Lakin bunların qarşısında Osmanlı ərazisindən gələn təxminən 40 min xristian aysor, əraziyə köçüb gəlmiş və Urmu, Salmas ətrafında dağınıq şəkildə yaşayan ermənilərlə birlikdə Rusiya, Fransa, İngiltərə, ABŞ və s. kimi qərb dövlətlərinin missioner təşkilatları və Urmiyadakı nümayəndəlikləri əlində alətə çevrilərək, 200 min günahsız insanı vəhşicəsinə qətliam etmişlər.

Ermənilərin, ümumiyyətlə, xristianların yerli türklərə qarşı düşmənçiliyinin tarixi iki əsrdən o yana getmir. Məhz elə həmin iki əsri əhatə edən müddətdə yüz minlərlə türk Azərbaycanın Şimalı və Cənubunda, eləcə də Şərqi Anadoluda soyqırıma məruz qalıb. Ermənilərin bu məsələ ilə əlaqədar olaraq qızışdırılması və səfərbər edilməsində isə Rusiyanın, eləcə də Qərb dövlətlərinin missioner təşkilat və nümayəndəliklərinin böyük rolu olmuşdur. Bir sözlə regionda baş verən fəlakət Rusiyanın regiona ayağının açılması, ardınca isə missioner təşkilatlarının gəlməsi ilə başlamışdır. Rusiya və xristian təəssübü çəkən imperialist Qərb dövlətləri, o cümlədən İngiltərə, Fransa və ABŞ nümayəndələri tərəfindən onlara bağlı olan missioner təşkilatların köməyi ilə müsəlman türk dövlətlərinin, xüsusilə Osmanlı imperatorluğunun qonşuluğunda özlərinə dayaq kimi xristian dövlətinin qurulması üçün erməni və aysorları təşkilatlandırmaq qarşıya məqsəd kimi qoyulur. Onlar hələ XIX yüzilliyin birinci yarısında (Rusiyanın Azərbaycanı ikiyə parçalamasından sonra), Güney Azərbaycanın qərb bölgəsinə, Urmiyaya dini missionerlərini göndərərək, din pərdəsi altında dini, etnik azlıq olaraq bəzi kəndlərdə dağınıq şəkildə yaşayan erməni və aysorları təşkilatlandırmağa başladılar. Missionerlərin Urmiyaya geniş şəkildə gəlişi də elə XIX əsrin əvvəllərinə təsadüf edir. Belə ki,  “1807-ci ilin iyununda G. Qardanın (Gardan) rəhbərliyi altında hərbi, tibbi və mühəndis mütəxəssislərdən və eyni zamanda iki Jezuitlər (Jesuites) ruhanilərindən ibarət Fransanın katolik heyəti Güney Azərbaycana daxil oldu... Fransanın katolik missioner heyəti Urmiyaya gələn kimi əhali ilə, xüsusilə nestorianlarla (aysorlarla) əlaqəyə girişdilər” (4, s. 94).
1831-ci ildə isə Fandr (Pfander) adlı bir missioner Təbrizdə, Urmiyada xristianlar arasında suryani (aysor) incil kitablarını yaydı. O, Bazl cəmiyyətinin üzvü idi. Onların əsas missiyası Urmuda xristianlığı yaymaq idi. Bu missiyanın bütünlüklə siyasi olması üzə çıxdı və 1836-cı ildə Bazl missioner təşkilatının Təbrizdəki baş qərargahı bağlandı (5, s. 64).
Fransanın katolik missionerlərinin Urmuya gəlişindən xəbər tutan İngiltərə ABŞ-ın əməkdaşlığı ilə fransızlara qarşı lazımi təsisatı yaratmaq qərarına gəldi. 1835-ci ildə birinci amerikalı qrup Urmuya daxil oldu... İlk gələnlərdən biri Dr. Qrant (Grant) idi. O, mister Justin Perkinzlə birlikdə gəmiş və bir müddət Urmiyada qalmışdır (4, s. 96). Mister Perkinz aysor və kəldanilərin adət-ənənələrini öyrənib, onlara nüfuz edərək, etimadlarını qazana bilir... Perkinz yerli xristianların savadsızlığını öz uğurlarının əsas maneəsi kimi görür. Ona görə də çapxana təsis edib, ABŞ-da mərkəzi heyətdən çapxana avadanlığı göndərməyi xahiş edir. 1840-cı ildə çapxana avadanlıqları gətirilir (4, s. 97).
Mister Perkinzdən sonra Dr. Rayt (Wright) gəlib bir neçə il Urmuda qalır. Ondan sonra isə Dr. V.N. Urn və Dr. Helmiz (Helmez) gəlir. 1878-ci ildə isə Amerika missiyasının fəaliyyətini təkmilləşdirmək üçün Dr. Kaqran (Dr. Josephe Cackran) Urmiyaya gələrək işə başlayır. (4, s. 96-97).
1835-ci ildə Urmuya gələn Dr. Qrant isə ABŞ-ın ilk həkim missioneri idi. “Bu həkim Urmiyaya daxil olan gündən xəstələrin müalicəsi ilə məşğul olurdu. Tezliklə ona müraciət edənlərin sayı artdı. Şəhər xəstələrini qəbul etməyə məcbur olan Qrant Urmu ətrafı kənd və qəsəbələrin də xəstələrini qəbul etməli oldu”. (4, s. 98).
Güney Azərbaycanın qərb bölgəsində soyqırımın törədildiyi ərəfədə və ondan sonra ABŞ-ın missioner təşkilatına Dr. Paqard başçılıq edirdi. Dr. Paqard Urmiya, Salmas və ətraf ərazilərdə törədikləri soyqırım kimi qətliamı “1000 nəfər türkiyəli aysorun əməkdaşlığı ilə Xoyda həyata keçirmək istəyirdi. O, Xoy şəhərini mühasirəyə aldı. Lakin xoyluların və İsmayıl ağa Simitqonun müqaviməti nəticəsində qayıtmalı oldu” (2, s, 112). 1840-cı ildə isə Lazaristlər Roma kilsəsinə bağlı olan kəldanilərə tərəf üz tutdular. Lazaristlərin maliyyə gücü  protestantlardan az idi. Lazaristlər XX əsrdə Azərbaycanda Salmasın Xosrovabad bölgəsində, Urmuda və Təbrizdə yerləşmişdilər. Onların səyləri Urmiyada bir nəticə verməsə də, 1875-ci ildən iqamətgahı Urmiyada yerləşən apostol nümayəndəsindən faydalana bildilər (5, s. 66).
Digər missioner təşkilatlardan biri də anglikanlara məxsus təşkilat idi. “Onlar “1886-cı ildə Urmuda və Həkkaridə B. Marşimonun (aysorların başçısı) yanın­da yerləşmişdilər. Onlar (anglikanlar) nestorianlarla (cilolarla) birbaşa əlaqədə idilər. Lakin Azərbaycanın qərbi 1914-cü ildə ruslar tərəfindən işğal olundu. Aysorların kilsəsi rusların ortodoks kilsəsi ilə birləşdikdən sonra bu missiya Azərbaycanı tərk etdi” (5, s. 66). Azərbaycana gələn missioner təşkilatlardan başqa biri də Lüterlər idi. Onlar hətta Urmuda  kimsəsiz uşaqlar üçün ev də açdılar. Lakin işlərində uğur əldə edə bilmədilər.

Lazarist və Senona bacıları vasitəsilə idarə olunan katolik missiyasının rəhbəri isə müsyö Sontak (Emile Sontag) idi. Bu təşkilatın Təbrizdə və Salmasda şöbələri var idi. Urmiyada isə  papanın  nümayəndəsi müsyo Sontak idi. Bu təşkilatın maliyyə vəsaiti az idi. Ermənilər və aysorlar Urmiyadan qaçar­kən onlarla bərabər buradan çıxıb  getməyən təşkilat osmanlılar Urmiyaya gələndə tutuldular və müsyö Sontak öldürüldü. Rus missioner təşkilatı isə 1898-ci ildə Urmiyada qərargah açdı. Bu qərargahın açılışında rus konsulundan başqa bir rus ticarət şirkəti də iştirak edirdi. Rusiyadan gələn “ortodoks missionerlər də bacardıqları qədər xristianları silahlandırmağa və müsəlmanları qətliam etməyə təşviq edirdilər (6, s. 477).
Güney Azərbaycanın qərb bölgəsinə göndərilən missioner təşkilatlar və Qərblə Rusiyanın açılan diplomatik nümayəndəlikləri burada az sayda yaşayan erməni və aysorlardan ibarət xristianların təriqətini də dəyişirdilər. Belə ki, Rusiyanın missioner təşkilatı 1898-ci ildə Urmiyada qərargah açdıqdan dərhal sonra Urmiyada, daha sonra isə “Salmasda rus ruhanilər nestorianlardan və kəldanilərdən imzalar toplayaraq, onlara qorunmaları qarşılığında rus kilsəsinə bağlı olacaqlarına hazır olduqlarını bəyan etdirmişdilər. Elə bunun ardınca Sepərğan keşişi ortodoks oldu. Daha sonra isə 20000 nəfərdən çox Urmu və Salmas aysorları ortodoks oldular. Onların qədim məzhəbləri qədim Nestorian kilsəsi, Roma  katolik kilsəsi və Suryanı incili idi”. (5, s. 67).
“1823-cü ildə Rusiya tərəfinə keçən xristianlar içərisində keşişlər də var idi. 1889-cu ildə iki nəfər ortodoks keşiş Sepərğana gəldilər. Viktor Mixayiloviç və aysor keşişi Koilassore Şamun 10 min Gavlan aysoru tərəfindən qarşılandılar. Onlar kənd-kənd gəzərək rus kilsəsinə birləşmək üçün imza topladılar. İmza atar­kən heç kəs tərəddüd etmirdi. Missionerlərin səyləri nəticəsində 20 min aysor başqa təriqətlərdən əl çəkib ortodoks oldular. Alman Lüteran kilsəsinə mənsub olan bir aysor keşişi Almaniyaya göndərdiyi məktubda bunun bir siyasi hərəkət olduğunu bildirmiş və bölgədə rusların nüfuzunun artdığını qeyd etmişdir” (5, s. 67-68). Rus ortodoks missioner təşkilatına I Dünya müharibəsi zamanı əvvəl keşiş Serq (Serge) başçılıq edirdi. Lakin rus konsulu Nikitinlə ixtilafına görə keşiş Pimen onu əvəz etdi” (6, s. 477).
Xarici missionerlərin pul xərcləməsi erməni və aysorların təriqətlərini asanlıqla dəyişmələrinə səbəb olurdu. Belə ki, ruslar tərəfindən ortodoksluğu qəbul edən aysorların çoxu, daha sonra isə “amerikalıların səyi nəticəsində protestant təriqətini qəbul etdilər (2, s. 90)”. Rusiya, Fransa, Amerika tərəfindən aparılan təbliğat və xərclənən pullar Azərbaycanda yaşayan erməni və aysorlar arasında təriqəti pul, mənfəət qarşılığında dəyişdirilə bilən oyuncağa çevirmişdi (2, s. 90)”. Lakin elə həmin missionerlər təbliğat və pulla aysorlar və ermənilərin təriqətlərini dəyişib fərqliliklərə səbəb olsalar da, onlar üçün regionun sahibi olan müsəlman türk əhalisini və Osmanlı dövlətini ortaq düşmən kimi aşıladıqları üçün “təriqət fərqi aralarında birliyə heç bir maneə törətmirdi (2, s. 90)”.
Güney Azərbaycanın qərb bölgəsində törədilən soyqırımda ingilislərin rolunun başqaları (Rusiya və digər Qərb dövlətləri nəzərdə tutulur) ilə müqayisədə daha çox olmasına baxmayaraq, onlar Urmuda konsulluq və nümayəndəliyə malik olmamışlar. Güney Azərbaycanda “ingilislər Təbrizdən başqa heç yerdə konsulluğa malik deyildirlər. Onların burada casusluq və təbliğat işlərini daşnaklar və çox ehtimal ki, Amerika məktəblərinin məmurları həyata keçirirdilər. Əvvəlki dövrlərdə ingilislərin aysor və nəstorlar vasitəsilə Urmiya ətrafında törətmək istədikləri fitnəkarlıqlar (soyqırım nəzərdə tutulur) amerikalıların dini və mədəni fəaliyyətləri sayəsində irəliləyə bilmişdi” (2, s. 109)”.
Birinci Dünya müharibəsi başlayarkən Güney Azərbaycanın qərb bölgəsi xristian dövlətlərindən Rusiya, İngiltərə, Fransa və daha sonra ABŞ üçün münasib fəaliyyət zonasına çevrilmişdir. Hələ ondan əvvəl də adı çəkilən dövlətlər, törədəcəkləri fitnəkarlıq üçün hazırlıq görmüşdülər. Buna sübut olaraq İstanbuldakı səfir M. Girsə  ünvanlanan teleqramı xatırlatmaq yerinə düşərdi. “№ 298, III Siyasi şöbənin məsləhətçisi İstanbuldakı səfir M.Girsə, Teleqram № 2851, 23/10 sentyabr 1914-cü il, Ali Baş komandan və Qafqaz canişini ilə razılığa əsasən Türkiyə ilə müharibə olacağı təqdirdə ermənilərin, aysorların və kürdlərin üsyanını vaxtında hazırlamaq qəbul edilmişdir. Dəstələr Azərbaycandakı (Güney Azərbaycan nəzərdə tutulur - M.Q.) bizim konsulların və bizim oradakı dəstə rəislərinin nəzarəti altında fars administrasiyasından tamamilə gizli hazırlanmışdır. Tüfənglər hazırlanmışdır, lakin onlar yalnız lazım olduqda veriləcəkdir. Pulla maliyyələşdirməkdən ötrü kredit də vardır. Dəstələr fəal hərəkətə yalnız bizim icazəmizlə başlayacaqlar (7, s. 13).
Sizin admiral Edqarda olan teleqramınıza istinad edən nazir bu gün baş qərargahın rəisinə teleqram vurmuşdur. O, belə hesab edir ki, vəziyyət mürəkkəbləşdikdə vaxt itirmədən yuxarıda göstərilən tədbirləri hazırlamağa başlamaq lazımdır, lakin hələ vəziyyəti üsyan dərəcəsinə çatdırmağı məqsədəuyğun sayır.” (7, s. 13). Qeyd edilən dövlətlərin xristian və müttəfiq olmaları onların fəaliyyətlərinin də bir-birinə uyğun olmasına gətirib çıxarırdı. Həmin dövrdə adıçəkilən xristian dövlətləri tərəfindən Osmanlı əleyhinə qaldırılan cilo adlanan aysorlar da məğlub olub, başçıları ilə birlikdə 40 min (8, s. 343) nəfərə qədəri Urmiya, Salmas və Xoy bölgəsinə sığınmışdılar. Güney Azərbaycanın qərb bölgəsinə sığınan 40 min aysordan əlavə Urmiyanın ətraf kəndlərində və Urmiyada az və dağınıq şəkildə yaşayan ermənilərlə aysorlar da səfərbər edilmişdilər. Eyni zamanda, Azərbaycanın şimal hissəsində (Şimali Azərbaycan) qırğın törədib, Güneydə (Cənubi Azərbaycan) həmin prosesin davamına yardım üçün Qafqaz ərazisindən gələn və qaçaq adlanan ermənilər də regiona gəldilər.  Ona görə də, regionda xristian ordusunun formalaşdırılması üçün canlı qüvvə məsələsinin müəyyən dərəcədə reallaşdığını görən adıçəkilən xristian dövlətləri mənfur niyyətlərinin reallaşdırılması istiqamətində fəaliyyətlərini stimullaşdırdılar. Lakin həmin dövrdə Rusiyada 1917-ci il Oktyabr çevrilişi baş verdi. Rusiya regiondan geri çəkilməli oldu. Lakin onların silah-sursatı ermənilərə verildi. Lakin Rusiya konsulu Nikitin və bir çox rus zabiti xristian ordusunun təşkilatlandırılması üçün regionda qalmışdı. Onların birbaşa iştirakı, eləcə də Fransa, İngiltərə, ABŞ-ın maddi və s. yardımı ilə erməni-aysor silahlı qoşunu təşkil edildi.
Xristian qoşununun təşkili zamanı “1917-ci ilin payızında Fransaya aid Qafqaz dağ ambulansı Arxanjel (Arkhangel) yolu ilə Urmuya gəldi. Ona müsyö P. Kojel (P. Caujole) başçılıq edirdi. Bu ambulans yeni imkanlara malik və hər cəhətdən mükəmməl idi. Möhtərəm rəis tərəfindən yönəldilirdi. Fransanın kiçik koloniyası və ümumiyyətlə Fransa və ABŞ missionerləri, eləcə də Rusiya konsulluğundan ibarət antanta ölkələrinin koloniyalarının köməyinə vaxtında çatdı”(9, s. 228).
Missioner təşkilatlar Urmuda yüz ildən artıq müddətdə təbliğat apardıqdan sonra aysorların bir hissəsinin təriqətini katolik, bir hissəsinin təriqətini protestant, bir hissəsininkini isə ortodoks edə bilmişdilər. Yalnız az hissəsi öz təriqətlərinə, yəni nəstoriliyə inanırdılar. Urmiya xristianları hər cəhətdən missionerlərə bağlı idilər (4, s. 107). Missioner təşkilatları regionda olan aysorların təkcə təriqətini dəyişməmiş, həm də “aysor və ermənilərin bu davranışını yalnız Urmuda qalan xarici missionerlər olduqları illərdə tədricən onlara aşılamışlar (4, s. 87). Belə ki, xristianları təhrik edənlərdən və hətta müsəlman azərbaycanlılara qarşı silahlandıranlardan biri olan Çar Rusiyasının Urmiyadakı konsulu Nikitin Qərb missionerlərinin Urmiyada düşmənçilik toxumu səpmələri ilə bağlı yazır: “Missionerlərin fəaliyyətinin şahidi idim. Keşiş öz əməl və davranışında fədakarlıq göstərməli, Şərq ölkələrində dağınıq şəkildə yaşayan xristianların əxlaq səviyyəsini yüksək tutmalıdır. Bunların zahirən gördükləri işlər bu olmalıdır. Lakin, təəssüflə etiraf etməliyəm ki, burada keşişlər üzərinə düşən vəzifənin əksinə hərəkət edir, vicdan və ədalətdən uzaq əməllərdə konsulun da onları himayə etməsini tələb edirdilər. Himayələri altına aldıqları şəxslərdən qoşun dəstələri təşkil edirdilər. Əlbəttə dinlə siyasəti qarışdırmaq xoş nəticə ilə sonuclanmır. Mən təsdiq edirəm ki, bu keşişlər davamlı olaraq müsəlmanlarla xristianlar arasında çox dərin xəndək qazır və xristianlara fərq qoyurdular.” (9, s. 218) Göründüyü kimi, missioner təşkilatların müsəlman azərbaycanlılara qarşı düşmənçilik törətmələri o qədər kəskin şəkildə aparılırdı ki, hətta həmin ölkələrin xarici nümayəndəlikləri də məsələni etiraf etməyə məcbur olurdular. Halbuki, Rusiyanın Urmudakı konsulu Nikitinin özünün Güney Azərbaycandakı qanlı faciənin əsl səbəbkarlarından biri olması dövlət nümayəndələrinin rəsmi yazışmalarında da əks olunub. Belə ki, “Nikitin Urmuya konsul təyin ediləndən və ifrat dərəcədə regionun daxili işlərinə müdaxiləsi nəticəsində gərginliyin yaranmasından sonra İranın yerli dövlət rəsmiləri onun vəzifədən kənarlaşdırılması üçün ciddi fəaliyyətə keçdilər” (10, s. 29). Hələ 1915-ci ilin oktyabr ayında Azərbaycanda mərkəzi hakimiyyətin Təbrizdə yerləşən nümayəndəliyi tərəfindən Şərifəddövlə İran Xarici İşlər Nazirliyinə müraciət edib, onun kənarlaşdırılmasını tələb edir. Lakin ruslar hakim mövqedə dayandıqları üçün buna nail olmadılar. Bu müraciətlərdən sonra “İran Xarici İşlər Nazirliyi də tam şəkildə bilirdi ki, Urmiyanı bütün bu bədbəxtliklərdən qurtarmaq üçün Nikitinin vəzifəsindən kənarlaşdırmasından başqa yol yoxdur. Çünki o, bir neçə ay öncədən pis davranmağa başlamışdı. Bir tərəfdən, ermənilərə silah verib müsəlmanların canına salır, digər tərəfdən isə rus hərbi dəstələri ilə istədiyi hər işə müdaxilə edir, hətta dövlət məmurlarını yaxalayır”(10, s. 31). Rusiyanın Urmudakı konsulu öz əsərində Osmanlıdan gələn 40 min aysorun Azərbaycan türklərinə qarşı təşkilatlandırılıb silahlandırılmasına dair yazır: “İngiltərəli kapitan Qrasey (Gracey) Urmuya daxil oldu. Aysor xalqı ilə əlaqəyə girmək üçün orada böyük mitinq təşkil etdi. Aysorların rəhbərləri onun əməliyyat planını təsdiq etdilər. Qərar alındı ki, 250 nəfər rus ofiseri aysor ordusunu qurmaq üçün Urmuya göndərilsin... bu mitinqdə millətin (ciloların) nüfuzlu simalarından (B. Marşimon və s.) əlavə, cənab Sontak, amerikalı Dr. Şed (ABŞ-dan olan missioner və həmin dövrdə ABŞ-ın fəxri konsulu), fransalı Dr. Qujel və mən (Rusiya konsulu - H.S) kapitan Qrasinin əməliyyat planını xalis niyyətlə təsdiq etdik (8, s. 343)”.
Rusiyanın Urmudakı konsulu Nikitin xristian ordusunun yaradılması qərarının verilməsi ilə bağlı yazır: “Rusiyada Oktyabr çevrilişinin baş verməsi Urmiyada yerləşən Çar Rusiyasının qoşununda intizamsızlıq və üsyana səbəb oldu. Əməliyyatın onlar tərəfindən dayandırılması xristian cəbhəsinin narahatçılığına səbəb oldu və bir heyət 1917-ci ilin oktyabr ayında Tiflisə gedib dövlət rəsmilərindən onları himayə etmələrini tələb etdilər. Həmin heyətin daxil olmasından dərhal sonra Qafqaz qoşununun komandanı general Lebedinski mənə (Nikitinə) teleqramla xəbər verdi ki, Urmiyada xristian qoşununun təşkil edilməsi qərara alınıb (əlbəttə Antanta dövlətlərinin polkovnik Şardini (Chardigny), kapitan Març (March), mayor  Esteks və polkovnik Pik (Pyke) kimi hərbi attaşeləri də bu qərarla razıdırlar)... Dərhal üç fransız general təşkilatlandırma işlərinə başladılar. Lakin polkovnik Şardini Urmuda mənimlə görüşdə bildirdi ki, Fransa dövlətinin həmin yeni təşkilatla (erməni-aysorlardan ibarət xristian qoşunu) əməkdaşlığı müvəqqətidir. General Denstervil (Dunsterville) bu iki ölkənin (İran və Türkiyə) işlərinə müdaxilə etməlidir (9, s. 236)”
Erməni və aysorlardan ibarət xristian qoşununun yaradılması üçün Britaniya hökuməti maliyyə yardımını da nəzərə almışdı. Belə ki, həmin dövrdə “Həmədanda olan Britaniyanın maliyyə komissiyasının rəisi Mak Murey (Mac Murray) Urmiyada olan general Karpova aşağıdakı məzmunda teleqram göndərmiş: Təşkilat (qoşun) başlayan və hərbi dəyər müəyyən edilən kimi lazımi vəsait göndəriləcəkdir” (10, s. 237). Beləliklə “xristianlar Amerikanın Urmudakı keçmiş konsulu və amerikalı missioner mister Şed (Rever W.A. Shedd), eləcə də Çar Rusiyasının keçmiş konsulu müsyö B. Nikitin, fransalı sərkərdələr və digər xarici zabitlərin köməkliyi və işbirliyi ilə səfərbər oldular. Onların göstərişi ilə müsəlmanlara qarşı düşmənçilik gücləndi (1, s. 714)”.Nəticədə isə 1918-ci ilin ilk yarısında 200 min azərbaycanlı vəhşicəsinə soyqırıma məruz qaldı. Bəlkə də, Osmanlı qoşunu Güney Azərbaycana daxil olmasaydı, erməni və aysorlardan ibarət xristian qoşunu Güney Azərbaycanın qərb bölgəsində azərbaycanlıları tamamilə qırıb qurtarardı.

İstifadə olunmuş ədəbiyyat

1- سيد احمد كسروي «تاريخ 18 ساله آذربايجان » چاپ 5، نشر امیرکبیر ، تهران 1350،  919 ص.
2- آذربایجان در اوایل دوره پهلوی (براساس گزارش محرمانه سال 1927 به ارتش ترکیه)، ترجمه: دکتر توحید ملک زاده، 128 ص.

3-رحمت الله خان معتمدالوزاره، ارومیه در محاربه عالم سوز، به کوشش کاوه بیات، نشر پژوه شیرازه، تهران 1379، 585 ص.

4- محمد تمدن، اوضاع ایران در جنگ اول یا تاریخ رضائیه، انتشارات موسسه مطبوعاتی تمدن، 1350، اورمیه، 444 ص.

5- Tohid Məlikzadə Dilməqani, Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində - soyqırım, tərcümə edən: C. Mirzəyeva, Bakı çap evi nəşriyyatı, 2010, 260 s.

6- علی دهقان، سرزمین زرتشت رضائیه، انتشارات ابن سینا، چاپ اول 1348، 1017 ص.

7- Musa Qasımlı. “Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti III hissə”, Bakı: Adiloğlu nəşriyyatı, 2004, 530 s.

8- حسن انزلی، اورمیه در گذر زمان، چاپ دوم با بازبینی و افزودنی ها، انتشارات دستان، تهران 1384، 926 ص.

9- نیکتین ب. ایرانی که من شناخته ام، ترجمه و نگارش فره وشی، نشر معرفت، تهران 1941 م. 235 ص.

10- نامه های اورمیه، (اسناد و مکاتبات محمد صادق میرزا معزالدوله از  حکومت اورمیه، شوال 1333 تا ربیع الاول 1334 هجری قمری)، به کوشش کاوه بیات، نشر و پژوهش فروزان روز، تهران 1380، 229 ص.

09:09