Güney Azərbaycandan mollakratiya rejiminə arşı sərt təpki

 

Güney Azərbaycanın “Urmu Gölünü Canlandırma Mərkəzi” gölün canlandırılmamasında hökuməti günahlandırıb: “Hökumət Urmu Gölünün canlandırılması üçün lazımi büdcə vəsaitini təmin etmədiyinə görə öz öhdəliyinə əməl etməyib.”

 

Bu barədə Urmu Gölünü Canlandırma Mərkəzinin Planlaşdırma İşləri üzrə məsul şəxsi Məsud Təcrişi açıqlama veribdir. “Mən təkidlə deyə bilərəm ki, biz Urmu Gölündə yaranmış durumun sabitləşməsi ilə bağlı işləri uğurla başa vurduq, lakin canlandırma mərhələsində müvəffəq deyilik”- deyə o bildirib.

M.Təcrişi son illərdə Urmu Gölünə ayrılan büdcə vəsaiti ilə bağlı açıqlamasında onu da bəyan edib ki: “İlk öncə hər il Urmu Gölünü Canlandırma Mərkəzinə 2 milyard rial büdcə ayrılacağı barədə qərar verilmişdir. Bu məbləğ ötən il 800 milyona endirildi, sonralar isə yalnız 300 milyonunu ala bildik. Cari ildə də eyni vəziyyət yaşanır. Bu il Mərkəzə 2 milyard məbləğdən yalnız 200 milyonu ayrıldı. Əslində hökumət ildən Mərkəzə borclu idi. Ona görə də demək olar ki, bu il Urmu Gölünü Canlandırma Mərkəzinə büdcə vəsaiti ümumiyyətlə ayrılmayıb.”

Gölün canlandırılmamasını “İcra prosesi və büdcə vəsaiti” ilə əlaqələndirən M.Təcrişinin sözlərinə görə, Urmu Gölü üçün büdcə vəsaiti İqtisadiyyat Nazirliyi və Büdcə və Planlaşdırma Təşkilatı tərəfindən təmin olunmalıdır.

Qeyd edək ki, bir çox yerli idarələr, o cümlədən Güney Azərbaycan millət vəkilləri Urmu Gölünün canlandırılması prosesinin qarşısında duran problemlərlə bağlı hökuməti yetəri qədər büdcə vəsaiti ayırmamaqda ittiham etməklə yanaşı, Urmu Gölünü Canlandırma Mərkəzini də vəsaitin xərclənməsi ilə bağlı şəffaflığı təmin etməməkdə günahlandırır. Təbriz, Azərşəhr və Üskünün parlamentindəki millət vəkili Əhməd Əlirza Beygi çıxışlarının birində Urmu Gölünü Canlandırma Mərkəzini gölə ayrılan vəsaiti başqa yerlərdə xərcləməkdə ittiham etmişdir.

“Urmu Gölünü Canlandırma Mərkəzi gölə ayrılan büdcə vəsaiti ilə bağlı şəffaflığı təmin etmək məqsədi ilə heç bir hesabat vermir. Ona görə də biz millət vəkilləri olaraq vəsaitin hara xərcləndiyini bilmirik. Müşahidələr isə göstərir ki, Urmu Gölünə ayrılan vəsait gölə su əlavə etmədi, lakin Canlandırma Mərkəzində çoxlarına çörək gətirdi”- deyə millət vəkili bildirmişdir.

Xudaferin.eu

Güney Azərbaycan, "Urmu Bürosu"

 

10:18