Güney Azərbaycanda milli fəallara qarşı basqılar davam edir

 

Muğanda daha bir milli fəala qarşı ittiham irəli sürülüb

Son vaxtlar milli fəallara qarşı kütləvi məhkəmələr ilə gündəmdə olan Güney Azərbaycanın  Əhər şəhərində daha bir fəalın mühakimə prosesi başladılıb. Əhər məhkəməsi Məhəmməd Zareini “rejimə qarşı təbliğat fəalıiyyəti” göstərmək ittihamı ilə günahlandırır. Zarei keçən iyun ayında aclıq aksiyası keçirməkdə olan tanınmış fəal Siyamək Mirzayiyə dəstək bildirdiyi üçün bu ittihamla qarşılaşıb. O, həmin günlərdə üzərində Siyamək Mirzayiyə dəstək məzmunlu sözlər yazılmış bir plakat nümayiş etdirmişdi. Yayılan məlumata görə, mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılan Zareinin məhkəmə prosesi davam edəcək. Bu yaxınlarda 2014-cü ildən bəri müxtəlif tədbirlər və mitinqlərə qatılan təqribən 40 fəalın mühakimə prosesi kütləvi şəkildə Əhər məhkəməsində başladılıb.

Məhkəmə fevral 2014 Dünya Ana Dili Günündə tutulanlar və oktyabr 2015-də keçirilən “anti-irqçilik” etirazlarında tutulanlar ilə bağlı dosyeləri birləşdirib. Son illər uyğur türklərinə dəstək aksiyalarında iştirak edən fəalların da işinə Əhər məhkəməsində baxılır.

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”

16:46