Güney Azərbaycanda çağdaş ədəbiyyatın durumu

A: Nəsr

Güney Azərbaycanda və İranda modern üslubda yaranan ədəbi janrlar  Mirzə Fətəli Axundzadənin Azərbaycan türkcəsindən farscaya tərcümə olunan hekayələri ilə başlandı. Onun ''Aldanmış Kəvakib'' və ''Yusif Sərrac Hekayəti'' adlı romanları 19-cu yüzilin ortalarında Mirza Cəfər Qaracadağlı tərəfindən tərcümə olunan bu əsərlər  Güney Azərbaycan  ədəbiyyatının inkişafına böyük təsiri olmuşdur. Bunun ardınca  Zeynəlabdin Marağalı ''İbrahim Bəyin səyahətnaməsi”, Əbdül Rəhim Talıbın ''Möhsünün məsləki'' və ''Əhməd Səfi Talibin kitabı'' əsərləri meydana gəlmişdir. Bu əsərlər İranda yeni hekayə janrının tarixi təməlini qoymuşdur. Güney Azərbaycanda çağdaş nəsr Məşrutə İnqilabı dövründə güniş vüsət almışdır.  Məşrutə dönəmində Təbriz və Azərbaycanda nəsr yazanlar çox  az olsa da, o dövrdə bu əsərlər əsasən siyasi dərgi və qəzetlər çap olunurdu. Bu sırada ən önəmli hesab olunan  Cəlil Məmmədquluzadənin ''Molla Nəsrəddən'' dərgisidir. Mirzə Cəlil bundan əlavə kənd həyatından bəhs edən ''Xanın Təsbehi'' adlı ilk hekayəsini çap etdi. Bu əsər İranda əksər yazarların yaradıcılığına çox böyük təsir etdi. Müəllif bu hekayədə Azərbaycan kəndlilərinin xanların zülmündən cana doyduqları və xurafat içində yaşadıqlarını təsvir edibdir. Əsərin məzmunu uzun illər oxucular tərəfindən sevilibdir. “Molla Nəsrəddin” dərgisindən sonra Əhməd Bəsirət ''Molla Əmi'' adlı türk dilində başqa bir dərgi buraxdı. O, bundan əlavə ''Heyvanların Mürafəsi'' adlı 110 səhifəlik bir kitab da çap etdi. Burada heyvanların dililə insanların xarakterini ortaya qoyulmuşdur. İki il sonra Mirzə Həsən Rüşdiyyə kiçik hekayələrdən ibarət ''Əmsali Loğman'' kitabını nəşr etdirdi. Əsər Təbriz ləhcəsində yazılmışdır. Qeyd etdiyimiz kimi bu əsərlər elmi mənbələrdə Güney Azərbaycanda çağdaş nəsrin təməli hesab olunur. Bu realist əsərlər fars dilində yazan digər türk yazarlarımızın da yaradıcılığına təsir göstərib. 1950-1975-ci illərdə  Güney Azərbaycanda dünya şöhrətli əsərlər yarandı. Bu dövrdə 1961-ci ildə Təbrizin görkəmli yazıçısı Qulamhüseyn Saedi ''Bəyəl Əzalıları'' adlı kitabını yayımladı və beləliklə dünyanın ən adlım hekayə əsərlərinin birinə imza atdı. Bu əsər Azərbaycanın kənd həyatından bəhs etsə də, dünyanın ən adlım hekayələri kimi tanınmaqdadır. Bu dövrdə Səməd Behrənginin ''Balaca Qara Balıq'' adlı əsəri də dünya şöhrətli bir əsər kimi ortaya çıxdı. Bəhrənginin hekayələri xüsusilə uşaqlar və yeniyetmələrin arasında məşhurlaşdı. Mütəxəssislər Behrəngini bu hekayələrinə görə onu İranda uşaq və yeniyetmələr üçün realist üslubda yazılan hekayə janrının banisi hesab edirlər.  Bizim çağdaş nəsrimiz demək olar hələ bu ğün də müstəqil deyil. Çünki, öz milli dilində böyük ədəbi əsərlər yazmaq olduqca çətindir. Öz ana dilində təhsili olmayan yazarlarımız daim bu problemi önə çəkmək zorundadırlar. Buna görə də Güney Azərbaycan ədəbiyyatında nəsr dilimiz ya Türkiyədən etgilənibdir, ya da Quzey Azərbaycandan. Hər hansı bir ədəbiyyatın formalaşması və inkişaf etməsi reallığı əks etdirməklə yanaşı, həm də ədəbi dil normalarına uyğun olmalıdır. Bu gün şairlərimizin ədəbi dil normalarını inkişaf etdirirlər. Bu çox yaxşı və uğurlu bir addımdır. Son zamanlar nəsrlə yazanlarımız da bu yöndə olduqca böyük çaba göstərirlər. Güney Azərbaycanda indi qlobal düşünüb milli dildə yaratmaq çox önəmlidir. Milli dilimizdə yaranan yeni ədəbiyyat dalğasının alt yapısı hazırlanmaqdadır. Bu olayı daha da gücləndirmək üçün tərcümə işinə diqqət yetirmək çox vacibdir. Yəni dünyanı öz dilimizdə oxumaq bizim üçün hava-su kimi gərəklidir. Çağdaş düşüncələri oxuyub öyrənmək və dünya bədii söz sənətinin əldə etdiyi uğurlardan faydalanmaq bu yolda dünyagörüşümüzü inkişaf etdirə bilər.

B: Şeir

19-cu əsrin başlanğıcından etibarən rus istilaları nəticəsində Azərbaycan ədəbiyyatı  iki qola ayrıldı. Bunlardan Quzey Azərbaycan ədəbiyyatı rus etgisi altında formalaşarkən, Güney Azərbaycan ədəbiyyatı da klassik çərçivə içində sönükləşib, bir təqlid ədəbiyyatı halını almışdır. Bu dönəmdə xalq ədəbiyyatı inkişaf etsə də, bədii nəsr dili bu prosesdən geri qalmışdır. Aşıq şeirinin yanında xalq dastanları, nağıllar, lətifələr, tapmacalar və bayatı kimi sözlü ədəbiyyat türləri üstün səviyyədə olmuşdur. Ancaq, bununla yanaşı klassik ədəbiyyat getdikcə zəifləmişdir. Klassik ədəbiyyat türlərindən  qəzəl və özəlliklə mərsiyənin Güney Azərbaycan ədəbiyyatında özəl yeri olmuşdur. Dilsuz, Raci, Purqəm, Şüayi, Ahi və Muqbil 19-cu yüzilin önəmli mərsiyə şairlərindən kimi tanınırlar. Güney Azərbaycanda yeni ədəbiyyatın ilk təmsilçiləri arasında Əbdül Rəhim Talıb, Zeynalabdin Marağalı və Mirzə Əli  Təbrizi öndə gedən şairlərdən olublar. 20-ci yüzilin  başlanğıcında Azərbaycan yazarları, fikir adamları, ictimai xadimləri gözlərini dünyaya çevirmiş, olub keçənlərin işığında gələcək ədəbiyyatımız və mədəniyyətimiz üçün zəmin hazırladılar. Xüsusilə Türkiyə mətbuatı ilə münasibətlər sonucunda dildəki yaxınlaşma ilə bərabər, ədəbi və siyasi münasibətlər də gəlişdi. Bu zaman Azərbaycanda ədəbi düşüncə Türkiyədəki ədəbiyyatla paralel şəkildə gəlişərkən, iki fərqli düşüncənin də etgisindən uzaq qalmamışdı. Bunların biri islamçılıq, digəri də sosial cərəyan olmuşdur. Bu dönəmin tanınmış simalarından Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, Əli Nəzmi və digərlərini göstərmək olar. 20-ci yüzilliyin başlanğıcında Güney Azərbaycan şairləri dünyada, özəlliklə çevrədə baş verən olaylardan etgilənib siyasal, toplumsal və realist ədəbiyyata maraq göstərərək bu prosesdən yararlanaraq gerçəkdən milli ədəbiyyatımızı yaradırdırlar. Deməli, bizim şeirimiz Məşrutə dönəmindən bu yana toplumsallaşmaqla yanaşı, çağdaşlaşıbdır. Güney Azərbaycanın yeni şeiri Həbib Sahirlə başlayıbdır. Həbib Sahir yeni şeirin ortaya çıxmasında ilk addımları atıb və cəsarətli şeirlər yazıbdır. O, 1914-cü ildə ''Kölgələr” adlı kitabını və 2 il ondan sonra 'Şəqayeq'' adli kitabını sərbəst şeirlər formasında yayımladı. Bu kitablarda həm məzmun yeni idi, həm də gerçəkci bir şairdir (sevgili göydə deyil, bəlkə yerdədir). Deməli Sahir şeiri göydən yerə endirdi. O, yeni sözləri, yeni qəlibdə söyləyib və bizim siyasi, satirik və həm də həmasi şeirimizi canlandırmaqda böyük addımlar atıbdır. O, keçmişə tənqidilə baxaraq, ənənəvi poetik düşüncələri dağıtmaqda ilk şairimizdir. Bu son 60 il sürəcində İranın çox şairlər fikir və düşüncə baxımından, həm də forma baxımından Sahirdən etgiləniblər. Yəni 20-ci əsrdə Güney Azərbaycan ədəbiyyatının böyük simalarından biri Həbib Sahir olubdur ki, Türk dünyasında da önəmli şairlərdən biri sayılır. İranda fars dili və ədəbiyyatı qarşısında Türkcə yazmaq uzun illər susdurularkən, son dönəmdə çağdaş türk ədəbiyyatının ən böyük şairi Şəhriyar yetişdi. Şəhriyarın yaradıcılıq dönəmlərindən yeni mərhələ 1950-72-ci illər hesab edilir. Bu illər ərzində  Türk dilində olan şeirləri sayəsində dünya şairi kimi tanındı. “Heydər Babaya salam”, “Türkün Dili”, “Məhəmməd Rahimə məktub”, “Səhəndiyyə” kimi möhtəşəm əsərlərini nəşr etdirərək milli ədəbiyyatımızın inkişafına çox böyük təkan verdi. Şəhriyar romantik və gerçəkci bir şairdir. O, şeirlərinin qonusunu gerçək həyatdan almış, xalqın anlaya biləcəyi sadə və doğal bir dildə ifadə etmişdir. Onun söz xəzinəsi geniş olduğu üçün, bədii deyimlərə də geniş yer ayırmışdır. Xalq ədəbiyyatındakı axıcı və sadə üslubu başarı ilə qullanmışdır. Şəhriyar, İranda fars dilindən fərqli olaraq öz ədəbi-bədii dəyərini, önəmini itirmək təhlükəsini yaşayan Türk dilini ''Heydər Babaya salam'' əsəri ilə əbədi olaraq ayağa qaldıraraq onun başını göylərə ucaltdı. Güney Azərbaycan şairlərindən biri də Bulud Qaraçorludur (Səhənd). O, Pəhləvi rejiminin boğuntusunda Dədə Qorqud dastanlarını ''Sazımın Sözü'' əsərində bütövlüklə nəzmə çəkmiş, bunun nədəni olaraq öz xalqına (türk millətinə) şərəfli keçmişini göstərmək, milli şüur və mənliklərinin böyüklüyünü ortaya qoymuşdur.  Toplam 6460 misra olan ''Sazımın sözü'' əsəri Türkiyə və Quzey Azərbaycanda da yayımlanmışdır. Bulud Qaraçorlu bu əsəri ilə türk dilinin gücünü isbat etməkdə çox başarılı olmuşdur. Onun başqa şeirlərində də Vətən sevgisi, özgürlük, milli haqlar yüksək bədii dillə ifadə olunmuşdur. Səhənd həm də Güney Azərbaycan çağdaş poezyasının inkişafında dərin etgi buraxıb və hətta Şəhriyarı belə öz ana dilində  yazmağa çağırırdı:

 
Bu gün mən Səhəndəm, sən Şəhriyarsan,
Gəl başın ucaldaq qoca Təbrizin. 
Bir kərə yadların daşını ataq,
Çəkək qayğısını öz elimizin...

Və elə bu çağrıya cavab olaraq Şəhriyar da ''Səhəndiyyə'' poemasını sırf Səhənd üçün yox, bütün Azərbaycana ithaf etdmişdir. Son 60-70 ildə Güney Azərbaycanda yazıb yaradan şairlərin əsərlərində siyasi motivlər çox inkişaf edibdir. Pəhləvi dönəmində yenə də mubarizə ilə yaşayıb yaradan şairlərdən biri də Əlirza Nabdil (Oxtay) olmuşdur. Onun yaradıcılığı qısa olsa da, əsərləri milli və bəşəri düşüncəmizin yaşam tərzinin inikasıdır. Oxtayın idrak dünyasında döyüş və sənət bir birindən ayrılmayan ünsürdür. Oxtay şeirlərində öz idealını bədii yüksək deyim və ifadə tərzində çox başarılı olmuşdur. Onun idealı və əsərlərinin əsas yönü İnsandır və bu ən yüksək dəyəri özgürlükdür. Oxtay özgürlüyə tərəf uzanan yolun yorulmaz və ümidlərin yolçusu olmuşdur:

Sazaq dan yerində bizi gözləyir,
Soyuq əllər ilə aça bilmərik.
Gələcək günlərin qızıl qapısın,
Soyuq əllər ilə çala bilmərik,
Günlərin sazında zəfər mahnısın...

Pəhləvi rejimi devrildikdən sonra, qaranlıq buludlar bir qədər yox oldu və Güney Azərbaycan şeirində yeni dönəm başlandı. Həmidə Rəiszadə (Səhər) xanımın ''Mavilər'' adlı şeir kitabı yayımlanmaqla bərabər, çağdaş ədəbiyyatımızda yeni atmosfer ortaya çıxdı və ana dilində ədəbiyyatımız yenidən canlandı. O, ''Mavilər'' kitabındakı şeirlərində fikir və duyğlarında tam dəyişik bir forma və canlı təsvir, təmsil və istiarələr ortaya qoymuş, dövrün çağdaş istək və çətinliklərinə toxunmaqla açıq-gizlin dərdlərini, ədəbi və bədii formada cəsarətlə açıqlaya bilibdir:

Gecədir!
Baxıram ay bacasından
Başqa bir mavi göyə
Orada da var
Elə bil
Gecə yurdun qana dönmüş dənizindən
neçə bir qəmli bulud- qanlı söyüd...
Gecədir!
Baxıram
ay bacasından
Başqa bir mavi göyə...

Güney Azərbaycanda indiki poeziya özünü fərqli formada göstərməkdədir. Bu gün şairlərin çoxu toplumsal olayları əks etdirməkdədirlər və Güneydə hakim olan maliyyə sıxıntılarından tutmuş, siyasi basqılar, kültürəl yürüşlər, toplumsal təhqirlər və genəldə narazılıq duyğusu və milliyyətçi düşüncələri şeirin dili ilə ifadə etməyə çaba göstərirlər. Son illər Güneydə Öyrənci Hərəkatı ortaya çıxdı və bu ortamda öyrəncilər dayanmadan fərqli nəşriyyələr yayımlamağa başladılar. Bu nəşriyyələrdə çox fərqli bir atmosfer irəliləməkdədir. Yəni bütün gənc yazıçılar, nə olursa olsun, tam türkcə yazmağa çaba göstərirlər. Halbuki bütün nəhv quruluşları farsca olmuş və bir sözlə, farsca düşünüb türkcə yazırdılar. Bu zaman gənclərin ədəbi yaradıcılığında xeyli qatmaqarışıqlıq da var idi. Onlar özəlliklə Anadolu türkcəsindən etgilənib, internet fəzasından yararlanmaqla bu qarışıqlıq daha da gücləndi. Yəni yazılı fəza öz təsdiqini tapmadan, onlar şifahi bir dünyanın ortasına atıldılar. Bu durum dayanmadan genişləndiyi, habelə qəzetlər və dərgilərin olmadığı üçün, kimsə bu olaya təpki göstərib, tənqid edə bilmədi. Amma bütün bunlara rəğmən buna anormal olaraq yanaşılmır. Çünki içində olduğumuz bu ortam maraqlı bir ortamdır və bu gediş inkişaf etdikcə, Güneydə böyük əsərlərin ortaya çıxmasına ümidlər də artır. Bu gün köhnə nəsil və gənc nəslin münasibətlərində bir birini bəyənməməzlik, qəbul etməzlik gözə çarpır. Yaşlı ədəbi nəsil hələ də kənd təsvirləri üzərində çaba göstərir. Bu da gənclər arasında narazılığa nədən olub. Onlar bu fəzadan uzaqlaşmağa çalışırlar. Yaşlı nəsil isə bu gün yaranan ədəbi əsərləri bəyənməyib tamamilə qəbul etmir. Beləliklə iki ədəbi nəsil arasında toqquşmalar da ortaya çıxıb. Əlbəttə bunu da nəzərə almalıyıq ki, ədəbiyyatın inkişafı belə toqquşmalardan asılıdır. Amma  bütün bunlara baxmayaraq gənc nəsil arasında bəzən klassik qəliblərdə də modern şeirlər yazılıb ortaya çıxır və çox maraqla qarşılanır. Örnək üçün Marağalı Barazdan bir qəzəl nümunəsi göstərmək olar:

Qabar - qabar ayağımda gülüm, tikan dadı var,
Və başmağım dolusu laxta - laxta qan dadı var.
Səhər ətirli bənövşə, köçüb qaranquşla,
Bu kefli, əyri buruq yolların ilan dadı var.
Məgər alaqlamamışdıq bu hərzə otları biz?
Nə oldu? Kəndimizin buğdasında xan dadı var.
Amandı qoyma ki, sönsün çıraq, gecə bürüsün
Qulaqlarımda, uşaqlıqdakı xoxan dadı var.                                                                                           

Şükür ki, çaydanımız qaynayır, şeir yazırıq, 
Şükür ki, gözlərinin indi mehriban dadı var.
Şəhər nə cür qazamatdır, küçə nə cür? Qalsın!
Tikanlı bağda çiçək bitməyin yaman dadı var...

Və yaxud Məsud İslami, yaşlı ədəbi nəsildən olmasına baxmayaraq sərbəst şeirə meyilli şairlərdəndir:

Bura da,
Bu şəhərin nəfəs yolu
Bu odadan keçir!
Hər zaman gecədir
Qapılar qapalı!
Öfkəniz tövşəyəndə
Məni unutmayın...  

İndi Güney Azərbaycanın çağdaş şeir durumunu belə xulasə etmək olar:
1- Bəziləri yalnız modern və avangard bir ədəbiyyatın inkişaf etməsini, bəziləri isə keçmişdəki ədəbiyyatı yenidən qavrayıb, yeni özəlliklər aşılamaqla çağdaşlaşdırmaq tərəfdarıdırlar.
2- Bəziləri ədəbiyyatı şeirdə xulasələndirir, bəziləri isə yalnız və yalnız nəsrdə.
3- Bu gün çağdaş ədəbiyyatımızda işlədilən dil sahəsində bəziləri Türkiyədəki yayğın Anadolu türkcəsini, bəziləri isə Quzey  Azərbaycandakı türkcəni, bəziləri isə ortaq türkcədə yazmağı müdafiə edirlər.
4- Çağdaş ədəbiyyatımızda, həm şeir, həm də nəsrdə olan əsas məzmunlar vətən, özgürlük, sürgünlük, ayrılıq, sevgi, həsrət və bu kimi məzmunlardır. Yazılan əsərlər,   özəlliklə şeirdə daha çox milli kimliyə dönüşməkdən və mutləq etirazdan söz açır.   Ədəbiyyatımızın daha da inkişaf etməsi üçün ədəbi tənqidçilərə çox ehtiyac var. Yəni gənc yazarların daha da güclənməsi üçün tənqidçinin olması çox önəmlidir. Çünki tənqidçi yazılan əsərlə oxucu arasında bir körpü kimi sayılmaqdadır və yaranan hər sənət  türü, özəlliklə ədəbi əsərlərin yeni uğurlarına yol açılmasına çox ehtiyac var. 

gunaz.tv

19:35