Güney Azərbaycan mühaciərti və milli mücadilə

 

Son iyirmi ildə Güney azərbaycanlıların ölkə daxilində və xaricdəki mübarizəsinin əsas qayəsi olan milli məsələ ən aktual ictimai problem səviyyəsinə qaldırılıb və milli konsolidasiyanı gücləndirib. Bu hərəkat dünyada demokratiya, insan haqları, qanunların aliliyi, bəşəri dəyərlərə sayğı və s. kimi əsas tələblərini ehtiva edən fəlsəfə üzərində qurulub. BMT Nizamnaməsində, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsinə, İnsan hüquqları haqqında 1970-ci il Bəyannaməsində, Helsinki Yekun Aktında, habelə BMT Beynəlxalq Məhkəməsinin bir sıra qərar və məsləhət xarakterli rəylərində öz əksini tapmışdır. Güney Azərbaycan Türkləri İran qanunvericiliyinə və ümumbəşəri qanunlara uyğun milli tələbləri məhz bu mübarizə sayəsində Güney Azərbaycan və İran çərçivəsindəki problem olmaqdan çıxıb və qlobal problemə çevrilib.

Azərbaycan mühacirətinin tarixi spesifik tarixdir və o heç bir xalqın mühacirəti ilə müqayisə oluna bilməz. Məsələyə XX əsri əhatə edən mühacirətin səbəbləri, dalğaları, sosial şərtləri prizmasından yanaşdıqda güneylilərin mühacirətində üç əsas dövrün olduğu aydın görünür: 1) XX əsrin 20-30-cu illərindəki dalğa; 2) II dünya müharibəsindən sonra başlayıb 1979-cu il İran İslam inqilabına qədər davam edən dalğa; 3) İnqilabdan sonrakı dalğa. Üçüncü mərhələ güneylilərin siyasi mühacirətinin ən yüksək zirvəsini təşkil edir. Həmin dalğa sosial tərkibinə görə çox rəngarəngdir. Bura gənclər, orta və yaşlı nəslin nümayəndələri, şəhərlilər, kəndlilər, təhsillilər, təhsilsizlər, siyasi cəhətdən fəal olanlar, siyasi mübarizəni uduzaraq hakimiyyətə gələ bilməyən sol fikirli inqilabçılar və islahatçılar, hakimiyyəti əlində saxlaya bilməyən iqtidar yönümlü və şahçı-mühafizəkarlar daxildir. Bu mərhələnin ən xarakterik xüsusiyyəti siyasi motivin aparıcı və daha qabarıq olması, passionar qüvvələrin çoxluğudur. Dil uğrunda ictimai-siyasi mübarizə problemini güneylilərin diaspor fəaliyyətinin əsas hissəsi hesab etmək olar. İndiyə qədər belə təsəvvür var idi ki, xaricdə ilk Azərbaycan milli təşkilatları Bakıdakı 1988-ci il meydan hərəkatının təsiri altında yaranıb (1, s.9). Avropada ilk Azərbaycan təşkilatları (özü də sırf milli dil, milli mədəniyyət, milli kimlik şüarları ilə) güneyli mühacirlər tərəfindən 80-ci illərin əvvəllərində qurulub. Sözügedən prosesin mərkəzi Almaniya idi. Güney Azərbaycan diasporunun milli zəmindəki fəaliyyətinin ən güclü olduğu ölkə Almaniya idi. Burada bir neçə faktorun rolu var. Birincisi, vurğuladığımız kəmiyyət (say) amilidir. İkincisi, ənənələr və indiyə qədərki təcrübə amilidir. İrandan olan mühacirlər bu ölkədə hələ XX əsrin 30-cu illərindən çoxsaylı, fəal və mütəşəkkil olublar. Üçüncüsü, parçalanmış ölkə olmaq təcrübəsini yaşamış Almaniyanın parçalanmış xalqın nümayəndələri olan azərbaycanlıların bu tipli təşəbbüslərinə aşkar-gizli rəğbətlə yanaşması amilidir. İkinci amildən danışsaq, deyə bilərik ki, Almaniyada hələ 70-ci illərdə də güneyli mühacirlərin yaratdığı, özü də zahirən sol baxışların çətiri altında, amma sırf milli məzmunda qurduğu Azərbaycan təşkilatları var idi. 60-70-ci illərdə Almaniyanın Qərbi Berlin, Hamburq, Köln, Hannover, Maynts universitetlərinin tələbə yataqxanalarında güneyli tələbələrin iştirakı ilə mütəmadi olaraq toplantılar və müzakirələr keçirilir, parçalanmış Azərbaycan, Güney Azərbaycanda dil və milli mədəniyyət məsələləri qızğın şəkildə müzakirə edilirdi. Güneylilər solçu siyasi baxışlardan çıxış edərək İran daxilində federasiya məsələsini qaldırırdılar. Amma zaman keçdikcə dil və mədəniyyət tələbləri açıq şəkil almağa başladı. İranlı Tələbələr Konfederasiyasının 1976-cı ildə Almaniyada keçirilmiş I konqresində güneyli tələbələrin təkidi ilə Azərbaycan Komitəsi yaradıldı. Bu qurumun milli-mədəni muxtariyyət tələbini açıq şəkildə qoyması mühacirətdəki güneyli mühacirlərin milli hüquqları uğrundakı mübarizəsinə yeni təkan verdi. Bunun nəticəsi özünü onların milli ideya ətrafında təşkilatlanmasının daha da güclənməsində göstərirdi. Bu dövrdə azərbaycançılıq məfkurəsinin nəticəsi kimi siyasi şüur milli şüuru üstələyirdi. Amma fakt budur ki, milli məsələ artıq onların fəaliyyətində özünə əhəmiyyətli yer tutmağa başlamışdı. 70-ci illərin sonlarına doğru Avropada adında “Azərbaycan” sözü olan ilk milli təşkilatlar yarandı. Onların ən fəalı 1977-ci ildə Qərbi Berlində yaradılan “Azərbaycan Ziyalılar Cəmiyyəti”, Hamburqda “Mütərəqqi İranlı Türk Ziyalıları Cəmiyyəti” idi. Beləliklə, Almaniyada təhsil alan güneylilərin 1977-ci ildə yaratdığı “Ərk”, “Birlik”, “Araz”, “Savalan”, “Nicat”, 1979-cu ildə qurlan “Yol”, “Milli Birlik” kimi birliklər əsasən milli məzmunlu fəaliyyətlə məşğul idilər (1, s.5).

Bu proses təkcə Almaniyada yox, Danimarka, İsveç, Avstriya, Fransa, Hollandiya və digər ölkələrdə də gedirdi. Beləliklə, İranda inqilaba qədər mühacir güneyli azərbaycanlılar ana dilinin statusunun yüksəldilməsi tələbi ilə çıxış edirdilər. Xaricdəki güneyli mühacirlərin təşkilatlanmasında ən güclü mərhələ 1983-1984-cü illərdən sonra başlanır. Bu dövr kütləvi təşkilatlanma dövrü idi və bunun konkret səbəbi var idi. İnqilabın qələbəsindən sonra yeni rejimə müxalif qüvvələrin nümayəndələri, İran-İraq müharibəsində iştirak etmək istəməyən gənclərin yeni qrupları xaricə mühacirət etməyə məcbur olmuş və Avropada, məsələn Almaniyada milli-mədəni maraqlar uğrunda mübarizə aparmaqla bu mühitin daha da genişlənməsi prosesi milli şüurun inkişafı üçün böyük bir təkan idi. Nəzərə almaq lazımdır ki, onlar ictimai mübarizə və inqilab təcrübəsindən keçmiş, siyasi cəhətdən hazırlıqlı, passionar bir qüvvə idi. Onlar mühacirətə özləri ilə təkcə kəmiyyət yox, həm də yeni keyfiyyət - yeni nəfəs və dinamika, milli məsələyə daha fərqli yanaşma metodu aparmışdılar. Bu, milli ideya ətrafında təşkilatlanmanın xeyli sürətlənməsinə səbəb oldu. Bu dövrdə dilə bağlılıq o qədər artmışdı ki, 1982-ci ildə onlar Berlində “Ana dili kursları” açmış və mühacirlərin böyük bir qrupu ora toplaşmışdı (2). 1983-cü ildən etibarən Köln, Bonn və Qərbi Berlində sırf milli mədəniyyət amili zəminində ilk toplantılar keçirən azərbaycanlılar milli haqlar uğrunda mübarizəni artıq dil kursları, mədəni-kütləvi tədbirlər kimi fəaliyyət formaları çərçivəsindən çıxarıb daha əhatəli təşkilatlar yaratdılar. Bonnda yaşayan fəal milli-demokratlardan Nurəddin Qərəvinin bu mübarizədəki rolu danılmazdır. O, 1984-cü ildə “Ana dili” adlı qəzetin əsasını qoymaqla mühacirlərin milli şüurunun artması istiqamətində xeyli iş görmüşdü. Bu qəzet bütün Avropa ölkələrində, ABŞ, Kanada, Quzey Azərbaycan, Türkiyə, İran, İraq və digər ölkələrdə yayılırdı. Yarandığı gündən müstəqil Azərbaycan idealını hədəf kimi seçsə də, qəzetin fəaliyyətində ana dili uğrunda mübarizə xüsusi yer tutur.(3) 1985-ci ildə Qərbi Berlində “Qaynarca” cəmiyyəti və eyniadlı qəzet, 1986-cı ildə vahid mərkəzdən idarə olunmaqla Bonn, Qərbi Berlin, Köln və Hannover şəhərlərində “Azərbaycan Kültür Ocağı” yarandı və təşkilatın “Savalan” adlı dərgisi nəşrə başladı (2). “Azərbaycan kültür ocağı” o qədər əhatəli və güclü bir təşkilat idi ki, bütün Avropadakı mühacirləri ətrafında toplaya bilmişdi. Hamı bu təşkilatı azərbaycançılıq ideyası zəminində mübarizənin, milli haqlar, dil, özgürlük uğrunda mücadilənin aparıcı qüvvəsi kimi qəbul edirdi.

1987-ci ildə ABŞ-dakı Güney azərbaycanlı mühacirlərin təşəbbüsü ilə yaradılmış “Azərbaycan Evi” (4, s.4) təşkilatı rəsmən qeydə alınmış və Amerikadakı “Azərbaycan Cəmiyyətləri”nin mərkəzi hesab olunurdu. Bu təşkilatlar hər cür klassik ideoloji çalarlardan uzaq idilər və sırf azərbaycançılıq məfkurəsinə söykənirdilər. Bu yöndə mədəni fəaliyyətlər uzun müddət aparıcı xətt oldu, həmin təşkilatlar öz dilində yazıb-oxumağı bilməyən, öz milli-mədəni irsinə azərbaycanlıların elementar milli-mədəni ehtiyaclarını ödəmək istəyindən doğulmuşdu. Quzey Azərbaycandakı 1988-ci il meydan hərəkatının təsiri altında bu proses daha da dərinləşdi. Güneyli mühacirlərin Quzey Azərbaycandakı ictimai-siyasi durumdan şaquli asılılıq vəziyyətinə düşməsi, məlum hadisələrin təsiri altında təşkilatlanması məhz bu vaxtdan müşahidə olunur. Xaricdə Azərbaycan təşkilatlarının yaranması prosesi xeyli intensivləşdi. 1988-ci ilin iyulunda Londonda “Azərbaycanlılar Komitəsi”nin əsası qoyuldu. Bu təşkilatın mətbu orqanı “Aydınlıq” qəzetinin məqsədi türk dilini, mədəniyyətini və tarixini təbliğ etmək idi. 1988-ci ildə Kanadanın Monreal şəhərində təsis olunan “Azərbaycan Mədəniyyət Mərkəzi”, Ontarioda (Kanada) fəaliyyətə başlayan “Azərbaycan İcmalar Assosiasiyası” burada yaşayan azərbaycanlıların birləşməsi, mədəni tədbirlər və informasiya təbliğatı işləri ilə məşğul olurdu (5). İsveçin Malmö şəhərində 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Kültür Ocağı”nın mətbu orqanı “Araz” dərgisi də bu missiyanı həyata keçirir, vahid, müstəqil Azərbaycan ideyasına söykənirdi. 1989-cu ilin fevralında Vaşinqtonda “Azərbaycan Mədəniyyət Ocağı” (mətbu orqanı “Dirilik” dərgisi) yaradılmışdı (3). 1989-cu ildə Norveçdə “Azərbaycan Mədəniyyət Mərkəzi” təsis edildi. Uzun onilliklər boyu çeşidli siyasi-ideoloji cərəyanların bölüb-parçaladığı, biri-biri ilə üz-üzə qoyduğu güneyli mühacirlər artıq ana dili, milli mədəniyyət və milli kimlik məsələlərinin yeganə birləşdirici faktor olduğu qənaətinə gəlmişdilər. Onlar milli özünüdərkə aparan yolun milli maarifçilikdən keçdiyini bilir, bu sahəyə diqqəti artırırdılar. Bu baxımdan 1989-cu ilin sentyabrında Danimarkada Almaniya, Norveç, Fransa, İsveç, Avstriya və İsveçrədə yaşayan güneyli milli ziyalıların iştirakı ilə keçirilən toplantının xüsusi əhəmiyyəti oldu. Bu toplantıda əsas müzakirə mövzusu mühacir güneylilər arasında milli mədəniyyəti və azərbaycançılıq şüurunu yaymaq məsələləri ilə bağlı idi. Qərara alınmışdı ki, ziyalılar güneyli mühacirləri bir araya gətirib onların Azərbaycan mədəniyyəti, dili və tarixi haqqında biliklərini artırmaqla fəaliyyətlərini genişləndirsinlər. 1989-cu ildən etibarən Almaniyada Azərbaycan mədəniyyəti həftələri keçirilir və Azərbaycan folklorunu öyrətmək üçün yeni mərkəzlər açılırdı (3). Hər il keçirilən Novruz bayramı şənlikləri, müntəzəm təşkil olunan milli musiqi, ədəbi-bədii gecələr milli ruhun oyanışında vacib rol oynayır, milli konsolidasiya prosesini sürətləndirirdi (6). Dil uğrunda mübarizədə Hamburqdakı (Almaniya) “Araz” cəmiyyətinin də xüsusi rolu vardı. Bu cəmiyyət sırf mədəni təşkilat kimi yaranmışdı. Amma orada birləşən güneyli milli-demokratlar burada kompakt şəkildə yaşayan, yetərincə fəal olan paniranist qüvvələrlə tez-tez polemikaya girir, onların Azərbaycanın milli varlığına qarşı yönələn mürtəce fəaliyyətinə qarşı çıxırdılar. Bu təşkilat bütün fəaliyyəti boyunca ana dili və milli mədəniyyətin xaricdəki azərbaycanlılar arasında qorunub saxlanması və təbliğ olunması uğrunda şərəfli mücadilə verdi (7). Araz” cəmiyyətinin türk dili ilə bağlı gördüyü ən parlaq işlərdən biri 1990-cı ildə Hamburq Universitetinin elmi kitabxanasında saxlanan və türk dilinə, mədəniyyətinə, tarix və ədəbiyyatına aid olan kitabların siyahısını çıxarıb ayrıca kataloq kimi çap etməsi və onu azərbaycanlılar arasında təmənnasız yayması idi. Məqsəd qürbətdəki güneyli mühacirlərin maariflənməsinə az da olsa töhfə vermək idi.

Güneyli mühacirlər türk dilinin funksionallığının artırılması, bu dilin paniranist çevrələrin iddia etdiyi kimi, “məişət və ya danışıq dili” yox, inkişaf etmiş elmi, ədəbi-mədəni və mətbu dili olmasının sübuta yetirilməsi yönündə də ciddi fəaliyyət göstərirdilər. 1989-1990-cı illərdən etibarən güneyli soydaşlarımız Avropanın iri şəhərlərində (Berlin, Hamburq, Münhen, Amsterdam, Strasburq, Paris, Vyana, Cenevrə, Stokholm, Malmö, Oslo və s.) yerli televiziya kanallarının imkanlarından yararlanaraq “Açıq kanal”da (“Offener kanal”) radio və televiziya verilişləri hazırlamağa başlamışdılar. Orada Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi və milli varlığı məsələlərindən bəhs olunurdu (8, s.79-81). 1990-cı ildə Berlində çıxan “Azər” qəzeti, həmin il bütün Avropa ölkələrində Almaniyadakı “Azərbaycan Kültür Ocağı”nın orqanı kimi yayılan “Ocaq-info” bülleteni, güneyli milli qüvvələrin mühacirətdəki şovinist-paniranist dairələrlə ideoloji savaş aparmaq, Azərbaycan milli məsələsini iranlı mühacir kütləsi arasında bir daha qaldırmaq məqsədilə 1991-ci ildə Kölndə fars dilində nəşr etdiyi “Girdəmiz” (“Dəyirmi masa”) dərgisi, 1993-1994-cü illərdə Kölndə (latın qrafikası ilə) nəşr olunan “Bayquş” ədəbi-ictimai dərgisi, 1993-cü ildə Bonnda nəşr edilən “Atorpat” dərgisi, 1994-cü ildə Kassel şəhərində dərc olunan “Azərbaycan” qəzeti, 1995-ci ildə hər ikisi Kölndə olmaqla nəşrə başlayan “Ulus” və “Azərbaycan səsi” qəzetləri və digər nəşrlərin fəaliyyətinin qayəsi milli haqlar və ana dili uğrunda mübarizə idi (7). Mədəni tədbirlər çərçivəsində atılan növbəti mühüm addım I Millətlərarası Azərbaycan Türk Dərnəkləri Qurultayında (3-6 noyabr, 1990-cı il, İstanbul) qəbul olunmuş qətnaməsi əsasında Dünya Azərbaycan Türk Dərnəkləri Birliyi (DATDB) təsis olunması idi. Tədbirdə Güney Azərbaycandakı vəziyyət geniş şərh edilmiş, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların əlaqələrini asanlaşdırmaq üçün vahid əlifbanın yaradılması ideyası irəli sürülmüşdü. (9; s.3)

Bu dövrdə Avropa və Amerika ölkələrində 120-dən çox yeni milli mədəniyyət mərkəzləri və həmrəylik cəmiyyətləri formalaşmışdı. Onların yarısı qısa müddətdən sonra fəaliyyətini dayandırsa da, bu faktın özü təşkilatlanma prosesinin miqyası barədə müəyyən təsəvvür yaradır. Təşkilatlanmanın sonrakı mərhələsi çoxsaylı müxtəlif yönümlü və potensiallı təşkilatların vahid mərkəz ətrafında birləşməsinə meylin artması ilə səciyyələnir. Avropadakı Azərbaycan milli mədəniyyət mərkəzləri arasında işbirliyi və əməkdaşlıq yaradılması məsələsi müxtəlif vaxtlarda və səviyyələrdə dəfələrlə qaldırılmışdı. Bu ideya Avropadakı güneyli demokratik qüvvələrin daha qabaqcıl dəstəsi, xüsusilə də “Azərbaycan Kültür Ocağı”nın Fransa və Almaniyadakı qurucuları və fəallarının arasında hələ 80-ci illərin sonlarından dolaşmaqda idi. İdeyanın reallaşdırılması 1997-ci il, mayın 11-də Bonnda keçirilən növbəti toplantıyadək ləngidi. Qeyd olunan qurumların milli məsələnin həllinə münasibəti, araşdırılan zaman bölümündə Quzey və Güney Azərbaycandakı ictimai-siyasi proseslərdən asılı olaraq tez-tez dəyişməsi müşahidə olunurdu. Türk dili məsələsinin qabardılması mühacirətdəki güneyli milli-demokratların fəaliyyətində bəzən digər problemlərin fonunda aktual məsələ kimi dayanmır, arxa plana keçir, bəzən də bu məsələyə ən aktual bir mövzu kimi qayıdılırdı.

XX əsrin 90-cı illərində ABŞ-ın Los-Ancels şəhərində “Azərbaycan”, “Əlifba”, “Beynəlxalq Azərbaycan”, Vaşinqtonda “Reform”, “Dirilik”, “The turkish world”, Sietldə “Babilon Azerbaijan” və Kanadanın Montreal şəhərində “İldırım” dərgisi (1998), Torontoda “Qurtuluş” dərgisi (1996), 1995-ci ildən etibarən Almaniyanın Köln şəhərində nəşr olunan “Ulus” qəzeti və s. dərgilər yayımlanırdı. Bu mətbuat orqanları 1990-cı illərin sonlarından güclənməyə başlayan milli oyanış hərəkatı, buna qarşı çıxan fars şovinizmi ilə qanlı toqquşmalar haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır, əsasən müstəqillik uğrunda mübarizə aparırdılar.

1996-cı il, aprelin 27-də BMT İnsan Hüquqları Komissiyası İranda insan hüquqlarının pozulmasını pisləyən qətnamədə (16) burada insan hüquqlarına dair vəziyyət ətraflı şəkildə təsvir olunsa da millətlərin hüquqlarının pozulmasına diqqət yetirilməməsi təəccüb doğurur. Belə nəticəyə gəlmək olar ki, Güney Azərbaycanda, İranda və xaricdə fəaliyyət göstərən milli təşkilatlar hələ tam olaraq dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini Güney Azərbaycan məsələsinə kifayət qədər cəlb edə bilməmişdi. Bu məsələ beynəlxalq təşkilatların gündəliyində əsasən 90-cı illərin sonu, 2000-ci ilin əvvələrindən yer almağa başladı. 1997-ci ildə İranda hakimiyyət qanadları arasındakı ziddiyyətlərə görə siyasi, mədəni fəaliyyətin nisbətən genişlənməsinə səbəb oldu. Güney Azərbaycandakı milli hərəkatın (petisiyalar mərhələsi) təsiri ilə ölkədən kənarda fəaliyyyət göstərən çoxsaylı ictimai-siyasi, milli-mədəni təşkilatlar fəaliyyətlərini genişləndirərək Azərbaycan həqiqətlərini birbaşa dünya ictimaiyyətinə çatdırırdılar. 1996-cı ildə İranda baş verən etiraz aksiyaları ilə bağlı 1996-cı il, aprelin 1-də Azərbaycan Kültür Ocağı (Bonn), mayda isə Təbriz Müdafiə Komitəsi (Berlin), Azərbaycan Kültür Ocağı (Berlin), Azərbaycan-Alman Kültür Cəmiyyəti, Azərbaycan-Alman Akademiklər Cəmiyyəti (15), 1996-cı il mayın 3-də Azərbaycan Qurtuluş Təşkilatı - Avropa Komitəsi, Azərbaycan Milli Hərəkatı, Vahid Müstəqil Azərbaycan Cəbhəsi, Azərbaycan İstiqlal Şurası, Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı, İsveçdə yaşayan güneyli mühacirlər iyunun 5-də, Mühacirətdə olan Milli Müqavimət Şurası bir sıra beynəlxalq təşkilatlara göndərdikləri bəyanatda, İranda Güney Azərbaycan xalqını öz ana dilindən, mədəniyyətindən, bir sözlə, milli kimliyindən məhrum edən İran dövlətinin daha ciddi və qeyri-insani tədbirlərə əl ataraq İran məclisinə seçkilərdə azərbaycanlıların milli məsələlər və ana dili ilə bağlı problemlərini qaldıran namizədləri müxtəlif yollar və hədələrlə kənarlaşdırması, onların təbliğatçılarını, müdafiəçilərini və bir çox ziyalıları həbs etdiyini qeyd etmişdilər.(16)

Növbəti illərdə də oxşar müraciətlərin beynəlxalq təşkilatlara göndərilməsi davam etdi. 1997-ci ilin dekabrında Almaniyadakı azərbaycanlı tələbələr (17, s.5) və DünAzHaqq BMT-nin baş katibi Kofi Annana (18), 2001-ci ildə yenə də DünAzHaqq “Amnesty İnternational” beynəlxalq təşkilatının Orta Şərq üzrə nümayəndəsi D.Dik və Harrisona müraciətlər etmişdilər (19). Bu müraciətlər konkret nəticə verməsə də Avropada yaşayan azərbaycanlıların vahid məqsəd uğrunda birləşməsinin əyani sübutu idi. 1997-ci ili Güney Azərbaycan diasporu üçün müəyyən dərəcədə canlanma ili adlandırmaq olar. 1997-ci il, iyunun 27-dən 29-dək Amerikada yaşayan Güneyli fəallar ilk dəfə bir araya gələrək ümummilli tədbir - Dünya Azərbaycanlıları Konqresini keçirdilər (20, s.23). Bu tədbir mühacirətdəki mütərəqqi milli qüvvələrin böyük bir hissəsini öz ətrafında toplayaraq hər cür məhdud ideoloji-nəzəri ixtilafların, siyasi fikir ayrılıqların fövqünə yüksələ bildi. DAK öz sıralarında milli məsələnin həllinə ən müxtəlif yanaşma və baxışları olan soydaşlarımızı birləşdirirdi. Burada gələcəkdə çoxluğun hakimiyyəti ələ alması ilə İranı bir türk dövlətinə çevirmək ideyası, İranın sərhədləri daxilində Azərbaycana muxtariyyət verilməsi və nəhayət, Azərbaycanın müstəqil olması və Quzey Azərbaycanla birləşməsi ideyasının tərəfdarları (21) var idi. Əslində bu, normal siyasi polemikadır. Əgər 40 milyonluq bir xalq öz birliyini dərk edib bir araya gəlirsə və hamı üçün ümumi olan problem müzakirə predmetinə çevrilirsə, orada mütləq fikir plüralizminə üstünlük verilməlidir (2, s.4). 1998-ci il, mayın 30-31-də ABŞ-ın paytaxtı Vaşinqtonda DAK-ın II qurultayı keçirildi. Qurultayda İranda insan hüquqlarının pozulması, orada yaşayan 30 milyonluq Azərbaycan türkünün haqqının tapdalanması haqqında etiraz bəyanatı qəbul olundu. Güney Azərbaycan haqqında qəbul edilən qətnamədə ana dilinin qorunması ilə bağlı müddəalar əks edilirdi (22, s.107). Burada qaldırılan məsələlər I Qurultayda irəli sürülən məsələlərdən fərqlənməsə də daha konkret və aydın qoyulmuşdu. Bu təşəbbüslər sonralar daha ardıcıl şəkildə davam etdirildi. Belə ki, DAK-ın III Qurultayında (3-5 oktyabr 1999-cu il, Köln), IV Qurultayında (21-22 oktyabr 2000-ci il, Strasburq), V Qurultayında (10-12 avqust 2001-ci il, Malmö) da İranda türk dili və hakim rejimin assimilyasiya siyasəti ilə bağlı məsələlər qaldırılırdı. Bunula yanaşı, Azərbaycan problemlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə informasiya sisteminin qurulması, fars şovinizminin qurbanı olan şəxslərin, təşkilatların, mətbuat orqanların qarşılaşdığı problemlərin beynəlxalq təşkilatlara çatdırılması, onların haqlarının müdafiə edilməsi, bölünən millət məsələsinin BMT səviyyəsinə qaldırılması müzakirə mövzusu olmuşdu (23). Qurultaylarda Güney Azərbaycanda insan haqlarının pozulması ilə bağlı bəyanat və müraciətlər qəbul edilərək BMT-nin baş katibinə və BMT-nin Təhlükəsizlik Şurasına göndərilmişdi (24). Güneyli mühacirlərin təxminən hər il toplandığı bu forumlar məsələyə hətta minimal effekt baxımından yanaşdıqda belə uğurlu, faydalı sayılmalıdır. Burada məsələnin müsbət tərəflərindən biri də ondadır ki, konqresin işində çeşidli təbəqələri təmsil edən, fərqli görüşlərin daşıyıcısı olan azərbaycanlılar, özü də həm güneylilər, həm quzeylilər, eləcə də Türkiyə azərbaycanlıları iştirak edərək onların hamısı üçün əslində eyni dərəcədə aktual məsələlər barədə fikir mübadiləsi apardılar. Müsbətə doğru belə dönüş mühacirətdəki azərbaycanlıların milli şüur səviyyəsinin yüksəlişinin göstəricisi idi. Bütün bunlar onu deməyə əsas verir ki, azərbaycançılıq məsələsi əvvəllərdə olduğu kimi yalnız Güneyin elementar milli-mədəni hüquqları problemi səviyyəsində deyil, artıq qlobal, köklü milli-siyasi maraqlar problemi kimi qoyulmağa başlamışdır. DAK-ın nümayəndələri ABŞ Dövlət Departamentinin İran üzrə mütəxəssisi Coanna Levinson ilə görüşdə, 2002-ci ilin sentyabrında BMT-nin baş katibi Kоffi Annana müraciətində İranda insan haqlarına dair vəziyyət, Tehran rejiminin qədim Azərbaycan abidələrini qəsdən dağıtması, coğrafi adları dəyişməsi, dərsliklərə Azərbaycan qəhrəmanlarının və tarixi şəxsiyyətlərinin adlarının salınmasını qadağan etməsi, həmçinin azərbaycanlıların hüquqlarını müdafiə etmək üçün ictimai-siyasi təşkilatların yaradılmasına məhdudiyyət qoyması barədə faktlar açıqlanıb, 30 milyonluq Azərbaycan türkünün dilinin və mədəniyyətinin assimilyasiya qarşısında olduğu vurğulanır, BMT-nin müvafiq orqanlarının bu haqda qətnamə çıxarması xahiş edilirdi (24). Eyni məzmunlu müraciətlər Beynəlxalq Amnistiya Təşkilatına və başqa qurumlara da göndərilmişdi. 2002-ci ilin sentyabrında ABŞ hökuməti çanaq anten vasitəsilə İran üçün fars dilində 24 saat yayımlanacaq televiziya açdı. DAK İrana yayımlanacaq televiziyada Azərbaycan türkcəsində verilişlər olması barədə ABŞ prezidentinə, Konqresə və “Azadlıq” radiosunun rəhbəri Tomas Tayana müraciət etdi. Müraciətdə bildirilirdi ki, “İranda 35 milyon türkün yaşamasına baxmayaraq gündə 2 saat yayımlanan türk diliindəki verilişlər əslində dilimizin assimilyasiyasına xidmət edir” (25, s.9).

1998-ci il, noyabrın 20-21-də Berlində “Əsrin astanasında Güney Azərbaycan” mövzusunda elmi seminar keçirilmişdir. Müxtəlif siyasi baxışlara malik olan mühacirlər bu tədbirdə Güney Azərbaycanın tarixi, bu günü və gələcəyi barədə elmi fikir mübadiləsi apardılar (22; s.291-292). Beləliklə, bu mübarizənin nəticəsi kimi Güney Azərbaycan məsələsi dünya siyasətinin gündəminə çıxarıldı. 2002-ci il, fevralın 2-də ABŞ dövlət Departamentinin Dünya üzrə insan haqlarının vəziyyətinə dair illik hesabatında İranda yaşayan azərbaycanlıların milli-mədəni hüquqlarının pozulması faktı öz əksini tapdı (27). Bu fakt ABŞ-ın Güney Azərbaycan məsələsinə müəyyən qədər diqqət yetirdiyinə dəlalət edir. ABŞ-ın Güney Azərbaycana maraq göstərməsi onun İran daxilində Azərbaycanın bu tarixi funksiyasını qəbul etdiyini açıq-aşkar sübut edir. (28, s.5).

2002-ci ildə digər mühüm hadisə Güney Azərbaycan məsələsinin BMT-də qaldırılması idi. İnsan Haqları Komissiyasının 50-ci sessiyasında İran üzrə məruzəçi Moris Koptorn öz çıxışında bildirmişdi: “İranda türk dilinə sayğısızlıq, Azərbaycan mədəniyyətinin assimilyasiyası baş verir... Bu gün azərbaycanlı ziyalıların nümayəndələri mərkəzi hakimiyyəti mədəni hüquqlar uğrunda mübarizə aparanların təqib olunmasında, azərbaycanlı adı qoyulmuş uşaqların qeydiyyatının yasaq edilməsində, azərbaycanlıların türk köçərilərinin təsiri altında öz dilini dəyişmiş etnik farslar olması barədə təbliğatda ittiham edir” (29).

Yeganə Hacıyeva

AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçi
 

 

İstifadə olunmuş ədəbiyyat

1. Cəfərov F. “Diasporumuz haqqında nə bilirik”, “Azadlıq” qəzeti 4.8.1997.

2. Cəfərli F. “Nikbinliyə əsas var”, “Azadlıq” qəzeti 1.10.1997

3. “Ana dili” qəzeti, 6.7.1989

4. “Azərbaycan” qəzeti, 14.10.1992

5. http:günaskam.com

6. “Atürpat” jurnalı, Bon№2 1993

7. “Savalan” jurnalı, №2 1988

8. “İraner in Berlin”, Berlin 1994

9. Tahirli A. “Azərbaycan Mədəniyyət Mərkəzinin Birinci Beynəlxalq Qurultayı”, “Odlar Yurdu” qəzeti noyabr 1990

10. “Turan” informasiya agentliyi, 29.10.2002; 23.12.2002; 27.01.2003

11. “Mühacir” qəzeti, №134 1994.

12. Bərəhani R. “Pişəvəri böyük bir nümunədir”, Bakı-Təbriz dərgisi №3 2006.

13. “Azadlıq” qəzeti, 19.12.1995

14. “Ana dili” qəzeti, 4.2.1991; 6.6.1991; 7.10.1995

15. “Ana dili” qəzeti, 15.5.1996

16. “Azadlıq” radiosu materiaları 2.5.1996

17. “Ulus” qəzeti, 18 noyabr 1997

18. “Azadlıq” qəzeti, 19-21 fevral 2000

19. “Müsavat” qəzeti, 25.1.2001.

20. Kazımoğlu K. “Dirçəliş məqamı” “Azadlıq” qəzeti, 2.7.1997

21. “Ana dili” qəzeti, 6.7.1997

22. Arzumanlı V. Azərbaycan Diasporu. Bakı 2001.

23. “Ana dili” qəzeti, 19.11.2000, 22.11.2001

24. “Müsavat” qəzeti, 24.9.2002

25. “Ayna” qəzeti, 6.9.2002

26. “Ana dili” qəzeti, 20.1.2002

27. “Müsavat” qəzeti, 9.3.2002

28. “Müsavat” qəzeti, 6.6.2003

29. “Turan” informasiya agentliyi 16.4.2002

 

13:50