Güney Azərbaycan milli fəalı “pantürkizm”lə ittiham edildi, 10 il həbsə və 2 il sürgünə məhkum olundu

Keçən ilin iyul ayının 24-də Güney Azərbaycanının Muğan bölgəsindəki iş yerində İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb hazırda Tehranın “Evin Həbsxanası”nda saxlanılan milli fəal Siyamək Mirzayi 10 il həbs və 2 il sürgündə yaşamaq cəzasına məhkum edilib.

Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatının fəalı Siyamək Mirzayi Tehran vilayəti Baharistan şəhərinin İnqilab Məhkəməsində mühakimə olunub. İttihamda iddia edilib ki, tanınmış fəal “2006-cı ildə pantürkist mahiyyətli fəaliyyətlərini davam etməyəcəyinə dair söz versə də, bu növ fəaliyyətlərə davam edib.”
Məhkəmə milli fəalın evində tapılan kitablar və kitabçaların isə məhv edilməsinə dair hökm verib. Hökmə görə, milli fəalın Tehran vilayətində çəkəcəyi 10 il həbs müddəti bitdikdən sonra, o, 2 il sürgündə yaşamaq cəzasını çəkmək üçün Güney Xorasan vilayətinin Təbəs şəhərinə göndəriləcək. Məhkəmə milli fəalın evində tapılan kitabların məhv edilməsinə dair hökm verib.
Onu da qeyd edək ki, Siyamək Mirzayi 2015-ci ilin fevral ayında “Amerikanın Səsi” ilə müsahibəsində İran mollakratiya rejiminin Güney Azərbaycanda türk dili və kültürünə  qarşı yürütdüyü siyasəti tənqid edib.
“Amnesty International” təşkilatı Güney Azərbaycanla bağlı yaydığı bəyanatlarında pantürkizm ittihamının “anlaşılmaz şəkildə yazılmış” bir ittiham kimi dəyərləndirir.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

10:44