Güləşçilərimiz Avropa çempionatında iki qızıl, bir gümüş və iki bürünc medal qazanıblar

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

Xudaferin.eu xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıb. Mahir Əmiraslanov startda Moldova təmsilçisinə qalib gəlsə də, dörddəbir finalda Türkiyə güləşçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyindən həmyerlimiz aprelin 9-da təsəlliverici görüşə çıxıb və Fransa təmsilçisinə qalib gələrək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Son görüşdə bolqarıstanlı rəqibindən daha yaxşı çıxış edən Mahir ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olub.

Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev startda Belarus, daha sonra Ermənistan idmançısına qalib gəlib. Dörddəbir finalda Rusiya güləşçisinə də gücünü göstərən Hacı adını yarımfinala yazdırıb. Bu mərhələdə Moldova nümayəndəsinə heç bir şans verməyən millimizin lideri ardıcıl ikinci, ümumilikdə, üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici qarşılaşmada təcrübəsindən, taktika və texnikasından maksimum yararlanan Hacı türk həmkarına göz açmağa imkan verməyib və titulunu qoruyub. Beləliklə, H.Əliyev həm üçqat dünya, həm də üçqat Avropa çempionu olub.

Ağahüseyn Mustafayev Avropa çempionatına uğurla başlayıb. Ardıcıl iki dünya çempionunu - Rusiya və Ermənistan pəhləvanını məğlub edən yığmamızın üzvü yarımfinala adlayıb. Finalın bir addımlığında Böyük Britaniya təmsilçisini də asanlıqla məğlub edən Ağahüseyn karyerasında ilk dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. Ancaq o, türk güləşçiyə uduzaraq gümüş medalla kifayətlənib.

Millimizin kapitanı Cəbrayıl Həsənov qitə birinciliyinə inamlı başlayıb. Startda gürcü güləşçi üzərində əzmkar qələbə qazanan ikiqat Avropa çempionu ardınca Almaniya idmançısını tam üstünlüklə məyus edib və yarımfinala yüksəlib. Finalın bir addımlığında isə Moldova güləşçisi C.Həsənova müqavimət göstərə bilməyib. Beləliklə, Cəbrayıl altıncı dəfə Avropa çempionatının finalına yüksəlib. C.Həsənov Rusiya güləşçisi yarımfinalda zədələndiyi üçün finalda güləşmədən üçüncü dəfə Avropa çempionu olub.

Püşkdə bəxti gətirməyən Nurməhəmməd Hacıyev startda olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə qarşılaşıb və uduzub. Ancaq titullu rəqib finaladək irəlilədiyi üçün N.Hacıyev ertəsi gün təsəlliverici görüşə çıxıb və alman güləşçiyə şans verməyib. Beləliklə, N.Hacıyev makedoniyalı Məhəmmədhacı Nurovu məğlub edərək bürünc medal qazanıb.

Xudaferin.eu

23:49