Güləş üzrə 33-cü dünya çempionatında uğurla çıxış edərək 11 medal qazanan MOİK-in idmançıları Vətənə qayıdıblar

Moskvada hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında uğurla çıxış edərək 2-si qızıl olmaqla 11 medal qazanan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Vətənə qayıdıblar.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda hərbçi idmançıları MOİK-in üzvləri, güləşçilərin yaxınları və idmansevərlər gül-çiçək dəstələri ilə qarşılayıblar.

Yarışlarda komandamıza MOİK-in rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CISM) Azərbaycan nümayəndə heyətinin rəhbəri, polkovnik-leytenant Rəşad Quliyev rəhbərlik edib. Azərbaycan çempionatda sərbəst güləş yarışlarında 9, yunan-Roma güləşi üzrə 9, qadın güləşi üzrə isə üç idmançı ilə təmsil olunub. Beynəlxalq dərəcəli idman ustası, Əməkdar Məşqçi, hərbçilərin Olimpiya Oyunlarının qızıl medalçısı, hərbçilər arasında keçirilən XXX dünya çempionatının qalibi mayor Nazim Əlicanovun və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və dünya birinciliklərinin dördqat qalibi, hərbçilər arasında II Olimpiya Oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilovun yarışlara hazırladıqları hərbçi idmançılarımız Moskvadan böyük uğurla qayıdıblar. Belə ki, MOİK-in komandası hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatını 11 medalla başa vurub. Medallardan 2-si qızıl, 3-ü gümüş, 6-sı isə bürüncdür.

Qızıl medalları komandamızın aktivinə Ceyla Nağızadə (65 kq) və Həsən Əliyev (77 kq) yazdırıblar. Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq) və Kənan Əliyev (86 kq) yalnız final görüşündə uduzaraq gümüş medallarla kifayətlənməli olublar. Bürünc medallara isə Sona Tumarxanova (50 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (74 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq) və Roman Bəkirov (97 kq) layiq görülüblər.

Mötəbər turnirdə iştirak edən 22 komanda arasında yunan-Roma güləşi üzrə üçüncü yerə çıxan MOİK idmançıları çempionatın kubokuna da layiq görülüb.

Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev də yarışlarda iştirak ediblər.

Xatırladaq ki, Moskvada hərbçilər arasında sərbəst və yunan-Roma güləşi üzrə keçirilən 33-cü dünya çempionatında 22 ölkədən 350-dən çox idmançı iştirak edib. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçıları olublar.

16:40