Güllələr, toylar, şəkillər (Qarabağ söhbətləri)

Bu yaxınlarda ayaqüstü Zərdüşt Əlizadə oturan ofisdə oldum. Məni iki gəncə təqdim elədi, jurnalist olduğumu, “Azadlıq”ın yaxşı vaxtlarında orda işlədiyimi dedi.

Təqdimatın davamı isə, səsimi çıxarmasam da, məni utandırdı: “Şuşalıdır, əlində avtomat son günəcən orda döyüşüb…”

Cəmi iki dəqiqəliyə getmişdim ora. Üstündən az qala bir ay da keçir, ancaq Zərdüşt bəyin sözləri ürəyimdən asılı qalıb.

Yox, Zərdüşt bəy məni ələ salmamışdı, biz bir-birimizi istəyən adamlarıq. Sadəcə yanılmışdı. Mən əlimdə avtomat döyüşməmişəm, Şuşanın son gününü də görməmişəm. Bir qarabağlı üçün utanmalı faktdır, amma faktdır.

Əlimdə avtomat döyüşmüş olsaydım, başıma nə gələrdi – bunu Allah bilir. Ölə bilərdim, şəhid qardaşlardan artıq deyiləm. Şikəst ola bilərdim, əlsiz-ayaqsız qardaşlardan artıq deyiləm. Əsir alına bilərdim, bu acını görmüş qardaşlardan artıq deyiləm. Hər şey ola bilərdi. Ancaq o müharibəni ki biz aparırdıq, bu da heç nəyi dəyişə bilməzdi…

***

Əlimə avtomat götürməmişəm. Mənim gücüm qələmlə döyüşməyə, bir də nəfsimlə döyüşməyə çatıb. Ancaq heç bu da nəyisə dəyişə bilməyib hələ…

***

Sinif yoldaşlarımdan döyüşənlər olub. Ən çox da Elxan. Şuşada yaralanandan sonra da döyüşüb, ta atəşkəsəcən. İslam da çox döyüşüb. O da yaralanıb.

Elxan yaralardan çox əziyyət çəkir. Bu yaxınlarda yenə yorğan-döşəyə düşmüşdü, hər gün yanına toplaşırdıq. Xəstəxanada Şuşanın son günündən bir də danışdı mənə. Yenə tüküm də ağrıdı.

***

Şuşada, Nəbilər kəndində yaralanıb Elxan. Onda hələ 91-in payızıydı.

– Güllə başımdan dəydi, qaqa – döyüşü belə yadına salır hərdən.

Aramsız atəşdən qorunmaqçün yaralı-yaralı özünü UAZ-ın təkərinin dalına verib:

– Təkərin dalına sığınmışıq, qaqa, iki nəfərə bir təkərin dalına. Can şirin şeydir, gördüm böyrümdəki dirsəyiynən məni sıxır, təkər balacadır axı, iki nəfərə yer çatmır. Bir yandan qan aparır, bir yandan güllə yağır, bir yandan da böyrümdəki məni çölə sıxır, hirs vurdu beynimə!

Elxan təkərin dalında yumağa dönmüş döyüşçünün yanından durur, ermənilər tərəfə söyə-söyə atəş açır, özü demiş, “jivoy mişen” kimi üstlərinə yeriyir. Sonra huşunu itirir.

Qismətində ölüm yoxmuş, ta bir güllə də dəymir ona.

***

İndi Elxan bu dünyanın gərdişindən üzüləndə ermənini onu öldürə bilmədiyinə görə söyür:

– Ay oğraş erməni, bu gülləni babat vurur dana, ölək çıxaq gedək vaxtında…

***

Azərin toyu Elxan yaralanan vaxt oldu. Bakıda oldu toy, həm ona görə ki, qohum-əqrəbanın çoxu burdaydı, həm də o vaxt Şuşanın toyluq halı yoxuydu.

Sinif yoldaşlarımızın bir qismi Bakıda olurdu, qalanları Şuşadan gəlmişdi, bircə yaralı qardaşımızdan başqa. Elxan indi də o toyda olmamağını özünə dərd eləyir.

***

Birinci dəfəydi bizim uşaqlar Bakıda toy eləyirdi. Düşünürdük ki, həm də axırıncı olar. Biz şəhər toylarını sevməzdik, bizim öz toylarımız vardı. Amma nə biləydik ki, gün gələcək neçəmizin toyu Bakıda olacaq – Yadigarın, Nazimin, İlyasın, Oqtayın…

Elxanın toyu Şuşada olmuşdu. İslamın da. Səbuhi də Şuşada evləndi. Mənim Şuşada getdiyim axırıncı toylardan biri elə onun toyu oldu, 91-in yayında. O biri Səbuhi bir il qabaq evlənmişdi. Qubadlıya nişanına da getmişdik.

Hamıdan qabağa düşənsə Xaqaniydi. 21 yaşında evləndi. Bizim sinifdən, tək sinifdən də yox, məktəbdən ayrılıb (necə ayrıldığını nəql eləmişəm – müəllimlə süpürləşib ayrılmışdı bizdən Xaqani, 9-cu sinfin yarısından) internata gedəndən sonra laçınlı bir qızdan ötrü dəli olub çöllərə düşmüşdü, nə yaxşı ki, axırda elə onu da aldı.

***

Görən biz hamımız dərdindən çöllərə düşdüyümüz qızları ala bilsəydik, dünyamı dağılardı, qaqa?!

***

Tez evlənməyinə əvvəl-əvvəl bir az peşmanlamışdı Xaqan (həmişə adının son hərfini yeyərdik, Xaqani çox uzun çıxır). Biz hamımız subay-salıq gəzəndə o, qaş qaralan kimi evə qaçmalı olurdu – lağa qoyub gülürdük. Sonra öyrəşdi evliliyə. İndi onun bizə gülən vaxtıdır, namxuda, bu gün-sabah uşaqları ali məktəbə sənəd verəcək, bizim uşaqlarsa hələ indi-indi adama oxşayır…

***

Xaqanın toyu dinc vaxtda oldu, manıslardan biri erməniydi – qarmonçalan Sergey. Çox duzlu-məzəli oğlanıydı.

O toydan çox şey yadımda qalıb. Xaqanın atası Ağcabədidə milisdə işləyirdi, ordan xeyli poqon yoldaşı tökülüb gəlmişdi. Arada bizi həlak elədilər. Biz görmüşük qaranı aşın üstünə tökərlər, bunlar deyirdilər ki, aşı qaranın üstünə tök gətir.

Pivəylə arağı bir stəkana qatıb içməyi də ilk dəfə o toyda sinif yoldaşımız Oqtayda gördüm. Adını da qoymuşdu“yojik”.

Özümüz üçün bir kletka araq gizlətməyimiz də yadıma gəlir. Camaat dağılışandan sonra bir qulpundan mən yapışdım, birindən Xaqan – gətirib qoyduq sinif yoldaşlarımız oturan stolun altına. Məclisi yola verənəcən dilimizə içki vurmamışdıq kişi kimi. Ancaq kletkaya düz-əməlli girişə bilmədik. Ülkər xala – Nazimin anası Xaqanın abrını ətəyinə büküb evə göndərdi. Xaqan evə getməliydi, mütləq getməliydi, çünki gecə 12-yə az qalırdı. Yazıq umsuq getdi, bizim də boğazımızdan tikə keçmədi.

***

Nazimlə Xaqan həm də qonşuydular, Ülkər xala o toya ağbirçəklik elədi.

Vallah, biz sinif yoldaşları ata-analarımızı bir-birindən ayırmırdıq Şuşada. Elə burda da ayırmırıq.

***

İlyasın anası Səkinə xala biz qapıdan girən kimi ağlayır, hərdən rəhmətliyin balalarına baş çəkməyə gedirik.

– Bax, Səkinə xala, ağlasan, bir də bura gəlməyəcəyik – hər dəfə Azər deyir bunu.

– Yox, sizə qurban olum, ağlamıram ha.

Ağlaya-ağlaya deyir ki, ağlamıram.

Elə Azər də yalandan deyir ki, ağlasan, bir də bura gəlməyəcəyik.

***

Səkinə xala tək İlyası, ürəyimizin qutu, dirəyimiz İlyası itirməyib. Ramiz kimi, Ramiz Qəmbərov kimi qəhrəman oğlunu da itirib, necə ağlamasın?..

***

Ramizi mən İlyasdan da çox istəyirdim. Son görüşümüz onun batalyonunda oldu – 92-nin martında. Tük basmış sifətinin içində ərimiş gözlərini üzümə zilləyib beləcə də dedi:

– Qaqa, bu oyunlardan ağlım bir şey kəsmir…

***

Mənim ağlım indi də bir şey kəsmir, qaqa.

***

İlyasın toyu 99-un avqustunda oldu. Ramiz kimi qardaşın ola, özün də döyüşçü, toyunu Şuşadan kənarda eləmək istəyəsən? Yubada-yubada axır təslim olmuşdu. Bir gün gördüm “Azadlıq”a gəlib. Dəvətnaməni sıxıla-sıxıla çıxardı:

– Qaqa, sən özümüzünküsən, amma dedim elə saa da yazım. Cəbhəçilərdən də kimi məsləhət bilsən, burda yazaq…

Rəhmətlik o qədər abırlı adamıydı ki, toy eləməyə də utanırdı.

***

Toy eləməyə mən də utanmışam. Bu da bir qismətdir.

***

Nazim toyundan əvvəl məni divara dirəmişdi:

– Yadından çıxmasın ha, söz vermisən!

Xaqanın toyunda mən hamının yanında söz vermişdim ki, Nazimin məclisində ayaqyalın oynayacam, lap corabımı da çıxaracam.

Sözümün üstündə dura bilmədim. O söz on bir il qabaq Şuşada verilmişdi. Nə biləydim ki, Nazimin toyunu on bir il gözləmək lazım gələcək, gəlib Bakının bir şadlıq sarayına çaxacağıq. İndi mən, şuşalı, Bakıda, şadlıq sarayının ortasında ayaqyalın necə oynayım?

Sağlığımı deyib “Şuşanın dağları”nı sifariş elədim.“Şuşanın dağları”na da ki, biz heç oynamırıq…

***

Oqtay toyunu eləyəndə şimal bölgəsində hərbi qulluq keçirdi. Dəvətnamə məsələsinin üstündə özü dayana bilməyib. Mənnən Nazimin dəvətnaməsi etibarsız adamın əlinə düşüb, gəlib çatmayıb.

İncimədik. Təki xeyir iş olsun. Oqtay qaçqınlıqda atasını da itirdi, anasını da. Onlardan əvvəl qardaşı Təvəkkül şəhid olmuşdu. Əlində avtomat sonacan Şuşada döyüşən qardaşımız. Bu yas məclislərində hamımız birgə olmuşuq.

***

Biz xeyrə-şərə bir gedirik – 33 ilin sinif yoldaşları. Ad günlərimizi bir keçiririk. Hələ evlənməyənlərimizi bir yerdə danlayırıq. Bu da elə bir döyüşdür. Şuşasız itib-batmamaq döyüşü.

***

Yadigarın toyunu ürək ağrısıyla xatırlayıram. Çünki toydan az sonra tutulub ağır cəza aldı, indiyəcən də həbsdədir. Bir günümüz onun adı olmadan keçmir.

Şuşa yerində olsaydı, “Yadı” yad adamlara ürcah olub cinayət eləməzdi.

***

“Şuşa yerində olsaydı” dedim. Bilmirəm niyə həmişə bu cür deyirik: “Şuşa yerində olsaydı”. Şuşa yerindədir elə. Biz orda deyilik. Şuşa bizi qoyub heç hara getməyib. Biz onu qoyub getmişik. Şuşa heç qayıdan da deyil. Biz ora qayıda bilərik.

***

“Bəlkə bu yerlərə bir də gəlmədik” – Şuşaya son dəfə gedəndən sonra “Azadlıq”dakı yazıma belə başlıq qoydum. 92-ci ilin martıydı.

Xocalı müsibətindən sonra şəhər köçürdü. Mən də getdim neçə vaxtdan bəri tək-tənha evimizin çırağını yandıran anamı çıxarmağa.

Martın 9-u getdim. Anam ev-eşiyi qabqarlamışdı, mümkün qədər çox şey çıxarmağımızı istəyirdi. Dava saldım:

– Lap çıxardıq. Bunları hara yığacağıq Bakıda? Axı onsuz da qayıdasıyıq, Şuşanı heç vaxt ala bilməzlər, heç vaxt!

***

Mən çox inanırdım ki, Şuşanı ala bilməzlər. Fikirləşirdim, Bakı qoymaz Şuşa getsin, çünki Şuşanın əldən getməsi Azərbaycanın sonu demək idi. Fikirləşirdim ki, dünya qoymaz Şuşa getsin, çünki onda müharibə Dağlıq Qarabağın sərhədlərini aşırdı.

Demə, bundan betər şeylər də mümkünmüş. Həm Bakı adına, həm dünya adına.

***

Evdən ancaq bir-iki xalça-palaz, bir də bacımın yüngülvari cer-cehizini çıxarmağa razı oldum.

Son gün – martın 12-də maşın qapıda gözləyəndə divar şkafımızı bir də açıb baxdım. Kitablar. Dədəmin kitabları, öz kitablarım. Hansını götürəsən, hansı qalsın? Dəymədim.

Şkafın bir küncündə şəkil albomları qalaqlanmışdı, babamın şəkilləri, dədəmin şəkilləri, öz şəkillərim. Hansını götürəsən, hansı qalsın?

Orta məktəb vinetkam lap üstəydi. 1983-cü ildən bəri mən bəlkə min dəfə o vinetkanı açıb baxmışdım, o vinetka mən əsgərlikdə olanda yuxuma da girmişdi. Bir də açıb baxdım, yenə hər şəkildən qabaq o adamın şəklinə baxdım…

Qaytarıb yerinə qoydum. Şkafı örtdüm. Mən həmişəlik getmirdim. Ən azı o vinetkaya görə qayıtmalıydım.

***

Biz Şuşadan çıxandan iki gün sonra xəbər gəldi ki, evimizə mərmi düşüb. Hər şey yanıb. Vinetka da. O şəkil də.

Ramizdən artıq deməyə gücüm çatmır:

Bu nə yanıq qoxusudur, İlahi,
Elə bil ki, adam yanıb indicə…

***

Şuşada olduğum o üç gündə məni ən çox üzən gecələr evdə yata bilməməyimiz oldu. Bizim ev nişangaha gəlirdi. Qonşumuz İsagildə yatdıq gecələri. Mən Şuşada heç kimin evində qalmamışdım o vaxtacan…

***

Maşın evimizin qabağından tərpənəndən ta Laçın yolunacan başımı aşağı saldım. Şəhərin üzünə baxa bilmirdim. Mənim Şuşada son günüm belə olub bax…

***

Toylardan danışdım. Mənim də toyum Bakıda olub axı. 93-cü ildə. O toyun kasetinə baxa bilmirəm. Kamera cərgələri dolaşdıqca şuşalılar bir-bir gəlib keçir ekrandan. Hələ Şuşa yarası üzdə olan şuşalılar. Hələ çoxu sağ şuşalılar. İndi çoxu bu dünyada olmayan şuşalılar.

16 mart 2006
Hikmət Sabiroğlu

Xudaferin.eu

15:42