Gözümüzdə, beynimizdə basdırdıqlarımız

Bizimkilər adətən yas yerində görüşürlər. Onu da dünyasını dəyişənin xəbərini təsadüfən kimdənsə eşidib özünü üçə, yeddiyə, ya da qırxa güclə çatdıranda. Səpələnmişlərin xəbərləri də səpələnib gəldiyindən gec gəlib çatır.

Daha yas məclislərindən əvvəlki ağlaşma səsi eşidilmir. Hamı özü-özünü ağladığındn ağlaşmadan doymuş kimidi.
Çoxdan görüşmədiklərindən yas yerlərində eldən-obadan, olub-keçənlərdən danışıb o illəri yada salırlar. Xatirələri bölüşürlər. Adlarını unutduqları köhnə kişilərin, yerlərin adını biri-birindən soruşandan sonrakı “hə, yadıma düşdü” deyib, başını silkələməsini molla “Allah rəhmət eləsin” kimi qəbul eləyir.

İnsan mütəmadi görmədiyi yerləri tez unudur. Çoxdan görmədiyi adamlar kimi.
İlk dəfə gördüyün adamı gözundən, hərəkətindən hansısa doğmasına oxşadırsan.

Adam uzaqlarda qalan, gedə bilmədiyi yurddan danışanda olduğu yeri unudur. O günlərə qapanıb qalır. Uşaqlıq yaddaşını çözələyir. Sonrasını görmədiyimizdən bizim o yerlərlə, o insanlarla bağlı başqa yaddaşımız olmadı. Nə qaldısa uşaqlıq yaddaşında qaldı.
İnsan daha çox yaşadığı xoş, sevincli anları xatırlayır.

Gənclik görməyən, gəncliyi yaşamayan bizimkilər uşaq ikən yaşlaşdığından hamıdan seçilirlər. Xoş olmayan illər yaşanmamış illərdir. Gəncliyindən danışmayan adam uşaq ikən qocalan adamdı.

Hamı yanındakına tanıdığı adamı təqdim edir: “Tanıdınmı? Bir əməlli bax.” Bir yerdə oynadığın, oxuduğun adamı tanımadığından utanırsan. Elə o da. Dərd, itki insanı dəyişdirir. Özünə oxşadır. Keçmişiylə yaşayanların üzündə itkilər cığır salır.

Başı söhbətə möhkəm qarışdığından hamı mollanın “Fatihə!” sözünə ayılıb ölü yiyəsinin diqqətini çəkməsin deyə əlini tez üzünə çəkir. Və başlayır söhbətini davam eləməyə. Dərdləşməyə. Hal-əhval bilməyə. Ölənlərdən-qalanlardan xəbər tutmağa. İndi harada yaşadığını sormağa. O da məskunlaşdığı yeri geniş izah edir ki, tanıyasan. Bəlkə gələsi oldun.
Məclis boyu “Yadına düşürmü?” sualı bütün masalardan eşidilir. Barmaqlar göylərdə toqquşur.
“O, kimlərdəndi? Filankəsə oxşayır?” yas yerini sual atəşinə tutur. Ən ağrılısı “Filankəs nətəridi?” sualına, “O, çoxdan ölüb” cavabından sonra səpələnmiş qəbiristanlığa uçan, dağılan fikirlərin özünə qayıdanda, qohumunun üzünə təzədən baxmağın olur.
Burda eşitdiyin bəd xəbərlər solğun xatirələrini də elə o yas yerində basdırır. Artıq o xatirələrin iştirakçısı, şahidi yoxdur. “A filankəs, düz deyirəmmi? Sən də ordaydın” -deyəcəyin adama, adamlara uzadacağın əl qaranlıq quyuya düşür.

Beləcə ölənlərlə yaddaşımız da ölür. Neçə illərdi ölü yaddaş gəzdiririk. Nə o yerlər var, nə o adamlar. O yerlər də adamlar kimi dünyasını dəyişib. Adam ölü yaddaşı yeriyən ölü kimi daşıyır.
Ölünü çox daşımazlar. Ölünü vaxtında basdırarlar. Bizim isə, ölənlərimiz o qədər çox ki, onları basdırmağa yerimiz yoxdur. Gözümüzdə, beynimizdə basdırdığımız ölülər düşünməyə imkan vermir.
Ölənlərimiz “Məni yurdumda basdırın. Rahat olum” -deyirdilər. Bu, gözümüzdəkinə, fikrimizdəkinə, yaddaşımızdakına da aiddir. Basdırmadıqlarımız basdıracaq bizi.

Çoxdandı başımdakı, içimdəki ölüləri basdırmağa yer axtarıram. Özlərinin istədikləri yeri...

Rəfail Tağızadə
Xudaferin.eu

22:25