Görkəmli şair haqqında süjet efirə niyə getməyib? - Alışanova daha bir İTV ittiham

 

Ona görə ki, AZTV və İTV kanallarını “kərəmovçuluq” (oxu: Arif Alışanov) idarə edir
 

Müasir Azərbaycan poeziyasının parlaq nümayəndələrindən olan Musa Yaqubun ötən ay qeyd edilmiş 80 illik yubileyi ilə bağlı İTV-nin hazırladığı sujet efirə verilməyib.

AYB-nin müraciətinə əsasən televiziya şairin "Aktyor evi”ndə keçirilmiş yubileyindən süjet çəksə də, rəhbərlik onun yayımlanmasına icazə verməyib. Bildirilir ki, süjetin "Carçı” xəbərlər proqramında efirə getməsini AzTV sədri Arif Alışanov qadağan edib. İddiaya görə, sədr bu qərarını onunla izah edib ki, ötən il məhkəmə kampaniyasında M.Yaqub tanınmış jurnalist Qulu Məhərrəmlini müdafiə edib.

Məsələ ilə bağlı professor Qulu Məhərrəmli açıqlamasında baş vermiş hadisədən xəbərdar olduğunu deyib. İTV-nin həqiqətən də çəkiliş apardığını, lakin sujeti efirə vermədiyini təsdiqləyən Q.Məhərrəmli baş verənləri "əcaib hadisə” adlandırıb və bir sənətkar haqqında İTV-nin süjet verib-verməməsinin heç bir əhəmiyyəti olmadığını qeyd edib. O, çəkilən süjetin kənar təsirə görə efirə getməməsinin telekanal və onun rəhbərliyi üçün biabırçılıq olduğunu bildirib: "Mən Arif Alışanovun tutduğu vəzifəyə yaramazlığı, yaradıcı mühitə uyğun gəlməyən mənəvi keyfiyyətləri və başqa naqislikləri barədə ötən il mətbuatda kifayət qədər aydın danışmışam. Ona görə də bu adamın M.Yaqub kimi yüksək ləyaqət sahibinə qarşı nümayiş etdirdiyi kin-küdurət mənə təəccüblü görünmür, təəccüblü olan İTV sədri Cəmil Quliyevin və Yayım Şurasının sədri, hörmətli professor Muxtar İmanovun bu fakta sükutla yanaşmasıdır”.

Professor onu da əlavə edib ki, mövcud qanuna görə ictimai yayımçının fəaliyyətinə kənar müdaxilə yol verilməzdir və bu səbəbdən də bu telekanala uzanan çirkli caynaqlar kəsilməlidir. Görkəmli şair Musa Yaqub da yubiley tədbirindən çəkilmiş süjetin efirə verilməməsi barədə məlumatlı olduğunu deyib. Lakin şair bunu "mənasız” söhbət adlandırıb: "Mən Qulu Məhərrəmlini jurnalistikamızın vicdanı hesab edirəm, ona qarşı hər hansı ədalətsizlik olarsa yenə də dəyərli dostumun yanında və eyni mövqedə dayanacağam”.

Məsələ ilə bağlı İTV-dən BakuPost.az-a verilən açıqlamada isə bildirilib ki, TV belə bir tədbirdə çəkiliş aparmayıb: "Bizə o tədbirlə bağlı çəkiliş üçün müraciət olmayıb. İTV-yə həmin tədbirin çəkilməsi üçün nə Musa Yaqubdan, nə də hansısa təşkilatdan müraciət daxil olub. Müraciət olmayanda da gedib çəkiliş edilmir”.
Qeyd edək ki, ünlü dramturq Sabit Rəhmanın 1930-cu illərdə yazdığı və bu gün də öz aktuallığı ilə seçilən məşhur “Toy” komediyasının antipod qəhrəmanlarından biri olan kolxoz sədri Kərəmovla Mirzə Hüseynin belə bir dialoqu var.
Kərəmov: “Əəəəə... Mirzə Hüseyn. Yaz. Mən Kərəmov altı aylığımda atamı itirdim və məcbur olub anamın əlindən tutub getdim tarlaya işləməyə”.
Mirzə Hüseyn: “Yoldaş Kərəmov bəlkə bir az böyüdək?..”
Kərəmov: “Əəəə... Mirzə Hüseyn. Yaz. Mən Krəmov dedim qurtardı, getdi!..”
Bu gün də Arif Alışanov dövlət büdcəsi hesabına maliyyələşən iki dövlət televiziya və radio kanalına rəhbərlik etməklə sözün əsil mənasında “kərəmovçuluq” edir.
 

BakuPost

 

09:27