Görkəmli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

 

Fəxri Xiyabanda zəmanəmizin tanınmış müğənnisi Müslüm Maqomayevin xatirəsi anılıb. Tədbir sənətkarın anadan olmasının 75-ci ildönümünə həsr olunub. Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

 

Anım törəninə qatılanlar bildiriblər ki, XX əsr Azərbaycan musiqi tarixinin görkəmli nümayəndələrindən biri olan Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub.  İlk opera sənətçimiz Şövkət Məmmədovanın sinfində dərs alan Müslüm Maqomayev gənc yaşlarından musiqi ictimaiyyətinin diqqətini cəlb edib. Azərbaycanda ilk musiqi təhsili, daha sonralar konservatoriyada peşəkar musiqi təhsilini alan Müslüm Maqomayev harada olmağından asılı olmayaraq hər zaman Azərbaycanın adına şərəf və qürur bəxş edib. Hər zaman öz qızıl səsi ilə Azərbaycana və keçmiş sovet ittifaqına qürur və baş ucalığı gətirib. Çoxlu sayda beynəlxalq müsabiqələrin laureatı olub. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub. Dünya şöhrətli müğənninin musiqi sənətinə verdiyi töhfələrdən söz açan Ədalət Vəliyev bildirib ki, Müslüm Maqomayev Amerikadan Yaponiyaya qədər müxtəlif ölkələrdə sovet musiqisini, o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ edib və milyonların sevimlisinə çevrilib. M.Maqomayev 1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb. 1973-cü ildə ona SSRİ Xalq Artisti adı verilib. O, SSRİ Xalq Artisti adına layiq görülmüş ən gənc sənətkarlardandır.

M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, Müslüm Maqomayev Azərbaycanın böyük oğludur və Azərbaycan onunla fəxr edir. Diplomat deyib: “O, eyni dərəcədə həm Azərbaycana, həm də Rusiyaya məxsus idi, çünki hər iki ölkəni öz Vətəni sayırdı. O, öz yaradıcılığı, musiqisi, fəaliyyəti ilə Azərbaycan və Rusiya əlaqələrinə xidmət edib. Bizim ölkədə Müslüm Maqomayevi çox sevirlər. Bu gün bütün televiziya kanallarında onun yubileyi ilə əlaqədar verilişlər yayımlanır. O, bizim mədəniyyətimizin bir hissədir”.

Müslüm Maqomayevin ömür-gün yoldaşı, xalq artisti Tamara Sinyavskaya bildirib ki, artıq 9 ildir Müslüm aramızda yoxdur. Ancaq insanların ona olan sevgisi azalmayıb. İllər keçdikcə insanlar onu daha çox qiymətləndirirlər. Onun səs tembrində sevgi, ləyaqət, düzgünlük, dostluq, mərdlik vardı. Ona görə də o hər kəsin qəlbində yaşayır. Tamara Sinyavskaya gənc nəslə Müslüm Maqomayevin səs yazılarını qulaq asmağı məsləhət görüb.

Xudaferin.eu

21:28