Gənclik və günümüz

Çağdaş yaşam düzənimizdə gəncliyin ən ağır problemlər içində yaşaması artıq yeni nəslin səbr kasasının coşmasına səbəb olmaqdadır. Çünki, Azərbaycanda mövcud təhsil sistemi elə qurulub ki, hətta dövlətə məxsus universitetlərdə pullu xidmət 80 faizi çoxdan ötüb. Təhsil haqqında qanunda təsbit olunduğu kimi, dövlət sektorunda təhsil alanların azından 70 faizi pulsuz olmalıdır. Özəl sektor isə təbii olaraq, tamamilə pullu xidmət üzərində qurulubdur. Bu gün təhsil sektoru elə bir aşınmalar üzərində köklənib ki, Azərbaycan gəncliyi bu prosesdə daxili enerjisini, istedadını, bilik və bacarığını ortaya qoymaq imkanında deyil. Çünki, bunun üçün nə dövlət, nə də özəl sektorda heç bir imkanlar yoxdur. Əksər inkişaf etmiş ölkələrdə tələbələr istər dövlət, istərsə də özəl sektorda təhsil almasına baxmayaraq, təhsil aldıqları sahələr üzrə böyüklü-kiçikli bir sıra projelərdə iştirak edirlər. Beləliklə bir yandan təhsil aldığı sahə üzrə ixtisasını, biliyini və təcrübəsini artırmış olur, o biri yandan öz təhsil haqqını və maddi ehtiyaclarını ödəmək üçün əməlli başlı vəsait əldə edirlər.

Ancaq gözəlim Azərbaycanda bunların heç biri yoxdur. Bir yandan da devalivasiya adı altında təhsil xərcləri durmadan artmaqda davam edir. Minlərlə ailələr, elə gəncliyin özü onları vampir kimi məhv etməyə hazır olan ali təhsil sektoruna üz tutmaqdan yayınmağı daha çox tərcih etmək zorunda qalıb. Çünki, bir yandan təhsilin keyfiyyəti, o biri yandan  təhsil xərcləri onların ürəyincə deyil. Beləliklə tədrici üsulla Azərbaycan gəncliyi ali təhsil almaq kimi imkanlardan məhrum qalmaq kimi ağır sindromu yaşamalı olurlar.
Fikrimizcə, gənclik üçün ölkədə bir sıra imtiyazlar yaradılmalıdır. Tələbələr üçün güzəştli şərtlər altında iş yerləri yaradılmalıdır. Bu iki standart dövlət qanunvericiliyi kimi təsdiq olunarsa, o zaman hər bir tələbə öz təhsil haqqını ödmək imkanlarını da əldə edə bilər. Biz istənilən an dünya təcrübəsini örnək kimi göstərə bilərik.
Gənclik üçün öz həyat nizamını, karyerasını qurması imkanlarının yaradılması istənilən ölkənin demokratik bir düzənlə sürətli inkişafı deməkdir. Çünki, coşqulu bir enerji ilə öz ideyalarını hərəkətə gətirmək üçün gəncliyin mənəvi və fizki imkanları hər zaman üstün səviyyədə olub. Həyatının perspektivini görmək və duymaq hər gəncin halal haqqıdır. Bu həm də dövlətə və mənsub olduğu topluma sonsuz inamın başlıca mənbəyi kimi də çox dəyərlidir. Gənclik öz həyatının bu günü və gələcək perspektivlərini görməyəndə tamamilə ümidsizləşir, vətənə olan bağlılığı da addım-addım sozalıb saralır. Gəncliyin arzusu nə hakimiyyətə gəlmək, nə də müxalifətdə olmaqdır. Gəncliyin başlıca istəyi əldə etdiyi biliklərini, sənətini öz taleyinin bir parçasına çevirməkdir. Görəsən bütün bunlar Azərbaycanda nə zaman öz gerçəkliyini tapacaq?.. Bu sual bir dilemma kimi gəncliyin həyat və yaşamaq sindromunun ayrılmaz bir paçasına çevrilib. Bunu kimsə unutmur, nə də bu sorunların çözülməməsinə görə bağışlamır. Hamılıqla bu problemləri qabartmağı bacardığımız gün Azərbaycan gəncliyinin səsi hər yerdə eşidiləcəkdir. Haydı, hamılıqla Azərbaycan gəncliyinin səsini daha çox duyurulmasına doğru!!!   

Xudaferin.eu

13:07