Gəncəli heykəltəraş beynəlxalq mükafata layiq görülüb

 

Gəncə şəhərinin baş rəssamı, heykəltəraş Şərif Şərifov yaratdığı sənət əsərlərinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb.

Heykəltəraş bildirib ki, incəsənət sahəsində dünyanın bir çox məşhur şəxsiyyətlərini ətrafında birləşdirən nüfuzlu Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülməsi həm də bu sahədəki 50 illik fəaliyyətinə verilən yüksək qiymətdir.

Sənətkar deyib: “Mənim yaratdığım heykəltaraşlıq örnəklərində dinamizm var. Ona görə də hər zaman əsərlərimə dəyər verilibdir. Mən bir heykəltaraş kimi, klassik ənənələr və çağdaş modernizmin şərtləri olan plastik obrazlar qalereyasının sintezinə üstünlük vermişəm. Belə bir üslub Azərbaycan heykəltaraşlığı üçün yeni mərhələ deməkdir. Əvvəllər sadəcə klassik ənənələr əsasında heykəltaraşlıq sənətinə önəm verilirdisə, bu gün modernizmin yeni cərəyanları daha çox dəbdədir. Əsil sənət dəbə görə deyil, sənətdə demək istədiyin duyğularının plastikanı və obrazın uyumlu bir şəkildə dəyərli olmasıdır”.

Qeyd edək ki, heykəltəraş Şərif Şərifova qızıl medal aprelin 25-də Moskva şəhərində Rusiya Rəssamlıq Akademiyasının rəhbərliyi tərəfindən təqdim olunacaq.

 

Cəmilə Kərimova

Gəncə

06:10