Gəncədə Xankəndinin işğal günü anılıb

Gəncə şəhərində Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 25-ci ildönümü anılıb. Millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Flora Qasımova, Xocalı rayon İcra Hakimiyyəti  başçısının müavini Lamiyə Qarayeva, Kərkicahan qəsəbəsinin İcra nümayəndələri, Gəncədə və Hacıkənddə məskunlaşmış Xankəndi sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə  Şəhidlər Xiyabanını ziyarət edib, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, onların ruhlarına dualar oxuyub, məzarları üzərinə al qərənfillər düzüblər. Anım mərasimi  Məhsəti Gəncəvi Mərkəzində davam edib.

Tədbir Azərbaycanın milli müstəqilliyi uğrunda azadlıq hərəkatına qalxan, vətənpərvərlik hissinin zirvəsini fəth etmiş, qəhrəmanlığı, şücaəti, mübarizliyi ilə bütün dünyaya örnək olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Xankəndi şəhərinin şəhid ailələri və məcburi köçkünlərinin yaşam mücadiləsindən bəhs edən sənədli film nümayiş edilib.
Millət vəkili Pərvin Kərimzadə  çıxış edərək, bildirib ki, rəsmi səviyyədə dövlət tərəfindən qaçqın və məcburi köçkünlərlə bağlı siyasətini yüksək səviyyədə davam etdirilir. Dövlət tərəfindən təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraiti əsaslı surətdə yaxşılaşdırılıb. Ötən illər ərzində qaçqın və məcburi köçkünlərin mənzil-kommunal və sosial problemlərinin həlli ilə bağlı davamlı iş aparılıb.
Millət vəkili Flora Qasımova Xankəndinin zəngin təbiəti, dəyərli ziyalıları və onun Azərbaycan tarixindəki, mədəniyyətindəki yerindən danışıb. Millət vəkili işğal olunmuş torpaqlarımızla bağlı keçirilən tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyini vurğulayıb. Azərbaycanın nəzarətində olmayan torpaqların tezliklə işğaldan azad olunacağına və üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanacağına əmin olduğunu  bildirib. Azərbaycanın güclü, qüdrətli ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir və işğalçıları torpaqlarımızdan qovub çıxaracaqdır. Bütün məcburi köçkünlər kimi, Xankəndi sakinləri də doğma yurdlarına qayıdacaqlar.
Kərkicahan qəsəbə icra nümayəndəsi Dərgah Haqverdiyev tədbir iştirakçılarına Xankəndinin erməni qəsbkarları tərəfindən işğalı barədə tarixi faktları açıqlayıb. Bildirib ki, Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər azyaşlı uşaq olub. Xankəndi sakinləri 25 il əvvəl üzləşdikləri faciəni heç vaxt unutmayacaqlarını, Prezident cənab İlham Əliyevin yorulmaz  fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin öz ədalətli həllinin tapacağına – ərazi bütövlüyümüzün bərpa olunacağına, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıda biləcəyinə dair əmin olduqlarını bildirib. Tədbir Kərkicahan qəsəbə tam orta məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Hicran Məmmədova
Gəncə

14:52