Gəncədə ünlü rəssam Şaiq Məmmədovun yubileyi keçirildi

Gəncə Dövlət Universitetində təsviri incəsənət kafedrasının professoru, əməkdar rəssam Məmmədov Şaiq Murtuzəli oğlunun 60 illik yubileyi təntənə ilə qeyd olunub. Universitetin rektoru, professor Yusif Yusibov çıxış edərək bildirib ki, Şaiq Məmmədov yalnız şəhərimiz üçün deyil, respublikamız üçün də dəyərli incəsənət adamıdır. Sonra Yusif Yusibov Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanını Şaiq Məmmədova təqdim edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, rektorun baş müşaviri, dosent Asif Cavadov, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov, Azərbaycan Respublikasının “Əməkdar rəssam”ı Mübariz Əkbərov, təsviri incəsənət kafedrasının müdiri, dosent Mərdan Məmmədov, həmin kafedranın rəssamı dosent Akif Hüseynov, fizika kafedrasının dosenti Yəhya Namazov, Azərbaycan Rəssamlıq Akademiyasının məzunu Fəxri Musazadə və tələbələr yubileyini təbrik edib, xoş arzularını  bildiriblər. Yubiley universitetin bədii özfəaliyyət kollektivinin ifasında maraqlı musiqi proqramı ilə davam edib.

Cəmilə Kərim,
Gəncə
 

17:55