Gənc Tamaşaçılar Teatrının aktyorları növbəti səfərə hazırlaşırlar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniyanın Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə mayın 10-dan 16-dək Bitola şəhərində keçiriləcək “XX Beynəlxalq Monodram” festivalında iştirak edəcək.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq festivalda iştirak etmək üçün Xalq Artisti, rejissor Cənnət Səlimova, Əməkdar Artist Şövqi Hüseynov və səhnə maşinisti Zaur Abbasov qeyd edilən şəhərə ezam olunacaq.

Kollektiv festivalda P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edəcək. Həmçinin dünyanın bir sıra teatr mütəxəssisinin rəhbərliyi ilə keçiriləcək ustad dərslərində, treninqlərdə, səhnə döyüşü və texnikası məşğələlərində iştirak edəcəklər.

Qeyd edək ki, “Kontrabas” tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

Xudaferin.eu 

13:09