“Global Ambassadors Journal” jurnalında Azərbaycan səfirinin mədəni irsimizə dair məqaləsi çap olunub

Bu il İçərişəhərin tarixində mühüm ildir. İyirmi il əvvəl Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Bakının İçərişəhərini və bənzərsiz görməli yerlərini Ümumdünya İrs Siyahısına daxil etdi. Beləliklə, ölkəmiz bu il ərzində İçərişəhərin şərəfli tarixini qeyd edir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər nüfuzlu “Global Ambassadors Journal”ının cari il dekabr ayı üzrə buraxılışında Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundovun “Bakının İçərişəhəri – Azərbaycanın milli irsi” adlı məqaləsində yer alıb. Məqalə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinə həsr edilib.

Məqalədə İçərişəhər kompleksi barədə geniş məlumat verilmiş, onun Azərbaycanın tarixində, mədəni irsində, eləcə də beynəlxalq mədəni irs sahəsində yerindən, dünyanın unikal canlı açıq hava muzeyi olmasından, onun hər daşının Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirməsindən, tariximizin izini qoruyub saxlamasından bəhs olunub.

Bildirilib ki, İçərişəhər tarix boyu ərəb, fars və rus işğallarına qarşı müqavimət göstərib.

F.Axundov İçərişəhərin tarixi və mədəni abidələri - Qız Qalası, Şirvanşahlar sarayı haqqında məlumat verərək, Azərbaycanın ilk feodal dövləti olmuş Şirvanşahların paytaxtının buraya köçürüldüyündən söz açıb. Qədim İpək Yolu üzərində yerləşmiş İçərişəhərdə olan karvansaraylar, onların tarixi haqqında məlumat verilib. Bu qədim şəhərdə zərdüştlük izlərini daşıyan bir sıra abidələrin olduğunu, oranın müxtəlif film və incəsənət əsərlərinə ilham mənbəyi, eləcə də maraqlı turistik istiqamət olduğu bildirilib.

Xudaferin.eu


 

11:40