Gələn ilin büdcəsi maliyyə problemlərinin fonunda necə formalaşdırılacaq?

Hazırda ciddi maliyyə böhranı yaşayan Azərbaycan hakimiyyəti bu ilki büdcənin reallaşmasında ciddi çətinlik yaşayır. Büdcə qarşısında öhdəliklər hələ də icra olunmayıb. Bəs, belə olan halda gələn ilin büdcəsi necə formalaşacaq və büdcənin icrası necə reallaşacaq? İqtisadçı Nemət Əliyev bildirdi ki, 2016-cı il büdcəsinin yerinə yetirilməsində ciddi problemlər meydana çıxıb. N.Əliyevin sözlərinə görə, hələ rəsmi açıqlamalardan görünür ki, büdcə gəlirlərinin formalaşmasında çətinlik var. Hətta 4 milyard manat kəsir tam real görünür: «Bu kəsir məbləğinin yaranmasında hökumət məsuliyyətsizliyinin payı çox böyükdür. Kənardan baxanda ilkin olaraq o təəssürat yaranır ki, Neft Fondu, Maliyyə Nazirliyi sanki əlbir olaraq rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşması əvəzinə, dollar alveri ilə məşğul olurlar. Büdcə gəlirlərinin formalaşması istiqamətində ciddi çətinliklər yaranıb. ƏDV, mənfəət vergisi üzrə büdcəyə daxil olmalarda kəskin azalmalar var. Neft Fondunun büdcə qarşısında öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaranıb. Təxminən 1500-ə yaxın fiziki və hüquqi şəxsin vergi öhdəliklərini yerinə yetirməməsi üzündən xaricə çıxışı qadağan edilib. Bütün bunlar onu göstərir ki, iqtisadiyyat gəlirli fəaliyyət göstərmək imkanlarından məhrum olub».

N.Əliyev onu da vurğuladı ki, əgər bu il bu istiqamətlərdə ciddi problemlər yaşanıbsa, gələn il vəziyyət bundan da ağır olacaq: «Dövlət büdcəsinə gələn il daxil olmalar kəskin şəkildə azalacaq. Hətta mütəxəssis proqnozları bundan ibarətdir ki, neftin qiyməti bir qədər də aşağı düşəcək. Deməli büdcənin formalaşmasında əsas rol oynayan neft  gəlirləri azalacaq. Deməli növbəti il büdcənin tərtib olunan həcmini yığmaq asan olmayacaq».

Xəyal
Azadliq.info

12:39