Giorgi Marqvelaşvili: “Azərbaycanlılar milli sərvətimizdir”

 

Novruz bayramına həsr olunan şənliklərə qatılmaq üçün Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili Marneuliyə səfər ediblər.
 

Tədbir çərçivəsində prezident G. Marqvelaşvili Marneulidə müasir standartlara uyğun tikilən yeni kitabxananın açılış lentini kəsib. Novruz bayramına həsr olunan bütün şənlik proqramlarına baxdıqdan sonra Gürcüstan prezident Marneuli Mədəniyyət Evinin qarşısında Novruz tonqalını alovlandırıb. Sonra Marneuli sakinləri qarşısında çıxış edən prezident G. Marqvelaşvili Marneulinin hər il inkişaf etdiyini bildirib: “Mən hər dəfə Marneuliyə gələndə burada inkişaf və irəliləyiş görürəm. Bu, sizin əməyinizdir. Azərbaycanlılar milli sərvətimizdir. Mən Bakıdan yenicə qayıtmışam. Orada ən mötəbər bir tədbirdə iştirak etdim. Mən Azərbaycandakı dostlarımın da Novruz bayramını təbrik edir, onlara səadət və xoşbəxtlik arzulayıram”.

G. Kvirikaşvili deyib ki, dost və qardaş ölkələr olan Gürcüstanla Azərbaycanla bir-birini dəstəkləyir. Prezident və baş nazir və şənliyə qatılan digər rəsmi dövlət və hökumət adamları, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Novruz şənliklərinə həsr olunan xüsusi bayram konsertinə baxıblar. Konsert proqramına Aysel Məmmədova və Davit Bekoşvilinin aparıcılıq edirdi. Həm yerli həmdə dəvvət olunmuş yaradıcı kollektivlər və solo ifaçılar tamaşaçı qarşısına çıxdılar.

“Sarvan” xoreoqrafik ansamblı- “Güllərin rəqsi”, Aysel Məmmədova “Novruz Bayramı” mahnısı, Ariz Hüseynov-Muğam, Natia Koroğlişvili-„Lale“, Natia Koroğlişvili – Milli mahnı, „İberiya“ ansamblı „Abxazuri” rəqsi, Şaban Məmmədov iki mahnı, Aşıq Ramin, Enquri ansamblı „Qandaqana“ rəqsi, Müğənni Rəşad, Keti Qomarteli mahnılar -„Apar“ və „Tələs“, Müğənni Talib Tale, “Sarvan ansamblı “Yallı” rəqsi, Xədicə Qasımova- V. Azaraşvili “Gürcüstan” mahnısı, İberiya ansamblı „Osuri“ rəqsi, Eynar Balakişiyev, Aysel Məmmədova „Adandali”, Enquri ansamblı “Mtiuliri“ rəqsi, Ariz Hüseynov, Aşıq Ramin və pop müğənni Çingiz Mustafayev və onun dəstəsi iştirak etdi.

Qeyd edək ki, Marneulidə keçirilən Novruz şənliklərində Azərbaycan xalqının milli mətbəx nümunələri, şirniyyat və çay dəstgahı, rəsm, əl işləri və foto sərgilər nümayiş olunub, kənd təsərrüfatı məhsulları sərgisi və müxtəlif şirkətlərin istehsal etdiyi yerli məhsulların sərgisi təşkil olunub. Tədbir çərçivəsində həmçinin idman yarışları, milli güləş, maqnit adamın şousu, Novruzun gəlişinə aid kiçik teatr səhnəcikləri və Bahar qızının gəlişi və rəqs səhnələri təşkil olunub.

Anar Turan

09:44