"Getməyəcəksən” dedim, bitdi, getməyəcəksən!

 

Azərbaycan əsəri Qarabağ ornamentlərilə Qazaxıstan səhnəsində.

Türk Dünyasının böyük qələm ustası, Azərbaycan dramaturgiyasının banisi, məşhur filosof, yazıçı və pedaqoq Mirzə Fətəli Axundozadənin ölümsüz komediyası "Müsyö Jordan və dərviş Məstəlişah" fevral ayında Qazaxıstanın N.Bekejanov Kızılorda Dövlət Musiqili Dram Teatrında göstərildi.

Qazaxıstan teatr rejissoru Murat Ahmanov Mirzə Fətəli dramaturgiyasının üslubunu müvəffəqiyyətli şəkildə qoruyaraq əsəri qazax səhnəsində tamaşaya qoyub. Səhnə dekorasiyasının müəllifi quruluşçu rəssam Serik Pirmahandır. Qarabağ xalçalarının naxışlarından ustalıqla istifadə edən S.Pirmahan teatr sevərlərə zamanın Qarabağ həyatını olduğu kimi çatdırmağa çalışıb.

Tamaşada iştirak edən aktyorlardan Hətəmxanı Bakıtbek Alpısbay, Şəhrəbanunu Zalipa Tölepova, Şərəfnisanı Zukra Saypi, Şahbaz bəyi Kanat Arkabayev, Müsyö Jordanı Bakitbek Temirbekov, Dərviş Məstəlişahı Ugim Baymahanov, Gülçöhrəni isə Marjan Abişeva ifa ediblər.

TÜRKSOY-un dəstəyilə reallaşan tamaşanı Kızılorda vilayətinin valisi Kırımbek Koşerbayev, müavini Ruslan Rüstəmov, Kızılorda Mədəniyyət, Arxiv və Sənədlər İdarəsinin müdiri Erjan Abdrahmanov və Azərbaycanın Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Selimli də seyr ediblər.

Qeyd edək ki, Qazaxıstan səhnəsində "Getməyəcəksən” dedim, bitdi, getməyəcəksən" başlığı ilə göstərilən Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəlişah" tamaşası bu il Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində azərbaycanlı soydaşlarının görüşünə gələcək.

 

Xudaferin.eu

 

13:19