Getməli olduğunuz 10 muzey

Milli Azərbaycan Tarix Muzeyi

Azərbaycanın ən qədim muzeyi hesab edilən Tarix Muzeyi 1920-ci ildə yaradılıb. Muzeyin fəaliyyət göstərdiyi bina 1896-cı ildə inşa olunub, mülkün keçmiş sahibi isə neft maqnatı Hacı Zeynalabdin Tağıyev olub. Muzeyin kolleksiyalarında qədim zamanlardan bu günlərədək Azərbaycanın tarixinin əks olunduğu ölkənin siyasi tarixinin və sosial-iqtisadi həyatının sənədlərinin əsli toplanıb.

Hacı Zeynalabdin Tağıyevin ev muzeyi

Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H.Z.Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə biliblər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) H.Z.Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar, 8) yataq otağı, 9) təmizlik otağı.

İstiqlal Muzeyi

1991-ci ildə yaradılan muzey bina olaraq şəhərin həm də ən gözəl memari əsərlərindən biri sayılır. Muzeyin əsas məqsədi qədim zamanlardan bu günlərədək öz müstəqilliyi uğrunda Azərbaycan xalqının mübarizəsini işıqlandırmaqdır. Hal-hazırda burada eksponatların sayı 20 000 nüsxəni aşır. İstiqlal muzeyi Sahil metrosunun yaxınlığında yerləşir.

Ədəbiyyat Muzeyi

Fəvvarələr Meydanında yerləşən Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi şəhərin ən estetik binalarından birində yerləşir. Muzeyin 30 əsas və 10 yardımçı zallarında 3 mindən artıq əlyazma, nadir kitab, illüstrasiya, portret, heykəl, miniatür, yazıçıların xatirələri və digər ekspozisiyalar toplanıb. Poeziyamızın klassiki Nizaminin “İsgəndərnamə” poemasının 1413-cü ildə yazılmış əlyazması muzeyin fəxri hesab olunur.

Müasir İncəsənət Muzeyi

Bakının ən yeni muzeylərinin başında Müasir İncəsənət Muzeyi gətirir. Müasir İncəsənət Muzeyi 2009-cu ildə açılıb. Muzeydə əsasən avanqard tərzdə işləyən azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanovun əsərləri toplanıb.

Xalça Muzeyi

Xalçaçılıq sənətini sevənlər üçün çox diqqətçəkən yer olacaq muzeyin binası bulvarda yerləşir. Muzeyin tərkibinə 14 000-ə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir. Yolu bulvara düşənlər mütləq ziyarət etməlidir.

Nobel Muzeyi

Bakıda Nobel qardaşları muzeyi 2008-ci ildə açılıb. Nobel qardaşlarının 1882-ci ildə inşa etdikləri, “Villa Petrolea” adlandırılan kompleksin bərpası İsveç hüdudlarından kənarda ailənin ilk muzeyinin yaradılması üzrə Nobel nəslinin Bakı fondunun vacib addımlarından biri olub. Burada Nobel ailəsinin istifadə etdiyi məişət və interyer predmetləri toplanıb.

Cəfər Cabbarlının ev muzeyi

Azərbaycan ədəbiyyatının ən önəmli şəxsiyyətlərindən biri olan Cəfər Cabbarlının yaşadığı ev 1982-ci ildən etibarən muzey olaraq fəaliyyət göstərir. Eksponatların sərgiləndiyi otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir.

Hüseyn Cavidin ev muzeyi

Muzey 1920-1937-ci illər arasında dramaturq Hüseyin Cavidin yaşadığı evdə yaradılıb. Bakının ən gözəl küçələrinin birində yerləşən muzey Hüseyn Cavidin 100 illiyində təsis olunub.

Arxeologiya və Etnoqrafiya Muzeyi

Muzeydə Azərbaycanın qədim daş dövründən son orta əsrlərədək tarixinin bütün mərhələlərini əks etdirən arxeoloji tapıntılar, XIX əsr – XX əsrin əvvəllərinə aid etnoqrafik materiallar nümayiş etdirilir.

Xudaferin.eu

15:48