Füzulinin məzarı dağıdılıb? - Səfirliyimiz hərəkətə keçdi

 

Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Ramiz Qafarov dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Kərbəla şəhərindəki məzarının dağıdılması barədə yayılan xəbərlərə münasibət bildirib.

R.Qafarov publika.az-a açıqlamasında deyib ki, sözügedən xəbərlər təsdiqini tapmayıb: “Bu gün mən sözügedən məsələ ilə əlaqədar İraqın Mədəniyyət Nazirliyi ilə əlaqə saxlamışam. Oradan mənə bildirilib ki, belə xəbər doğru deyil və Məhəmməd Füzulinin məzarına heç nə edilməyib. İndi mən digər yerlərlə də əlaqə yaradıb, dəqiqləşdirmə aparıram. Yəqin ki, özüm də yaxın zamanlarda Nəcəf və Kərbəla şəhərlərinə səfər edib, vəziyyətlə yerindəcə tanış olacam. Dəqiqləşdirmə aparandan sonra da ictimaiyyətə məlumat veriləcək”.

Onu da bildirək ki, Məhəmməd Füzulinin məzarı 1984-cü ildə İraqın devrilmiş diktatoru Səddam Hüseyn tərəfindən dağıdılıb. Həmin vaxtı məzarın dağıdılmasına heç bir türk dövləti etiraz etməyib. Ancaq Azərbaycan müstəqillik qazandıqdan az sonra - 1994-cü ildə Prezident Heydər Əliyevin davamlı israrından və qətiyyətli mövqeyindən sonra Məhəmməd Füzulinin ortalıqda qalmış sümükləri yenidən dəfn edilib, dağıdılmış məzarı və abidəsi bərpa olunub. Daha sonra isə Füzuli adını daşıyan türbə inşa edilib. Hətta, 1994-cü ilin 17 sentyabr tarixində Azərbaycan hökumətinin təşəbbüsü ilə Bağdadda “Məhəmməd Füzuli Konqresi” təşkil olunub. Həmin tədbirə Azərbaycandan Baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi 128 nəfər tarixçi və ədəbiyyatçı alim qatılıb.

Məlumatlara görə, həmin dövrdə Səddam Hüseyn hakimiyyəti Füzulinin məzarını bərpa etdirməyə razılıq vermirmiş. Ancaq sözügedən konqresdə çıxış edən Elçin Əfəndiyev Məhəmməd Füzulinin məzarının dağıdılmasına sərt şəkildə etirazını bildirib. Həmin vaxtı “Füzulinin məzarı bərpa edilmədən Bağdaddan heç bir yerə getmərik” deyən Elçin Əfəndiyev İraqın Mədəniyyət Nazirliyinə gedərək, üç gecə orada gecələyib. Yalnız bundan sonra İraq hökuməti Məhəmməd Füzuliyə türbə inşa edilməsinə razılıq verib. Məhəmməd Füzuli üçün inşa edilən türbə 1995-ci ildə hazır olub. Xatırladaq ki, turkmenelicephesi.com xəbər saytı Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərindəki məzarının dağıdılması barədə məlumat yayıb. Məlumatda deyilir ki, yerli hökumət bunu Kərbəladakı müqəddəs məkanları genişləndirmək üçün edib.

Hurriyyet.org 

17:17