Fuad Köprülünün “Əlişir Nəvai” risaləsi Azərbaycan dilində nəşr edilib

 

Türk Dünyası elmi fikrinin görkəmli simalarından biri professor Fuad Köprülünün “Əlişir Nəvai” risaləsi Nəvai irsinin tədqiqatçısı, filologiya elmləri doktoru Almaz Ülvi tərəfindən dilimizə uyğunlaşdırılaraq nəşr edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə işıq üzü görən bu kitabı Almaz Ülvi əsərin tarixi aktuallığını nəzərə alaraq çapa hazırlayıb.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan türkcəsində hazırlayanı, redaktoru filologiya elmləri doktoru Almaz Ülvi, rəyçiləri isə AMEA-nın müxbir üzvü Nüşabə Araslı və filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.

Kitabı nəşrə hazırlayan A.Ülvi “Bir neçə söz” adlı qeydində yazır: “Məşhur türk tarixçisi, ədəbiyyatşünası, professoru Fuad Köprülünün “Əlişir Nəvai” risaləsini niyə yenidən nəşr etmək istədik? sualının ilk cavabı, Əlişir Nəvainin ədəbi şəxsiyyətinə və irsinə ehtiramdan, türk ədəbi dilinin, elmi dilinin bünövrəsi tarixinə müraciətdən irəli gəldi. XX əsr türk elmi fikrinin nəhənglərindən olan Mehmed Fuad Köprülünün Nəvai haqqında düşüncələrinin dəyəri də əsas meyarlarımızdan oldu. Fuad Köprülü tədqiqatlarından sonra, özünün də bu risalədə qeyd etdiyi kimi, Türkiyədə Nəvai irsinin təbliği və tədqiqi istiqamətində böyük işlər görüldü.

İstanbulda keçirilən "Keçmişdən gələcəyə Xoca Əhməd Yəsəvi" adlı beynəlxalq konfransda (26-28 sentyabr, 2016) türkoloq-nəvaişünas Kemal Eraslanın “Əlişir Nəvainin “Nəsaim ül-məhəbbət” təzkirəsinin əldə etdiyimiz keçi dərisi üzərindəki nadir və qədim əlyazması üzərində tədqiqatlarımız davam edir, yaxın illərdə araşdırmaçılara təqdim ediləcək” – sözü yeniliklərin hələ davam etdiyinə sübutdur. Bu kimi çox araşdırmaların adını çəkə bilərik, amma Fuad Köprülü tədqiqləri bütün bu işlərin özülündə dayanır”.

Naşir qeyd edir ki, Türkiyə ədəbiyyatşünaslığından fərqli olaraq, Azərbaycan ədəbiyyatşünaslığının o dövrü üçün bu tədqiqat yeni bir şey deyildi. Bu əsərin “Biblioqrafiya”sında göründüyü kimi, nə əsrin əvvəllərində Baxçasarayda (1902) Ə.N-əvainin "Mühakimət ül-lüğəteyn” əsərinin (İ.Qaspiralının giriş mə-qaləsi ilə Azərbaycan dilində) kitab şəklində çapından, nə də 1907-1916-cı illər arasında Ə.Həsənzadənin “Dəbistan” və “Diri-lik” dərgilərində davamlı olaraq dərc edilmiş "Təracümi-əhval Əlişir Nəvai" adlı irihəcmli məqalələrindən bəhs edilmir. Firudin bəy Köçərlinin (1863-1920) “Azərbaycan ədəbiyyatı tarixinin ma-terialları” (1925-ci il nəşri) kitabı “Əlişir Nəvai” adlı elmi məqaləsi ilə açılır.
Alim qeydlərində qeyd edir ki, eləcə də, Özbəkistanda Əlişir Nəvai haqqında ilk elmi tədqiqatlar 1920-ci illərin əvvəllərində milliyyətcə krım-tatar olan Özbəkistanda fəaliyyət göstərən Əbdürrəhman Sədi və Əbdürrauf Fitrət tərəfindən yazılıb. Azərbaycandan Daşkəndə sürgün edilən Maqsud Şeyxzadənin 1930-cu ildə özbəkcə yazdığı ilk elmi məqaləsi Nəvai haqqında olub. “Haqqında söhbət gedən risalədə bu tədqiqatlardan söz açılmamasının əsas səbəblərindən biri yəqin ki, sovet sərhəd-lərinin bağlı olması idi. 1926-cı ildə I Bakı Türkoloji Qurultayında Ə.Nəvai ədəbi şəxsiyyətinə və irsinə verilən yüksək dəyər, Türki-yəyə dönən F.Köprülü bu istiqamətdə yeni tədqiqatlara, yeni təqdimatlara ehtiyac olduğunu gördü və Türkiyə elmi fikrində “Əlişir Nəvai” adlı elmi, ədəbi yeniliklərin ortaya qoyulmasına stimul oldu.
Nəvai haqqında yazılmış bu qısa mətn – “Əlişir Nəvai” risaləsi o dövr Türkiyə elmi üçün yenilik idi: ondan sonra Ə.Nəvai haqqında dolğun, geniş tədqiqatlar yazıldı, bu gün də yazılır. Əsərləri Türkiyə türkcəsində nəşr edildi, bu gün də nəşr olunur. F.Köprülünün yazdığı kimi, “Nəvainin əsərləri, yalnız öz şəxsiy-yətini öyrənmək üçün deyil, yaşadığı dövrün ümumi mənzərəsini anlamaq üçün də birinci dərəcəli sənədlərdir”, deyə kitabı nəşrə hazırlayan Almaz Ülvi bildirir. İnanırıq ki, bu kiçik əsər tədqiqatçıların diqqətini cəlb edəcəkdir.

Xudaferin.eu

"Bakı Bürosu"

 

10:12