Fətəli xan Dünbili: erməni quldurlarının qənimi

Fətəli xanın mənsub olduğu Dünbili eli I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmindən Xoy vilayətindən Qarabağa köçürülmüşdü. Onlara Çulundur, Bərgüşad nahiyələrində mülk, tiyul, soyurqal verilmişdi. 

 

 Fətəli bəy Mirzə Sultan xan oğlu Bərgüşad mahalının Hal kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şah Sultan Hüseyn Səfəvinin fərmanı ilə sultan ünvanına layiq görülmüşdü.

         

1722-ci ildə Qarabağ bəylərbəyi Fətəli sultanı üsyançılara qarşı vuruşa çağırdı. Fətəli sultan Şirvan səfərində və Gəncənin müdafiəsində iştirak etmişdi.

         

Tiflis ermənisi David bəy (erməni mənbələrində Davidbek) 1722-ci ildə Qapana gələrək orada hərbiləşdirilmiş dəstə yaratdı. İran xanədanının yerli canişinlərini qovan ermənilər 1723-cü ildə Qapanda "müstəqil" erməni knyazlığının yarandığını elan etdilər. David bəy Qapandakı Babək qalasını istehkama çevirərək orada möhkəmləndi [История армянского народа. Ереван, 1980., 167].

         

1723-25-ci illərdə İran tərəfindən müqavimət görməyən Davidbek yerli hakimləri özünə tabe etdirərək, Zəngəzurun bir çox məntəqələrini, o cümlədən Urud qalasını ələ keçirir [Erməni Sovet ensiklopediyası. VIII cild. Yerevan, 1982, s. 650-651].

         

Səfəvilər ordusunu Cənubi Qafqazdan sıxışdırıb çıxaran Osmanlı qoşunları 1725-ci ildə Zəngəzura daxil olaraq David bəyi Urud qalasından vurub çıxarırlar. 1726-cı ildə isə David bəy Qafandakı iqamətgahından qovularaq Mehri rayonu ərazisindəki Əlidərə qalasına sığınır [История армянского народа. Ереван, 1980, 168].

         

Osmanlı ordusunun qarşısında davam gətirə bilməyən David bəy yenidən şah Təhmasibə üz tutaraq onun hakimiyyətini qəbul etdiyini bildirir və müttəfiqlik təklif edir. Lakin bu müttəfiqlik bir nəticə vermir və David bəy 1728-ci ildə xəstəlikdən ölür. Onun başladığı hərəkatı davam etdirən ermənilərin daha bir "milli qəhrəmanı" Mxitar Sparapet isə daha iki il türk qoşunlarına qarşı partizan müharibəsi aparır və 1730-cu ildə öz silahdaşlarının biri tərəfindən öldürülür.

         

Fətəli sultan 1724-cü ilin 29 martından 4 aprelədək Naxçıvan hakimi ilə birləşərək erməni David bəy üsyanının yatırılmasında iştirak etmişdi. Naxçıvançay ətrafında baş verən döyüşdə Fətəli sultanın qoşunu David bəy tərəfdarlarını əzmişdi.

         

1726-cı ildə Fətəli sultan Bərgüşad mahalında və ətrafdakı Qaraçorlu, Püsyan, Şirvanşahlı ellərini birləşdirib osmanlılara qarşı üsyan qaldırmışdı. Sultan bu üsyanın yatırılması haqqında Gəncə bəylərbəyi Hacı Mustafa paşaya hökm göndərmişdi. [Osmanlı sənədlərində Qarabağ, Bakı, “Şərq-Qərb”, 2011, 616 səh. S. 64.]

         

Qarabağ bəylərbəyi II Uğurlu xan Ziyadоğlu-Qacar II Şah Təhmasibin yanına qaçmışdı. 1730-cu ildə şah оnu 700 nəfərlik dəstə ilə Qarabağa qоşun tоplamağa göndərmişdi. Uğurlu xan Bərgüşad və Bərdə qəzalarından 12 min nəfərlik qоşun yığmışdı. İbrahim paşanın yanında оlan Qarabağ qоşunu Qara bəyin başçılığı altında qaçıb Uğurlu xana qоşuldu.

         

Fətəli sultan II Şah Təhmasib Səfəvinin fərmanı ilə xan ünvanına layiq görüldü. 

         

Nadirqulu xan Qırxlı-Avşar Qarabağı Osmanlılardan təmizləyəndən sonra Bərgüşad mahalına Əliqulu xan Dünbilini hakim təyin etdi. Mahalı Qarabağ bəylərbəyiliyinin tərkibindən çıxarıb Təbriz şəhərinə, Azərbaycan bəylərbəyiliyinə tabe etdi. Nadirqulu xan sonra Əliqulu xanı başqa yerə göndərib, Əlinağı xan Dünbilini mahal hakimi təyin etdi.

         

Fətəli xan Dünbili böyük mülkədar idi. Bərgüşad mahalında bir neçə kəndə yiyəlik edirdi.

         

Bir mənbədə qeyd olunub ki, “Şirinbulaq ətrafında-Aslanlar düzündən bir qədər qərbdə Kaftarlı dərəsində ərazinin digər bölgəsinə nəzarət edən Fətəli xan və onun iqamətgahı olub. Məmər kəndinin ətrafındakı “Aslanlar düzü” onun adını daşıyır. Fətəli xanın ilk evi Məmər kəndində olub. Fətəli xanın Kaftarlıda böyük iqamətgahı olub. Onun da böyük qoşunu, xeyli silah ehtiyatı olub”.

         

Fətəli xanın Əsədulla bəy, Ata xan adlı oğlanları vardı.

 

Ənvər Çingizoğlu,
jurnalist-etnoqraf

22:35