Əfsanə Sevigin: İranda türk dilini gündəmə gətirən siyasətçilər dəstəklənməlidir

 

Əfsanə Seviginin fikrincə, İran dövlətindən ana dilində təhsil haqqı tələbi və əhalini türk dilində yazıb-oxumağa təşviq edən kampaniyalar parallel şəkildə yürüdülməlidir. İsveçdə yaşayan siyasi fəal “Amerikanın Səsi” radiosu ilə söhbətində Güney Azərbaycanda türk dili ilə bağlı təşkil olunan kampaniyaları dəyərləndirib.

Əfsanə Sevigin deyir, türk dilinin siyasətçilər tərəfindən gündəmə gətirilməsi, sadəcə səs almaq məqsədilə olsa belə, dəstəklənməlidir. O, keçən illər boyunca düzənlənən ana dili uğrundakı kampaniyaları müsbət dəyərləndirməklə bərabər, qeyri-fars cəmiyyətlərin ana dilində təhsil haqqını əldə etmələrinin bütün ölkə üçün faydalı olduğunu önə çəkir.

“Kampaniyalar toplumda və milli fəalların içində ümumiyyətlə müsbət qarşılanır. Ana dilində yazıb-oxumaq və təhsil olmaq təbii və təməl bir haqdır. Bizim bu haqqı əldə etməyimiz İranda başqa xalqlarda, xüsusilə də fars cəmiyyətində ya İran toplumunda heç bir mənfi hiss oyandırmamalıdır. Bəlkə ana dilində təhsil almaqla bizim uşaqların fikrini və zehnini gücləndirmək, İrana çox böyük faydası və yararları olacaqdır,” deyə o söyləyir.

Sevigin ana dilinə dair kampaniyaların beynəlxalq ictimaiyyətdə də gündəmə çıxarılmasının zamanının gəldiyini ifadə edir. Onun dediklərinə görə, “prosesin daha da sürətləndirilməsi və beynəlxalq toplumlara çəkilməsi lazimdir. Bunun öz içimizdə danışılması məsələnin önəmli bir tərəfidir. Ama daha önəmli bir tərəfi də beynəlxalq təşkilatlara çəkib, orada danışılması və ortaya qoyulmasını təmin etməkdir.”

Əfsanə Sevigin əhalini türk dilində yazıb-oxumağa sövqləndirmək və İran dövlətindən ana dilində təhsil haqqını tələb etməyə dair kampaniyaların birgə yürüdülməsinin vacibliyinə diqqət çəkir: “Bu kampaniyalar yanaşı getməlidir. Bu toplumda başlamasaydı, dövlət səviyyəsinə gəlib çatmayacaqdı. Toplumda istək olduğu üçün bölgədə çalışan məsullara toplum tərəfindən basqı var. Bu üzdən, bu dövlət səviyyəsində danışılır.”

Türk fəal əlavə edir, “biz türkcə yazıb-oxumağı onun İranda rəsmi olacağı zamana, sabahlara və birigünlərə buraxsaq, müsbət nəticə əldə edə bilməyəcəyik. Bunu özümüzdən başlamalıyıq. Farsca yerinə türkcə yazmaqla... Tamam, məktəblərdə bu imkanımız yoxdur, ancaq onun qırağında yazılarımızı türkcələşdirək. Bir-birimizə məktublarımızı türkcə yazaq, sosial mediada... Bu toplumda da təsirini göstərəcəkdir. Bunu əlavə olaraq dövlət səviyyəsinə götürmək də qətiyyən lazimdir.”

Əfsanə Sevigin türk dil hüquqlarının millət vəkilliyi ya şəhər şurası namizədləri tərəfindən səsləndirilməsini birmənalı olaraq müsbət dəyərləndirir. Onun fikrincə, siyasətçilərin türkcənin tədrisi ilə bağlı çıxışları, sadəcə səs almaq məqsədi ilə olsa da dəstəklənməlidir.”

Amerikaninsesi.org

09:25