Fransada “Türk Dünyası Kültür Günü”ndə Azərbaycan da təmsil olunub

Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) ənənəvi olaraq 2007-ci ildən başlayaraq “Türk dünyasının mədəniyyət günü” keçirilir. Budəfəki tədbirdə də türk  toplumlarından – türk, kazak, qırğız və uyğurların stendləri ilə yanaşı, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən guşə təşkil olunub.

Bu guşə Fransadakı səfirliyimizin dəstəyi və İNALCO-da Azərbaycan dilini tədris edən Aygün Eyyubovanın təşkilatçılığı ilə hazırlanıb. Guşədə Azərbaycanın mədəniyyəti, tarixi, turizm imkanları və milli mətbəxinə dair kitabları və diskləri, eləcə də ölkəmizə dair suvenirlər nümayiş olunub. Ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumat verilib. Əvvəlki illərdən fərqli olaraq bu il stendimizin hazırlanmasında və təqdimatında İNALCO-da dilimizi öyrənən xarici tələbələr - İbrahim Divara, Gil Siqarudi və həmyerlimiz İsmayıl Məmmədov yaxından iştirak ediblər. Onlar qonaqların və həmkarlarının Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı suallarını cavablandırıblar. Mədəniyyət günü çərçivəsində təmsil olunan ölkələrin folklor musiqiləri səslənib. Balaca Səma ilə Ümid milli rəqslərimizi ifa ediblər.Həmişə olduğu kimi, Azərbaycan guşəsi ziyarətçilərin böyük marağına səbəb olub.

Xudaferin.eu
Fransa, “Paris Bürosu

11:38