Fransa ermənipərəstlikdən əl götürmür - Lil şəhərində separatçı Qarabağ qurumunun “bayrağı” dövlət bayraqları ilə bir sırada…

Faiq Ələkbərli: “Qondarma rejimin “bayrağı”nın Fransanın şəhərlərində, bu ölkənin ictimai yerlərində dalğalandırılmasına cəhd göstərilməsi təsadüfi deyil”

 

İşğalçı Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini boşaltmaq əvəzinə, daha böyük qanunsuzluqlara, siyasi həyasızlığa yol verir. Bu gün Ermənistan dayanmadan qondarma “DQR”in bayrağını təbliğ edir, onun müxtəlif ölkələrdə tanınmasına nail olmaq istəyir.

Bu azmış kimi, düşmən ölkə hətta idman yarışlarında, iştirak etdiyi müxtəlif beynəlxalq tədbirlərdə də qondarma rejimin saxta bayrağını beynəlxalq ictimaiyyətin gözünə soxmağa çalışır. Bununla ürəyi soyumayan işğalçı ölkə ən müxtəlif ölkələrin şəhərlərində, ictimai yerlərində qondarma rejimin “bayrağını dalğalandırmaq” istəyir. Həmişə olduğu kimi, bütün məsələlərdə, o cümlədən, bu məsələdə ermənilərin dadına Fransa çatır. Bu gün Fransada qondarma rejimin təbliğatı üçün kifayət qədər münbit şərait mövcuddur.

Fransada yaşayan soydaşlarımızın mətbuata verdiyi məlumata görə, Fransanın Lil şəhərində qondarma rejimin də “bayrağı” asılıb. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın “bayrağı”nın ictimai yerdə asılmasından ciddi narahatlıq keçirən soydaşlarımızının bildirdiyinə görə, Fransanın Lil şəhərində bir parkda Ermənistan bayrağı ilə yanaşı, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı” da sancılıb.

Azərbaycanlı gənclər işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma “bayrağı”nın yığışdırılması üçün Azərbaycanın Fransadakı diplomatik korpusuna məlumat verəcəklərini bildiriblər.
 

  • “...bu şəkildə təbliğ edilməsi yolverilməzdir”

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”Xudaferin.eu istinadən bildirdi ki, biz Azərbaycan xalqı və dövləti olaraq nə qədər ki, torpaqlarımızın işğaldan azad olunmasına nail olmamışıq, ermənilərin bu cür təxribatları davam edəcək. “Bu baş verməsə, qondarma rejim və onun arxasında dayananlar daim bu cür qıcıqlandırıcı addımlar atacaqlar, qondarma rejimin “bayrağı”nın təbliğinə davam edəcək. Şübhəsiz ki, qondarma rejimə dəstək verən, onun özünü ifadə etməsi üçün ən potensial ölkələrdən biri Fransadır. Çünki Fransa hər zaman Ermənistana və ermənilərə dəstək verən ölkələrin ilk sıralarında gəlir. Bu anlamda qondarma rejimin “bayrağı”nın Fransanın şəhərlərində, bu ölkənin ictimai yerlərində dalğalandırılmasına cəhd göstərilməsi təsadüfi deyil. Ermənistan və qondarma rejimin təmsilçiləri, qanunsuz şəkildə torpaqlarımızda yerləşdirilən ermənilər hər zaman belə qıcıqlandırıcı addımlar atırlar. Əlbəttə, qondarma rejimin saxta “bayrağı”nın bu şəkildə təbliğ edilməsi yolverilməzdir. Amma təqdirəlayiq hal ondan ibarətdir ki, ermənilərin atdıqları bu separatçı, qıcıqlandırıcı addımlara həm xaricdə yaşayan soydaşlarımız, həm də ölkə vətəndaşları çox ciddi narazılıqlarını, etirazlarını bildirirlər. Əvvəlki dövrlərlə müqayisədə son zamanlar ermənilərin bu kimi addımlarına soydaşlarımız tərəfindən daha sərt, kəskin reaksiya verilir”.

F.Ələkbərli hesab edir ki, vətəndaşlarımızın və xaricdə yaşayan soydaşlarımızın erməni təxribatına, separatizminə sərt təpkilər göstərməsi, etirazlar etməsi get-gedə müharibənin qaçılmaz olduğunu deməyə əsas verir. Müsahibimizin sözlərinə görə, biz gözləməli deyilik ki, ermənilər separatçı addımlarını davam etsin, hər gün eyni təxribat törətsinlər, əksinə, bütün anlamlarda onlarla bağlı önləyici işlər görməliyik. Müdafiə mövqeyindən əl çəkib hücum mövqeyində dayanmalı olduğumuzu deyən F.Ələkbərlinin fikrincə, bu həm diplomatik, həm də digər sferalarda belə olmalıdır. “Ancaq ən önəmlisi, şübhəsiz ki, son dönəmlərdə daha çox bizi düşündürən Azərbaycan torpaqlarını işğaldan azad etmək və işğal altında olan ərazilərimizdə yerləşən terrorçu qrupları məhv etməkdir. Qondarma rejimi məhv etmək üçün hərbi əməliyyatların keçiriləcəyi mesajını da ictimaiyyət olaraq da gücləndirməliyik. Dövlətin bununla bağlı mesajları məlumdur. Biz həqiqətən də bu hərbi əməliyyatlara başlamaq niyyətimizi gerçəkləşdirməliyik. Artıq biz bu məsələdə müdafiə olunan tərəf olmamalıyıq. Bizim öz ərazilərimizdə antiterror əməliyyatları keçirməyə haqqımız var. Ancaq bu halda biz bu məsələni kökündən həll edə bilərik”.

F.Ələkbərli qeyd etdi ki, bu gün istər Avropa ölkələrində, istərsə də ABŞ-da və başqa ölkələrdə Ermənistanın və qondarma rejimin bizə qarşı həyata keçirdiyi separatçılığa, təxribatlara dayanıqlığımız var, onların cavabı verilir, bu hallara qarşı mübarizə aparırıq.

xudaferin.eu

13:29