Əfqanıstanda terror aktı nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

Əfqanıstanın şərqində yerləşən Nanqarhar vilayətində Ramazan bayramı münasibətilə keçirilən mərasimə terrorçu-kamikadze tərəfindən hücum edilib.

Xudaferin.eu xəbər verir ki, Tolo news telekanalının hüquq mühafizə orqanlarına istinadla yaydığı məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, yaralananların sayı isə 50-ni ötüb. Hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.

“Hüquq mühafizə orqanlarının nümayəndələri təsdiqləyiblər ki, Nanqarhar vilayətində “Taliban” hərəkatı üzvlərinin və təhlükəsizlik qüvvələri əməkdaşlarının iştirakı ilə keçirilən tədbirə hücum nəticəsində 26 nəfər həlak olub, daha 54 nəfər yaralanıb”, - telekanalın Twitter səhifəsindəki xəbərdə belə deyilir.

Xatırladaq ki, Əfqanıstan Prezidenti Əşrəf Qani Ramazan bayramı ilə əlaqədar iyunun 11-dən 19-dək ölkədə birtərəfli qaydada atəşkəs elan etmişdi. Sonradan hökumətin ardınca “Taliban” hərəkatı da atəşin üç günlüyə dayandırılması barədə bəyanat vermişdi.

İyunun 16-da Əşrəf Qani müddət göstərilmədən atəşkəsin birtərəfli qaydada uzadıldığını elan edib.

Xudaferin.eu

05:26