Florensiyada tanınmış azərbaycanlı memarın xatirə lövhəsi açılıb

 

İtaliyanın Florensiya şəhərinBeynəlxalq Mədəniyyət Mərkəzinin və Romualdo del Bianko Fondunun qərargahının yerləşdiyi “Palasso Koppini” renessans sarayında Azərbaycanın tanınmış memarı, şəhərsalma mütəxəssisi, alim Fikrət Hüseynova həsr olunmuş xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib.

Memarın oğlu Əmir Hüseynov bildirib ki, mərasim zamanı xatirə lövhəsinin Romualdo del Bianko Fondunun inkişafına və tanıdılmasına sanballı töhfə vermiş humanitar sahə üzrə görkəmli xadimlərin fəxri qalereyasını tamamladığı vurğulanıb. Xatirə lövhəsinin açılış mərasimi Fondun Baş Assambleyasının və dünyanın 5 qitəsindən 46 ölkənin aparıcı ekspertlərinin qatıldığı memarlıq və turizmin inkişafının qlobal məsələlərinə dair konfransa həsr edilib. Romualdo del Bianko Fondu təkcə böyük dünya mədəni irsinin təbliğatçısı deyil, həm də əsrin dörddəbirindən çoxdur ki, müxtəlif ölkə və qitələrin mədəniyyətlərarası dialoquna kömək edir, mədəni qarşılıqlı mübadilənin inkişafında dünya irsi obyektlərinin əhəmiyyətini nümayiş etdirir.

Ötən il vəfat etmiş azərbaycanlı memar, memarlıq doktoru Fikrət Hüseynovun memarlıq və təhsil sahəsində Azərbaycan-İtaliya mədəniyyət əlaqələrinin inkişafına verdiyi müstəsna töhfəni Fondda xatırlayır və yüksək qiymətləndirirlər. O, uzun illər Fondla məhsuldar əməkdaşlıq edib. F.Hüseynovun yorulmaz fəaliyyəti və əzmkarlığı nəticəsində Fond ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında sıx əlaqələr qurulub. Bu gün görkəmli alimin memarlıq irsini onun oğlu, AzMİU-nun kafedrasının dosenti Əmir Hüseynov davam etdirir. O, atasının xatirəsinə həsr olunan lövhənin açılışında iştirak etmək üçün Fond tərəfindən dəvət almışdı. Gənc alim və istedadlı memar, həmçinin MDB və Avropanın müxtəlif ölkələrinin tələbələrinə ustad dərsləri keçir.

Açılış mərasimində çıxış edən Əmir Hüseynov ailə üzvləri, habelə AzMİU-nun rektoru və professor-müəllim heyəti adından Romualdo del Bianko Fondunun prezidenti Paolo del Biankoya və Fondun baş katibi Simone Ciomettiyə atasının mədəni və akademik irsinə həssaslıq və hörmətlə yanaşıldığına görə təşəkkürünü bildirib. O qeyd edib ki, professor F.Hüseynov 30 il ərzində bu ali məktəbdə “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasına rəhbərlik edərək beynəlxalq elmi cəmiyyətdə yüksək səviyyəni layiqincə qoruyub saxlaya bilən memarlar, tədqiqatçılar, peşəkarlar məktəbi yarada bilib. Paolo del Bianko Fond ilə AzMİU arasında birgə işin başlanması barədə xatirələrini bölüşərək deyib: “O zaman biz professor F.Hüseynovun biliyi, təcrübəsi və qeyri-adi insani keyfiyyətləri sayəsində çox iş görə bildik. O, çoxlu birgə layihələrimizin təşəbbüskarı və yaradıcısı olaraq, bizim ilk proqramlarımızın əsasını qoyub. Bizim ikitərəfli münasibətlərimizin inkişafına onun kimi əsaslı təsir edən olmayıb”.

Fondun prezidenti əsası F.Hüseynov tərəfindən qoyulan dostluq və əməkdaşlığın onun ardıclıları və şagirdləri tərəfindən davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xudaferin.eu
İtaliya, “Roma Bürosu”

 

08:17