Finlandiyada ünlü Azərbaycan rəssamı Çingiz Abbasovun sərgisi açılıb

 

Azərbaycan-Finlandiya “Dostluq” cəmiyyətinin rəhbəri Təranə Nəzərova bildirib ki,  Çingiz Abbasov bizim cəmiyyətinin fəxri üzvüdür. Çingiz Abbasov Hyameenlinna şəhərində yaşayır. Burada rəssamın “Möhtəşəm Bakı” adlı sərgisi açılıb. Sərginin açılış mərasimində Finlandiyanın kültür və sənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər. Sərgidə Ç. Abbasovun “Qız Qalası”, “İçərişəhər”, “Müasir bulvar” və başqa əsərləri nümayiş etdirilir.

 

Çingiz Abbasovun beynəlxalq karyerası 90-cı illərin əvvəlindən başlanıb və artıq 20 ilə yaxındır ki, davam edir. Azərbaycan rəssamının Avropada və ABŞ-da sərgiləri təşkil edilib, onun işləri bütün dünyada çoxsaylı şəxsi kolleksiyalara və dövlət kolleksiyalarına daxil edilib. “Hameelinnan Kaupunkiuutuset” (“Hyameenlinna xəbərləri”) qəzetində Azərbaycan rəssamı Çingiz Abbasovun əsərlərindən ibarət sərgiyə həsr edilmiş “Bakı ilə tanışlıq” sərlövhəli məqalə dərc olunub. Qəzetdə qeyd edilir ki, Sankt-Peterburqda rəssamlıq təhsilinin yüksək səviyyəsi və çoxillik iş təcrübəsi Çingizin əsərlərində öz əksini tapır. Rəssam onun əsərlərinin nəyə görə yalnız indi sərgilənməsi barədə sualına cavabında deyib: “Mən “Magnificent Baku” adlı kitab-albomumu tamaşaçılara təqdim etmək üçün münasib məqam gözləyirdim və bu işə doğma şəhərimdən başlamağı qərara aldım”.

Məqalədə vurğulanır ki, Çingiz Abbasovun “Magnificent Baku” adlı kitab-albomundakı mistik obrazlar ona qəlbən yaxındır. Kitab-albomda toplanmış 102 əsərdə müasir və köhnə Bakının mənzərələri təsvir edilib. Çingiz Abbasov əmindir ki, doğma Bakı mənzərələrini geniş auditoriyaya təqdim etmək bir rəssam kimi onun borcudur.

“Magnificent Baku” kitab-albomu ABŞ Konqresi kitabxanasının kataloquna daxil edilib. Həmin nəşr azərbaycanlı müəllifin bu kitabxanaya daxil edilmiş belə formatlı və belə məzmunlu ilk kitabıdır.

Xudaferin.eu
Finlandiya, “Hülsinki Bürosu”

10:38