“Financial Times” : Azərbaycana görə milyardlarla dollar təhlükə altına düşdü, BP məyus oldu

 

Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxması Avropaya qaz kəməri tikintisi üçün kreditə verilmiş milyardlarla dolları təhlükə altına qoyur. Bu haqda Böyük Britaniyanın nüfuzlu “Financial Times” nəşri yazıb.

Bildirilib ki, MHŞT-da ölkələrin üzvlüyü könüllü əsasda olur və bu təşkilatın qərarları hüquqi öhdəliyə malik deyil. Lakin Azərbaycanın təşkilatdan çıxması beynəlxalq maliyyə institutlarını kredit ayırmaq məsələsində düşünməyə vadar edəcək. Məsələ burasındadır ki, burada hər hansı bir ölkənin üzvlüyü şəffaflıq üçün əlavə zəmanətdir. Lakin Avropanın Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi “Financial Times”ə bildirib ki, Azərbaycanın qurumdan çıxmasından sonra vəziyyət dramatikləşməyə başlamayıb. “Hər hansı layihəyə pul qoymazdan əvvəl biz öz daxili və kifayət qədər ciddi normativlərimizə baxırıq”-deyə nümayəndə bildirib. Azərbaycanın ən böyük kreditorlarından biri olan Dünya Bankının nümayəndəsi isə yayğın fikir səsləndirib: “Biz bundan sonra hasilat sahəsində gəlirlərin idarə olunmasında şəffaflığı təmin etmək üçün Azərbaycanın səylərini dəstəkləyəcəyik”-deyə bildirib. Yalnız PB şirkəti Azərbaycanın qərarından təəssüfləndiklərini etiraf edib.

“Biz Azərbaycanın qərarından sonra məyus olduq. Azərbaycanın bu təşkilatdan çıxması heç kimin maraqlarına cavab vermir”- BP-dən belə deyiblər.

Martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində MHŞT Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib. Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

Şahmar Mövsümov bundan sonra bəyanatla çıxış edib. Bəyanatda bildirilib: “MHŞT prosesinə güclü təkan vermək və beynəlxalq səviyyədə Təşəbbüsü dəstəkləmək məqsədilə Azərbaycan hökuməti 2008-ci il sentyabrın 11-də MHŞT-ni dəstəkləyən Qətnaməni Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında irəli sürmüş və bu Qətnamə 2008-ci il sentyabrın 11-də yekdilliklə qəbul edilib. Astanadakı son toplantı zamanı MHŞT üzrə beynəlxalq İdarə Heyəti 2015-ci ildə keçirilmiş Qiymətləndirmə ilə müqayisədə Azərbaycanın 2016-cı il üzrə MHŞT Standartının tətbiqi istiqamətində və bir neçə fərdi tələbin yerinə yetirilməsi sahəsində qənaətbəxş irəliləyişlər əldə etdiyi qənaətinə gəlib. MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin qərarına əsasən Azərbaycanın namizəd ölkə statusu saxlanılıb. Beynəlxalq İdarə Heyəti növbəti toplantıya qədər ölkəmizə bir neçə istiqamətdə yerinə yetiriləcək İslahedici tədbirlər planını təqdim edib.

Biz inanırıq ki, cari qaydalara edilmiş mühüm dəyişikliklər ilə Azərbaycan İslahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olub. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər. 2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulmuş və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl edib. Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcək. Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm".

Politika.az

09:40