Film kimi həyatının sönməz ulduzu

Biz onunla eyni ildə dünyaya gəlmişik. Aramızda düz 2 ay fərq olub: O, 26 apreldə, mən isə 26 iyunda doğulmuşuq. 
Bu gün onun günüdür... Yeni yaşın mübarək, Güleçka!
İllər ötsə də belə, Gülbəniz Əzimzadə deyəndə qarşımızda filmləri ilə Azərbaycan kinosunda silinməz iz qoymuş, həyatını sevimli peşəsinə fəda edən gözəl sənətkarın siması canlanacaq.
Uşaqlıqdan dost idik. Ata-analarımız bu dostluğun təməlini qoymuşdular. Yadımdadır, hələ məktəbə getmirdik. Biz "cuhudlar məhəlləsi" adlanan Dimitrov küçəsində, Yusif əmigil isə 7-ci Parallel küçəsindəki 50-ci illərin əvvəllərində tikilmiş gözəl binada yaşayırdılar. Analarımızın görüş yeri Beşmərtəbənin qarşısındakı bağ idi. Onların başı şirin söhbətə qarışardı, biz isə karuseldə fırlanar, oynayar, dəcəllik edərdik... 
Sonra qonşu olduq, Hüsü Hacıyev 19-dakı Yazıçılar Binasında eyni blokda yaşadıq. Bu da bir naxış idi. Daha yaxından görüşə bilirdik. Oradan Vaqif 30-da yazıçılar üçün tikilən yeni binaya köçəndə yenə də eyni blokda qonşu olduq...Mehribançılığımız, ünsiyyətimiz sonsuz idi...Ciddiliyi ilə yanaşı çox  zarafatçıl idi Gülbəniz...Yadımdadır, evlərində Jan Effelin karikaturalarından ibarət kitablar var idi. Onlara baxmaqdan doymazdıq. Hər karikaturaya Gülbənizin öz gülməli qeydləri olardı...
Onunla abonement alıb Filarmoniyaya simfonik konsertlərə, yeni filmlərin baxışına, teatrlara birgə gedərdik... Yalnız 5 il, o Moskvada Kinematoqrafiya İnstitutunda (VGİK-də) oxuduğu müddətdə aralansaq da, səbirsizliklə təlilə gəlməyini gözləyərdik və yığışardıq onun başına. O da bizə populyar kinoartistlər haqqında maraqlı məlumatları verərdi...
Daxilən çox azad insan idi Gülbəniz. Filmlərində də bunu asanlıqla sezmək olur. Hər yeni filminin premyerası ərəfəsində mütləq zəng edib dəvət edərdi bizi... "Ömrün səhifələri" adlı kinoalmanaxına daxil olan "Nəğmə dərsi"  filminə bacım Gülşəni, "Təkcə adanı özünlə apara bilməzsən" filminə isə Gülşənin qızı Aynurun balacalığını çəkmişdi. Deyirdim ona, bir mən qalmışam, gör mənə də bir rol taparsanmı?
Nə qədər planları var idi, nə qədər mövzulara baş vurub gözəl filmlər çəkəcəkdi. Qəddar xəstəlik qoymadı, tez apardı... Amma dünyadan aparsa da, xatirimizdə həmişəlik gül bənizli Gülbənizimiz yaşayır...
Yeni yaşın mübarək, unudulmaz əziz dostum, rəfiqəm, cansirdaşım!

Səidə Qocamanlı

23:35