Filippində prezidentin impiçmenti tələb olundu

 

Filippində müxalifətdən olan deputat ağır cinayətlərə, hakimiyyətdən və ictimai etibardan sui-istifadəyə görə ölkə konqresinə prezident Rodriqo Dutertenin impiçmentini tələb edən müraciət ünvanlayıb.

Müxalifətdən olan deputat Qeri Alexano R.Duterteni impiçment qaydasında təqib olunan cinayətlərdə günahlandırıb. Prezidentin vəkili Salvador Panelo bu tələbi əsassız “qara təbliğat” adlandıraraq bildirib ki, impiçment cəhdi uğursuzluğa məhkumdur və R.Dutertenin böyük nüfuzuna heç bir təsir göstərməyəcək. Q. Alexano qeyd edib ki, iddianın məqsədi filippinlilərə “Duterte tərəfindən yol verilən qayda pozuntularına və cinayətlərə qarşı mübarizə aparmaq” imkanı yaratmaqdır. Bununla yanaşı, deputat etiraf edib ki, bu, qeyri-bərabər mübarizədir.

Bu ərəfədə kütləvi-informasiya vasitələri prezident R.Dutertenin Davao şəhərinin meri olarkən xüsusi “məhv edənlər dəstəsi”nin üzvlərinə pul ödəyərək cinayətkarları öldürmək barədə göstəriş verməsi barədə məlumatlar yayıblar. Xəbər verdiyimiz kimi, Filippin prezidenti narkotik vasitələrdən asılı olan insanlara və bu maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olanlara qarşı genişmiqyaslı əməliyyatlar aparır. BMT-nin yaydığı son məlumatlara görə, R.Duterte hakimiyyətə gələndən ölkədə 6 mindən çox insan narkotik ticarətlə məşğul olduğuna görə qətlə yetirilib.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

08:27