FERMERLƏRİN TORPAQLARI ƏLLƏRİNDƏN ALINIR

 

Çərşənbə axşamı Prezident Aparatının binasının önünə toplaşan Kürdəmir və İmişli fermerləri torpaq sahələrinin əllərindən alındığını deyir.

Əslən Qəbələ sakinləri olan şikayətçilər bildiriblər ki, onlar yay aylarında Qəbələdə, qış aylarında Kürdəmirdə yaşayırlar.

"Tərəkəmə camaatıyıq" deyən şikayətçilər 1950-ci illərdən başlayaraq payız və qış aylarını Kürdəmirdə keçirirlər.

"Sentyabr ayının ortalarından gəlirik, mayın 20-nə qədər burda qalırıq", deyən fermerlər əsasən heyvandarlıqla məşğuldurlar.

Onların sözlərinə görə, yerli icra hakimiyyəti ərazidə yaşayanlara çıxmaq üçün may ayına qədər vaxt verib.

 

"Payızda qayıtmayın"

 

BBC Azərbaycancaya danışan şikayətçilər deyirlər ki, 2017-ci ilin əvvəlində Nazirlər Kabinetinin torpaqların təyinatının dəyişdirilməsilə bağlı qərarından sonra onlardan əraziləri tərk etmək tələb edilib.

"Deyirlər torpaq əkinçilik üçün ayrılır. Guya Hollandiya şirkəti aqropark yaradır, bizi çıxarırlar", fermerlərdən biri iddia edir.

"Deyiblər ki, əmlakınızı da söküb çıxın, payızda qayıtmayın" - digər fermer bildirir.

Onlar ərazidə 46 təsərrüfatın mövcud olduğunu və ümumilikdə 150 mindən çox qoyun saxlanıldığını deyir. Şikayətçilər, tələblərinin onlara əlavə torpaq sahəsi ayrılması olduğunu deyirlər. Bundan başqa Prezident Aparatının qarşısına İmişli rayonundan olan fermerlər də toplaşıblar. Onlar əllərində olan sahələrin "məcburi şumlandığını" və "pambıq əkiləcəyini" deyirlər.

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti və İmişli Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb. Kənd Təsərrüfatı Nazirliyindən BBC Azərbaycancaya verilən məlumata görə isə, "nazirlik belə faktın olmasından xəbərsizdir". Qurum sözçüsü Murtuzəli Hacıyev məsələni araşdırdıqdan sonra şərh verə biləcəyini qeyd edib. Fermerlərin bəhs etdiyi "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı 20 yanvar 2017-ci ildə imzalanıb.

Hurriyyet.org 

09:48