Faydasız, təhlükəli... düşüncələrə son verək!

 

İnternat Məzunlarının Sosial İnteqrasiyası birliyinin sədri: “İnternat uşaqlarının cəmiyyətə faydası ailələrdə böyüyənlərdən az deyil”. Vitalik Maslov 1983-cü ildə anadan olub. Valideynləri varmı-yoxmu, körpə yaşlarından indiyədək xəbərsizdir. 2012-ci ildən Saray qəsəbəsindəki 7 saylı internat məktəbinin məzunudur. Valideyn himayəsindən, qayğısından məhrum olan əksər məzunlar kimi o da internat məktəbini bitirdikdən sonra taleyin ümidinə buraxılıb.

Vitalik hazırda Masazırda kirayədə yaşayır, evlidir, işsizdir. Yaşayış yeri tapmaq üçün döydüyü qapılardan ümidsiz qayıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsindən ona cavab verilib ki, sənə ev düşmür. Qəti rədd cavabı isə ev-eşik, oğul-uşaq sahibi olmağı arzulayan 34 yaşlı Vitalikin qol-qanadını yanına salıb. O, indi hara, kimə və necə yön alacağını bilmir... 2012-ci ildən faktiki fəaliyyətdə olan 2014-cü ildən rəsmi qeydiyatdan keçən İnternat Məzunlarının Sosial İnteqrasiyası (İMSİ) Gənclər İctimai Birliyi var. Vitalik Maslovun bu birlyin üzvü olub-olmamasıyla maraqlandıq. İMSİ-nin rəhbəri Araz Əhmədovla Vitalik maslovla bağlı söhbətimiz bizi İMSİ-nin başqa mövcud problemlərinə, qayğılarına aparıb çıxardı.

Kimsəsiz qızlar pis niyyətlərin qurbanına çevrilir

 

“Hürriyyət”in qonağı olan Araz Əhmədovla baş redaktorumuz Vüqar Məmmədov da söhbət elədi. Söhbət zamanı Vüqar Məmmədov bir epizodu xatırlatdı. Vaxtilə Ordubadda internat məktəbində təhsil alan, tanıdığı bir qızın sonralar himayəsizlik üzündən Bakıda dəmiryol vağzalında gecələdiyini, bir qarın çörək üçün pis niyyətli insanların qurbanına çevrildiyini təəssüf hissiylə danışdı. Söz-sözü çəkdi...

Onlara münasibət hələ də “ögey”dir...

Sevil Hilalqızı: - Cəmiyyətdə internat məzunlarına ögey baxış hələ də qalmaqdadır. Bir misal deyim. Bu günlərdə təşkilatınızın üzvü olan 35 yaşlı İradə Hüseynovanın 6 saylı xəstəxanada ağır vəziyyətdə olması haqda məlumat aldıq. Onun səhhətiylə maraqlanmaq üçün xəstəxana rəhbərliyilə əlaqə saxlayanda özünü müdiriyyət kimi təqdim eləyən şəxs aqressiv reaksiya verdi. Dedi ki, bizdən öncə bu məsələ ilə bağlı “valideyn tərbiyəsi görməyən gənclər” onunla mübahisə eləyib. Niyə cəmiyyət hələ də internat uşaqlarına “ögey övlad” kimi baxır? Təşkilat üzvlərinizin inteqrasiya məsələsi nə yerdədir?
 

Kimsəsiz qızın 15 gün hərarəti düşməyib - Vəzifəsinə laqeyd olan həkimə nə adı verək?
 

Əvvəla onu deyim ki, 6 saylı xəstəxanada olsanız, nəinki İradənin, digər xəstələrin də ordakı tibbi xidmətdən razı qalmadıqlarının şahidi olarsınız. Baş həkimin təbirincə desək, bizim gənclərin “tərbiyəsi normal deyil”sə və haqsızlığa etiraz eləməyi bacarırsa, bəs digər xəstələr niyə şikayətlidir? Amma təəssüf ki, o xəstələr etiraz eləyə bilmirlər.

İradə revmatizmdən əziyyət çəkdiyi üçün o xəstəxanaya düşmüşdü. İradənin 15 gün orda hərarəti düşməyib. Qızdırmanın səbəbini tapmaq üçün, bir qan analizi belə aparılmayıb. Mən onu ziyarətə tez-tez gedə bilməsəm də gənclərimiz ona mütəmadi baş çəkirdi, amma İradəyə baxımsızlıqdan şikayət eləyirdilər, bu səbəbdən də orada mübahisə yaranmışdı. Bir həkim ki, qızdırma içində yanan dostlarını müdafiə edən gənclərin hərəkətini tərbiyəsizlik hesab eləyir, bəs laqeyd həkimlərin hərəkətinin adı nədir? İradəyə vurulan iynələrin yeri çirk eləyib. İndi biz köməkləşib onu başqa yerdə müalicə etdirməyə məcburuq. Əlbəttə bizim gənclər arasında da müxtəlif təbiətlisi var. 100-150 gəncdən 3-5-i müəyyən yerdə səhv hərəkət eləyir, amma 300 nəfər içərisindən 10-15 nəfərin davranışı qeyri-normaldırsa, bu 95 faiz yaxşı nəticə deməkdir. Bu gün normal hesab edilən ailələr var ki, 2 uşağından biri narkoman böyüyür. Məgər belə ailələr azdır?

Yataqxananı sökdülər, himayəsiz gənclər sığınacaqsız qaldı
 

İradə bizimlə bir məktəbdə oxuyub. Bizə bacılıq eləyib. Qoymazdı ki, köynəyimizə bir ləkə düşsün. Heç bir qohumu yoxdur. Onunla bir yerdə oxuyan gənclər var idi, Təhsil Nazirliyilə üzbəüz, Xətai 40 ünvanında 8 saylı peşə məktəbinin yataqxanasına qeydiyyatdaydı. O yataqxananı sökdülər, oradakı məcburi köçkünləri yerlə təmin elədilər... Vəd edildi ki, valideynsiz, kimsəsiz gənclər, o cümlədən İradə Nəsimi rayon İcra hakimiyyəti tərəfindən yaşayış yerilə təmin olunacaq. Bu günə qədər də onlar yerlə təmin olunmayıb. Təşkilatımızın isə heç bir büdcəsi yoxdur. Uşaqlar birtəhər köməkləşib, 3 nəfəri müvəqqəti oğlanlar üçün yataqxanaya yerləşdirdik. Lakin İradə və digər bir qızı hələ müəqqəti iki ailədə yerləşdirmişik.

Gənclərimiz asan inteqrasiya eləyir, amma “ziyalılar”ın düşüncəsi dəyişməsə...

Yenə də o həkimin fikriylə bağlı söhbətə qayıtmaq istəyirəm. Mən çox təəssüf eləyirəm ki, ziyalı hesab edillən, amma öz vəzifəsinə laqeyd olan bir səhiyyə müəssisəsinin yetkilisi belə münasibət sərgiləyir. Bizim gənclərin cəmiyyətə inteqrasiyası ildən-ilə müsbətə doğru dəyişir. Əslinə qalsa bizim gənclərin inteqrasiyası asan gedir, amma cəmiyyətin, xüsusən o həkim düşüncədə olan “ziyalılar”ın inteqrasiyası çətindir. Belə düşüncəli adamlar internat məzunlarının hələ də cəmiyyətdən təcrid olunması niyyətindədirlər.

 

“Ali təhsillilərimizin səsi Rusiyadan, ABŞ-dan, Türkiyədən gəlir “

 

- Təşkilatınızda üzvlərin sayı dəyişmir?

- Təxminən say eyni qalır: 330-dək, 350-dən bir qədər çox. Çünki hər il bu cəmiyyətə gələnlər olduğu kimi, gedənlər də olur. Lazım olan hüquqi dəstək, iş, ev təminatından sonra, onlar bizim təşkilatdan ayrılmalı olur ki, yenilərinin problemləri istiqamətində bir tədbir görək. Təşkilatımız nəyi bacarırsa, onlar üçün edir: təlim kursları, dil kursları, abituriyent kursları, düşərgələr, sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina, vətənpərvərlik mövzusunda marrifləndirmə işləri aparılır. Azərbaycanın bölgələriylə tanışlıq təşkil olunur. Bütün bunlar dünyagörüşdə irəliləyişlər yaradır. Bizim təşkilat öncə DAN təşkilatının xəttiylə, dəstəyilə ayağa qalxmağı, fəaliyyət göstərməyi, yaşamaq uğrunda mübarizə aparmağı öyrənmişik. Həmin təşkilatın xəttiylə 11 məzunumuz Moskvada ali təhsil alıb. Türkiyədə YÖS proqramından keçib, orada təhsil alan, eləcə də ABŞ-da universitetdə oxuyan internat məzunları var. Ölkədə də xeyli gənclərimiz ali təhsil alır. Bütün bunlar görülən müsbət işlərin nəticəsidir və bu da mənim üçün çox sevindiricidir . Bir vaxtlar bizim gənclərin adı hər hansı cinayət hadisəsində, oğurluqda hallanırdısa, bu gün internat məzunları olanlar arasında belə göstəricilər yox dərəcəsindədir. Bəlkə barmaqla sayılacaq dərəcədə belə gənclərin adı ola bilər, onlar da xırda oğurluqda. Onu da deyim ki, təşkilatımızda neqativ hallara yol verən internat məzunlarına çox ciddi ictimai qınaq var.

“Bütün bunları dəf eləmək üçün güclü enerji və maliyyə tələb olunur”

- İMSİ-yə maliyyə dəstəyini kim verir?
- Bilirsiz ki, ictimai təşkilatın büdcəsi olmur. Maliyyə dəstəyimiz yalnız layihələrdəndir. Yeri gəlmişkən, onu deyim ki, təşkilatımızın fəaliyyəti üçün dövlət qurumlarından da dəstək alırıq. Prezident yanında Gənclər Fondu maliyyə dəstəyi verir , Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına dətsək şurası layihələr təqdim edəndə köməklik göstərilir, gəncləri regionlarla tanış edirik, tarixi abidələri gəzdiririk. İxtisas secimi,karyera inkisafi sahəsində təlimlərimiz olur . Fəal gənclərimizin vətənpərvərlik ruhunu gücləndirmək üçün Türkiyəyə Çanaqqalaya aparmaq planımız var.

Amma bizim fəaliyyətimizin tək layihə ilə, qrantla tənzimlənməsi mümkün deyil. Çünki üzvlər arasında xəstələnən, yeni hərbi xidmətdən dönən gənclərin iş və yaşayış yeri olmayanlar problemlerinin həlli, bütün bunları dəf eləmək üçün güclü enerji və maliyyə tələb olunur.

Resurs Mərkəzində təlim kursları və peşəkarlar hazırlanacaq

- Bu təşkilatın davamlı və daha faydalı fəaliyyəti üçün iş adamlarına müraciət etməmisiz?

- İş adamlarına yalnız iş təminatıyla bağlı müraciət eləyirik. Hansısa maliyyə cəlb eləmək üçün müraciətimiz olmayıb.

- Təşkilatınızın davamlı yaşaması üçün üzvlükdən gedənlər necə, heç sizinlə əlaqə saxlayıb, bir dəstək təşəbbüsündə olmurmu?

- Onlar da maliyyə dəstəyinə ehtiyacı olan ailələridir. Hətta bəzən Qurban bayramında-filan onlara biz dəstək veririk. Düzdür, bütün bunlar yaxşı, xeyirxah insanların vasitəsiylə edilir, biz sadəcə, xeyriyyəçiləri ehtiyacı olanlara yönləndiririk.

Qarşımızda duran öhdəliklərdən biri odur ki, biz mütləq bir Resurs Mərkəzi açmalıyıq. Orada dil kursları, abituriyent kursları, gənclərimizin təhsilə istiqamətlənməsiylə yanaşı, sənətə də yönləndirilməsini təşkil etmək niyyətindəyik. Təhsillə yanaşı, gənclərimizin sənət sahibi olması, peşə yönümü çox vacibdir. Dərzilik, zərgərlik, aşpazlıq və sair bu kimi peşələr üzrə kadrlar hazırlamaq, eyni zamanda misal üçün, bir dərzi sexi açmaq, onları işlə təmin eləmək kimi planlarımız var. Türk iş adamları var ki, aşpazlıqla iş təminatına vəd verir. Biz də çalışacağıq ki, gənclərimizin əlində istəklərinə, maraqlarına uyğun peşələri olsun. Kollektivdə böyüyən gənclər peşə sahəsinə tez uyğunlaşırlar deyə, hər bir gəncimizin peşəyə yönləndirilməsinə maraqlıyıq.

Bu günə kimi 100 nəfərdən cox məzunumuz SOCAR-ın Təlim-tədris, sertifikatlaşıdrma İdarəsinin 10 aylıq kursunu keçib, işlə təmin olunur. Tornaçı, qaynaqçı, elektrik,operator, kran maşinisti və sair peşə sahibi olub neft sahəsində işləyənlərimiz var. Onların 60 nəfəri artıq evlə təmin edilib.
- Bu peşə yəqin ki, oğlanlar üçün münasibdir, bəs qızlar?

- Qızlar üçün də laborant, operator, tabelçi ixtisasları var. SOCAR-ın peşə məktəbini bitirmək ona görə bizim gənclər üçün əlverişlidir ki, onların yataqxanada qalmaq, qida təminatı məsələsi də bu proqrama daxildir. Ona görə də biz SOCAR-ın peşə məktəblərinə üstünlük veririk. Çox istərdik ki, SOCAR-ın internat məzunlarıyla bağlı prqoramına digər təşkilatlar da qoşulsun.

 

Hər kəs bacardığı işin ardınca getsə, hər yer gülüstanlıq olar
 

Hər təşkilat internat məzununun 3-4 gəncini himayəsinə götürüb, yaxşı kadr hazırlasa, cəmiyyətə, dövlətə, həm o gənclərin özünə fayda vermiş olar. Həm də bununla böyük savaba çatar. Ona görə də biz istənilən təşkilatın istənilən təkilfinə açığıq. Gənclərimizin niyyəti bacardıqları işin qulpundan yapışmaqdır. Hər kəs bacardığı işin ardınca getsə, ölkəmiz gülüstana dönər.

Sevil Hilalqızı, Hurriyyet.org

P.S. Bu yazının məqsədi cəmiyyətin əksər kəsiminin inetrnatda böyüyən gənclərə təsəvvürünü dəyişməkdir. Çünki himayəsiz uşaqlara qarşı ögey münasibət – qeyri-əxlaqi, kriminal ünsür kimi yanaşılıb cəmiyyətdən çıxdaş eləmək onların əksəriyyətində sanki təbii özünümüdafiə yaradıb. Bu özünümüdafiə isə yaddaşlarda yaranan yanlış təsəvvürləri dağıtmaq üçün onları özünütəsdiqə, faydalı insan olmağa sövq eləyir. Gəlin, onların cəmiyyətə qaynayıb-qarışmasına imkan verək. Axı onlar da Yaradanın ən ali varlıqlarıdır...

 

09:23