Fəal oxucular əsgərlərin qonağı olublar

 

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və fəal oxucuları “N” saylı hərbi hissədə Vətənin keşiyində ayıq-sayıq dayanan zabit və əsgər heyətinin qonağı olub, hazırladıqları “Qurtuluşun zəfər günü” adlı musiqili ədəbi-bədii gecəni onlara təqdim ediblər. Sonra onlar kitab sərgisi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqil Azərbaycan Respublikasının tarixinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə dövlətimizin inkişaf tarixinə nəzər salınıb. “N” saylı hərbi hissə xalq çalğı alətləri ansamblının solisti Elnur Abbasov, ansamblın bədii rəhbəri, saz ifaçısı Ramiz Əliyev və Ceyhun Həsənov vətənpərvərlik ruhunda musiqilər ifa ediblər.

Fəal oxuculardan Nurgün və Aydan Əliyeva bacılarının, Səma və Nərmin Şəldiyeva bacılarının, Nərgiz Səfərovanın ifa etdikləri ulu öndər Heydər Əliyevə, Vətənə həsr edilmiş şeirlər alqışlarla qarşılanıb. Əsgər İsmayıl Hüseynovun səsləndirdiyi vətənpərvərlik mövzusunda şeirlər tədbirə xüsisi ahəng qatıb.

Hicran Məmmədova
Gəncə

 

09:18