Ev quşları da bahalaşdı: dəhşətli böhranın ayaq səsləri qulaq batırır

Mal və qoyun ətinin bahalaşması ev quşlarının qiymətinə də təsir edib; Tələbatın artması qiymətin təxminən 30 faiz bahalaşması ilə nəticələnib. Bazarlarda artıq ev quşlarının qiyməti artıb. Bahalaşma daha çox kəndlərdə bəslənən toyuqlarda müşahidə olunur. Əvvələr 7-8 manata satılan kənd toyuğu indi 10-11 manata təklif edilir. Bazarlarda hinduşka, qaz və ördəyin də alıcısı artıb. Satıcıların sözlərinə görə, yay aylarından fərqli olaraq qışda bu ev quşlarına təlabat daha da artır. Bu səbəbdən həmin ev quşları da bahalaşıb. Bazarda broyler toyuqları da satılır. Bu quşların alıcıları indi daha çoxdur. Buna səbəb isə qiymətlərinin kənd toyuqları ilə müqayisədə xeyli aşağı olmasıdır.

Toyuq məhsullarının qiymətinin artması digər məhsulların da bahalaşacağının anonsudur. Bundan qabaq ət məhsullarının qiymətindəki artım barədə geniş araşdırma yazısı təqdim etmişdik. Məlum olmuşdu ki, bu məsələnin əsas məsuliyyəti yüksək ranqlı bir general və kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Hazırda Bakıda satış yerindən asılı olaraq mal əti 9 manat 50 qəpik-10 manata, qoyun əti isə 10-11 manata satılır.  Ölkədə heyvandarlıq məhv edilib və yüksək rütbəli məmur, generalla KTN rəhbəri Heydər Əsədov əti bahalaşdırır. Kənd Təsərrüfatı Nazirliyi ölkənin ət və ət məhsulları ilə təmin edilməsi sahəsində heç bir problemin olmadığını israrla bəyan edir. Fakt isə ondan ibarətdir ki, biz il ərzində adambaşına ət ehtiyacının cəmi 40 faizini ödəyə bilirik. Ev quşlarının da bahalaşması vəziyyətin qarşısıalınmaz bir tunelə girdiyimizi göstərir. İlin sonuna çox az zaman qalıb və böhranın ayaq səsləri nəinki eşidilir, qulaq batırır. Ev quşlarının qiymətinin qalxması insanların gündəlik tələbatı olan məhsuldan da məhrum olunması ilə müşayiət olunacaq. Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır. Nazirlər Kabineti xalqın əleyhinə qərarlar verməkdədir. Növbəti qərar isə ardınca daha böyük bahalaşmanın gətirəcəyinə anons idi. Söhbət isti suyun qiymətinin qalxmasından gedir. Dövlət idarələrində ixtisarlar aparılır, banklar bağlanır, zavodlar ləğv edilir. Hər gün yüzlərlə insan işini itirir və minlərlə ailə çörəksiz qalır. Paralel olaraq ərzq məhsullarının, təsərrüfat mallarının bahalaşması həm də KTN rəhbərliyinin yarıtmaz idarəçiliyinin nəticəsidir. Ölkədə mal-qara çatışmazlığı yaşanır. Bunun bir səbəbi otlaqların satılması, məmurlar arasında bölüşdürülməsidirsə, digər amil yoncanın, heyvan yeminin qiymətinin bahalaşmasıdır. Nəticədə fermerlər çıxılmaz vəziyyətlı qarşılaşıb. Buna görə də ölkəyə xaricdən idxal olunan ətin maya dəyər, daşınma xərcləri, qeyri-rəsmi rüsumlar, inhisarçı məmurların maraqlarının təmin olunması bütövlükdə ət bazarında bahalaşmaya gətirib çıxarır. Əsasən bu məhsullar Rusiyadan idxal edilir.

Politika.Az

12:03