Etibar Nəcəfov: Hans Morqentaunun milli maraq konsepsiyası

Etibar Nəcəfov
Fəlsəfə elmlər doktoru, professor

Etibar Nəcəfov Gəncədə ziyalı ailəsində anadan olmuşdur. Sankt-Peterburq Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş və burada “Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir. 70-dən artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir. ABŞ-ın bir sıra ştatlarında, Norveç, Rusiya, Türkiyə, İsveç, Macarıstan, Avstriya, Hollandiya, Qazaxstan, Gürcüstan və digər ölkələrdə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 2002- 2005- ci illərdə fasilələrlə Nyu-Yorkun Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində magistr  dərslərini demişdir. Tədris və tədqiqat sahəsinə aid ABŞ və bir neçə Avropa ölkələrinin təsis etdiyi qrantlara layiq görülmüşdür.

Hans Morqentaunun milli maraq konsepsiyası

Müasir dövrdə dövlətlərarası münasibətlərin tədqiq edilməsində Hans  Morqentaunun milli maraq konsepsiyasının əhəmiyyəti

Dünya kommunist sisteminin dağılması, “soyuq müharibənin” başa çatması beynəlxalq təhlükəsizliyin təmin olunmasına müəyyən müsbət təsir göstərmişdir. Bundan ruhlanan liberal demokratiya nəzəriyyəsinin tərəfdarları beynəlxalq təhlükəsizliyin möhkəmlənməsini dünyada demokratik dövlətlərin sayının artması ilə əlaqələndirmişlər. Onlar kommunist sisteminin dağılması ilə əlaqədar demokratik dövlətlərin sayının artmasının ölkələrarası müharibələrin başlanması təhlükəsinin qarşısının alınmasına səbəb olması ideyasını irəli sürmüşlər. Bu nəzəriyyənin görkəmli nümayəndələrindən biri olan tanınmış Amerika politoloqu Frensis Fukuyama “Tarixin sonu və sonuncu insan” (“The End of History and the Last Man”) adlı əsərində belə bir qənaətə gəlir ki, SSRİ-nin süqutu liberal demokratiyanın ciddi rəqibi olmamasını sübut edir. Bu, bəşəriyyətin ideoloji inkişafının sonudur və “hakimiyyətin son formasıdır” (1, Xİ-Xİİ). Bundan başqa, “soyuq müharibənin” sonu “ideal dövlətin” və mükəmməlləşdirilə bilməyən siyasi iqtisadın, liberal kapitalizmin xüsusi formasının zəfəridir”. Fukuyamaya görə, Şərq-Qərb qarşıdurmasının başa çatması göstərdi ki, liberal kapitalizm model kimi yıxıla bilməz və o, siyasi və iqtisadi inkişafın ən yüksək zirvəsidir. Fukuyama da əksər liberallar kimi tarixi inkişafı tərəqqi yönümlü götürür. O, əmindir ki, bütün xalqlar liberal demokratiya istiqamətində inkişaf edirlər (1, 48).
Fukuyama liberal beynəlmiləlçilərin “legitim siyasi qaydaların yayılması tədricən beynəlxalq münaqişələrə son qoyacaqdır” fikrini yeni şəraitdə dirçəltmişdir. Mahiyyətcə neokantçı mövqe olan bu yanaşma göstərir ki, liberal-demokratik dəyərlərə malik olan bu və ya digər ölkə ideal və ya model ölkə kimi çıxış edir. Digər ölkələr belə dəyərlərə can atacaqdır. Fukuyamaya görə, liberal demokratik ölkələr öz zorakı instinktlərini və institutlaşdırılmış normaları üstələmişlər. Bu, onların bir-birilə münasibətlərini tənzimləyirdi. Böyük dövlətlər arasında oxşar prinsiplər yaranır. Liberal-demokratik prinsiplərin beynəlxalq aləmə keçirilməsi dünyada sülhün möhkəmlənməsi üçün yaxşı şərait yaradır, çünki liberal-demokratik prinsiplərə söykənən dünyada müharibə üçün zəmin çox az olur. Fukuyamaya görə, bu onunla bağlıdır ki, bütün demokratik ölkələr qanunçuluğa, bir-birinin suverenliyinə hörmət edir.
Bununla belə qeyd etmək lazımdır ki, liberal demokratların dünya kommunist sisteminin dağılmasının və bunun bir mühüm nəticəsi kimi demokratik dövlətlərin sayının artmasının dövlətlərarası müharibələrin başlanması təhlükəsinin qarşısının alınmasına dair fikrini mütləqləşdirmək düzgün deyil. Belə ki, müasir dövrdə böyük dövlətlərin arasında müharibələrin baş verməsi ehtimalının az olmasına baxmayaraq dünyada hələ də müharibə bir təhlükə və bir reallıq kimi qalmaqdadır. Bunu faktlar da sübut edir. Məlum statistik göstəricilərə görə, 1990-cı illərdə dünya-da 100-dən çox müharibə baş vermişdir. Bu müharibələrdə 90 dövlət iştirak etmiş və 9 milyon insan həlak olmuşdur (2, 176). Müharibə beynəlxalq münasibətlərin aktorları arasında yaranan münaqişələrin həll edilməsinin bir vasitəsi kimi öz əhəmiyyətini itirməmişdir və çox güman ki, yaxın gələcəkdə itirməyəcəkdir. Bundan başqa son zamanlar dövlətlərarası münasibətlərdə baş verən ziddiyyətli hadisələri, xüsusilə beynəlxalq münasibətlərin əsas aktorları olan böyük dövlətlərin beynəlxalq miqyasda davranışlarını, onların ikili standart siyasət aparmalarını anlamaq üçün görkəmli Amerika politologu Hans Morqentaunun milli maraq konsepsiyasına müraciət etmək məqsədəuyğundur.
Məlum olduğu kimi, Hans Morqentau beynəlxalq münasibətlərin nəzəri problemlərinin öyrənilməsində böyük rol oynamışdır. O, beynəlxalq münasibətlər nəzəriyyəsi fənninin əsas məktəblərindən biri olan realizmin əsasını qoyanlardan biri olmuşdur. Onun milli maraq konsepsiyası tədqiq etdiyi beynəlxalq münasibətlərin nəzəri problemlərinin sırasında mühüm yer tutur. Daha konkret desək, bu konsepsiya onun siyasi realizm nəzəriyyəsinin əsasını təşkil edir. Morqentaunun milli maraq konsepsiyasının mahiyyətini və əhəmiyyətini göstərməkdən öncə onun siyasi realizm nəzəriyyəsi haqqında bir necə söz demək lazımdır.
Morqentau ilk dəfə siyasi realizm nəzəriyyəsini bütöv şəkildə “Millətlər arasında siyasət. Hakimiyyət və sülh uğrunda mübarizə” (“Politics among nations. The Struggle for Power and Peace.”) (1948) adlı əsərində təqdim etmişdir (3). İkinci Dünya müharibəsindən sonra yazılmış bu əsər realistlərin çox mühüm əsəri hesab olunur. O vaxt ABŞ dünyada iqtisadi və hərbi-strateji sahələrdə öz hegemonluğunu yeridirdi. Bu əsər realizmin prinsiplərini möhkəmlətməklə yanaşı yaranmış şəraitdə ABŞ-ın oynayacağı rola intellektual dəstək verirdi. Sözügedən əsər bir tərəfdən, akademiyada realizmin mövqelərinin möhkəmlənməsinə xidmət etməli, digər tərəfdən, müharibədən sonrakı dövrdə ABŞ-ın xarici siyasətini istiqamətləndirməli idi.
Morqentau beynəlxalq münasibətlərin öyrənilməsinə təbiət elmlərinin pozitivist metodologiyasını tətbiq edirdi və bu yolla beynəlxalq siyasət elmini yaratmaq istəyirdi. Bu yanaşmanın intellektual dəqiqliyi dünya siyasətinin əsasını təşkil edən gerçəkliyi aşkarlayır. Heç də təsadüfi deyildir ki, Morqentaunun ideyalarında qanuna, prinsiplərə, gerçəkliyə və elmə istinad edilir. Məsələn, Morqentaunun nəzəriyyəyə verdiyi tərif təbiət elmlərindən alınmışdır. Morqentauya görə, nəzəriyyə abstrakt prinsiplərə, yaxud gerçəkliklə bağlı olmayan məfhumlarla deyil, bizi əhatə edən hadisələrə qayda və məna gətirməklə özünü göstərməlidir (3, 7-11). Nəzəriyyə faktlara uyğun gəlməlidir. Bir sözlə, nəzəriyyə fakta əsaslanan və müstəqil olmalıdır. O, empirik və məntiqi meyara da cavab verməlidir. Morqentauya görə, xarici siyasətin rasional mahiyyəti vardır. Onu nəzəriyyələr aşkar etməlidir. Bu, pozitivizmin metodoloji əsasıdır. Morqentaunun bu mülahizələri 1980-ci illərdə beynəlxalq münasibətlər nəzəriyyəsi fənnində özünü büruzə verən epistemoloji debatlara səbəb oldu.
Morqentau öz konsepsiyasını liberalizmin tənqidi üzərində qurur. Onun beynəlxalq münasibətlərin öyrənilməsinə yönəlmiş nəzəriyyəsinin əsasını siyasi realizmin altı prinsipi təşkil edir:
1. Siyasət obyektiv qanunlarla idarə olunur. Bu qanunların kökü insan təbiətindədir. Vaxt keçdikcə bu qanunlar dəyişmir və bizim nəyi üstün tutmağımızdan asılı deyildir. Biz bu faktları dərk etməliyik. Beynəlxalq münasibətlər nəzəriyyəsi bu qanunlara əsaslanır. Bu qanunların əsasında rasional siyasi davranışı proqnozlaşdırmaq mümkündür;
2. Beynəlxalq siyasətin dərk olunmasının açarı qüvvə, güc kimi tərif verilən maraq məfhumudur. Bu məfhum siyasəti fəaliyyətin müstəqil bir sahəsi kimi görməyə kömək edir, siyasətin predmetinə rasional qayda qoyur və siyasətin nəzəri şəkildə dərk olunmasını mümkün edir. Hakimiyyət kimi təqdim olunan maraq ideyası siyasətçilərin həqiqi davranışlarını açıqlayır. Xarici siyasətin müəyyən edilməsində etik məsələlərə, siyasi fəlsəfəyə və ya fərdi maraqlara yer yoxdur. Hakimiyyət beynəlxalq münasibətlərin öyrənilməsində mərkəzi məsələdir. “Beynəlxalq siyasət də bütün başqa siyasətlər kimi hakimiyyət, qüvvə uğrunda mübarizədir”. Beynəlxalq siyasətin son məqsədi nə olursa olsun, onun bilavasitə məqsədi həmişə hakimiyyətdir, qüvvədir. Morqentauya görə, hakimiyyət, qüvvə – insanın başqalarının fikirlərinə və hərəkətlərinə nəzarət deməkdir; 3. Zamandan, məkandan və kontekstdən asılı olaraq dövlət hakimiyyətinin formaları və mahiyyəti dəyişsə də, maraq məfhumu dəyişməz qalacaqdır. Siyasi, mədəni və strateji mühit hakimiyyətin formalarına mühüm təsir göstərəcəkdir. Milli dövlət tarixin məhsulu kimi gələcəkdə yox olacaqdır. Buna görə də realistlər maraq və milli dövlət arasında olan əlaqəni mütləqləşdirməməlidirlər;
4. Universal etik prinsiplər dövlətin fəaliyyətini müəyyən etmir. Lakin buna baxmayaraq, şübhəsiz, dövlətin fəaliyyətinin etik və mənəvi əhəmiyyəti olmalıdır. Mənəvi prinsiplər fərdlərə təsir edir, lakin dövlətlər mənəvi agent deyil. Buna görə də, dövlətlərin beynəlxalq fəaliyyətini izah etmək cəhdi mənəvi prinsiplərə yönəl-məməlidir. Siyasi fəaliyyət bu fəaliyyətdən irəli gələn siyasi nəticələrə uyğun qiymətləndirilir. Mənəvi fəaliyyət ilə siyasi fəaliyyətin tələbləri arasında ziddiyyət vardır;
5. Universal şəkildə razılaşdırılmış mənəvi prinsiplərin məc¬musu yoxdur. Vaxtaşırı dövlətlər öz fəaliyyətlərini etik müstəvidə (insan hüquqlarının müdafiəçisi) qələmə verməyə çalışmasına baxmayaraq, onlar beynəlxalq sahədə fəaliyyətlərinə bəraət vermək məqsədilə mənəvi prinsiplərə əl ataraq öz üstünlüklərini göstərmək istəyirlər və milli maraqlarını müdafiə edirlər. Universal mənəvi prinsiplər dövlətin fəaliyyətinin etibarlı istiqamətləndiricisi deyil. Morqentauya görə, dövlətlər universal prinsipləri irəli sürməklə öz milli yaxud mədəni dəyərlərini dünyaya tanıtmaq istəyirlər. Maraq elə bir daimi standartdır ki, onun vasitəsilə siyasi fəaliyyətə qiymət verilir və o, istiqamətləndirilir;
6. Siyasi sahə intellektual cəhətdən digər sahələrdən asılı deyil. Buna görə də beynəlxalq sahə, onun təhlil və dəyərləndirmə meyarları fərqlidir. “Bu siyasət millətin, dövlətin hakimiyyətinə necə təsir edir” kimi əsas suallar beynəlxalq münasibətləri maraqlandırır.
Morqentaunun irəli sürdüyü bu altı prinsip mövcud şəraitin intellektual əhval-ruhiyyəsini əks etdirirdi. Bu prinsiplər liberalizmə qarşı yönəlmişdir. Morqentauya görə, beynəlxalq siyasət dövlətlər arasında hakimiyyət uğrunda mübarizədir: milli maraqları güdmək normal, arzuolunan və müəyyən mənada zəruri bir fəaliyyətdir.
Morqentaunun siyasi fəlsəfəsinin əsasında belə bir fikir durur ki, siyasi qanunlar insanın təbiətindən yaranır. Dünyada daim xeyir və şər, ölüm və həyat arasında mübarizə gedir. Bu mübarizə tez-tez insana düşmən olan qüvvələrinin qələbəsi ilə nəticələnir. Bu dünya bir-birinə zidd olan və münaqişə edən maraqların dünyasıdır. İnsanın iki xüsusiyyəti münaqişənin və şərin səbəbidir: eqoizm və hakimiyyət arzusu. Eqoizm münaqişəyə səbəb olur, çünki birisi nə istəsə, başqası da həmin şeyi istəyir, yaxud onda həmin şey artıq vardır. Eqoizm tam irrasional deyil. Onun tələbi yerinə yetirilə bilər. Buna görə də Morqentau hesab edir ki, insanın insana qarşı müharibəsi eqoizm kimi izah edilə bilməz. Belə izah hakimiyyət arzusundadır. Eqoizmdən fərqli olaraq bu istəyin həddi-hüdudu yoxdur. Bu, irrasional impulsdur. Hakimiyyət arzusu hər cür siyasətin mahiyyətini təşkil edir. Morqentaunun milli maraq konsepsiyası bu qeyd olunan müddəaların məntiqi nəticəsidir.
Dövlətin milli marağı dedikdə Morqentau onun güclü olmasını nəzərdə tutur. Əgər hər hansı bir dövlətin milli marağı onun beynəlxalq münasibətlər sistemində hər sahədə güclü olmasına yönəlmirsə, onda belə dövlətin digər dövlətlər tərəfindən işğal olması ilə nəticələnə bilər. Bu fikir Tomas Hobsun siyasi fəlsəfəsindən irəli gəlir. Məlum olduğu kimi, Hobs “Leviafan” adlı əsərində qeyd edir ki, insan öz təbiətinə görə eqoist məxluqdur. Onda hakimiyyət istəyi güclüdür. İnsanlar təbiətdən qabiliyyətlərinə görə fərqlənirlər. Buna görə onların rəqabəti, bir-birinə inamsızlığı, var-dövlətə hərislikləri “hammını hammıya qarşı, hər bir kəsi hər bir kəsə qarşı müharibəyə aparır”. Müharibə insanların qarşılıqlı münasibətinin təbii halıdır. Bir-birini tamamilə qırmamaq üçün insanlar ictimai müqavilə bağlayaraq dövlət yaradırlar. Dövlətin yaranması zamanı insanlar ictimai qayda-qanunu əldə etmək üçün öz hüquq və azadlıqlarını dövlətə həvalə edirlər. Dövlətlər təbii halda olaraq bir-birilə heç bir məhdudiyyətlə bağlı deyil. Dövlətlərarası münasibətlərin yeganə tənzimləyicisi gücdür və dövlətlər müharibəyə hazır vəziyyətdə duraraq bir-birinə nəzarət edirlər.
Realizmin digər bir görkəmli nümayəndəsi Edvard Karra görə, liberalların universal hesab etdikləri prinsipləri (sülh, maraqların harmoniyası, kollektiv təhlükəsizlik və sərbəst ticarət) prinsip hesab etmək düzgün deyil. Bu “prinsiplər” konkret vaxtda milli marağın konkret anlayışına əsaslanan milli siyasətin şüursuz əks olunmasıdır. Bu, universal maraqların harmoniyası doktrinasının bir hissəsidir. Liberalizmin əsası olan maraqların harmoniyası isə qalib ölkələrdəki elitanın konkret marağıdır. “Maraqların harmoniyası doktrinası elə bir mənəvi plandır ki, elita ondan öz hakim mövqeyini təsdiq etmək və saxlamaq üçün istifadə edir” (4, 104). Karr qeyd edir ki, “sənaye kapitalizmi və sinfi sistem cəmiyyətin qəbul olunmuş strukturu olan kimi, maraqların harmoniyası haqqında doktrina öz maraqlarını bütün cəmiyyətin maraqları kimi təqdim etməklə öz üstünlüyünü qorumaq istəyən hakim sinfin ideologiyasına çevrildi” (4, 58). Lakin beynəlxalq aləmdə onun qəbul edilməsi müharibələrarası sülhün aradan qalxmasına səbəb olur.
Mövcud dünya nizamından razı olmayan, ərazisinin sərhədlərini, yaxud iqtisadi və strateji qüvvəsini dəyişmək istəyən dövlət üçün beynəlxalq sülh universal harmoniya kimi qəbulolunmazdır. Beynəlxalq sülh öz iradəsini, istəyini digər dövlətlərə qarşı qoyan güclü dövlətlərin şüarıdır. Beynəlxalq sistemdə dövlətlər arasında maraqların təbii harmoniyası yoxdur. Yalnız qlobal hakimiyyətin konkret konfiqurasıyanın keçici və müvəqqəti harmoniyası vardır. Müharibə beynəlxalq sistemdə qüvvələrin həyata keçirə biləcəyi yeganə və məqsədəuyğun yoldur.
Dövlətlər arasında maraqların harmoniyası məfhumunu təkzib etmək üçün Karr laissez-faire (sülh və mülkiyyət hüquqları məsələlərindən başqa iqtisadi məsələlərdə hökumətin müdaxiləsinə qarşı çıxan doktrina.- E. N.) iqtisadiyyatını misal gətirir. Onun fikrincə, laissez-faire aparıcı iqtisadi ölkələrdəki hakim elitaların ideologiyasıdır (4, 77). Bu ideologiyaya görə, hakim elitaya sərfəli olan hamı üçün sərfəlidir. XIX əsrdə ingilis manufakturaçısı və taciri laissez-faire-nin onun zənginliyini artırdığını gördükdə əmin oldu ki, bu, bütün Britanaya üçün xeyirlidir. İngilis dövlət xadimi öz növbəsində görəndə ki, laissez-faire ingilislərin rifahını qaldırır, o, qərara gəldi ki, sərbəst ticarət bütün dünyanın rifahını artırır. Karr Fridrix Listi müdafiə edərək qeyd edirdi ki, sərbəst ticarət Britaniya hakim sənaye ölkəsi olduğu zaman düzgün siyasət idi. O vaxt yalnız proteksionizm siyasəti zəif ölkələri Britaniyanın caynağından qurtara bilən real bir siyasət idi. ABŞ və Almaniyada aparılan iqtisadi millətçilik siyasəti Britaniyanın iqtisadi gücünə qarşı yönəlmişdir. Dövlət nəzarəti zəif dövlətlərin özünümüdafiə silahıdır. Millətlər arasında maraqların təbii harmoniyası yoxdur. Xalqlar arasında ümumi maraq tənzimləmə yolu ilə yaranır. Karra görə, müxtəlif dövlətlər güclərini artırdıqda öz milli maraqlarını qorumağa qadir olurlar. Milli maraqların toqquşması zəruridir. Belə toqquşmalar müharibələrə səbəb olur. Bu toqquşmaların qarşısının alınmasının yeganə yolu dövlətlər arasında təxmini qüvvələrin balansının yaradılmasıdır. Liberalların dediyi kimi, qüvvələrin balansı beynəlxadq münaqişənin səbəbi deyil. O, təbiətin qanunlarına bənzəyir: o, beynəlxalq hakimiyyətin normal ifadəsidir və sülhün ən yaxşı təminatçısıdır. Kollektiv təhlükəsizlik isə qalib dövlətlərin hakimiyyətini, status-kvonu möhkəmlədir. Beləliklə, Morqentaunun milli maraq konsepsiyasının əsasını aşağıdakı müddəalar təşkil edir:
Birincisi, beynəlxalq münasibətlər sistemində milli maraq hər bir dövlət üçün ən etibarlı istiqamətverici amildir. Bunu üçün hər bir dövlət öz milli maraqlarını güdməlidir;
İkincisi, milli marağın əsasını dövlətin beynəlxalq münasibətlər sistemində hərbi-iqtisadi gücü və nüfuzu təşkil edir, çünki məhz güclü olmaqla dövlət öz məqsədlərinə nail ola bilər;
Üçüncüsü, milli maraq abstrakt prinsiplərə deyil, konkret faktlara, gerçəkliyə əsaslanmalıdır. Öz xarici siyasətini kosmopolit ideyalar əsasında quran dövlət gec-tez beynəlxalq münasibətlər sistemində nüfuzunu itirməyə məhkumdur. Bu isə öz növbəsində belə dövlətin daxili böhranla üzləşməsinə səbəb olacaqdır. Milli maraqlara isə əsaslanan xarici siyasət rasional xarakter daşıyır.
Müasir beynəlxalq münasibətlər sistemində bu müddəaların və ümumiyyətlə Morqentaunun milli maraq konsepsiyasının hər bir dövlət üçün əhəmiyyəti artmaqdadır. Bu, ilk növbədə qeyd olunan müddəaların dövlətlərarası münaqişələrin səbəblərinin dərk olunmasında öz əksini tapır.

ƏDƏBIYYAT

1. Fukuyama F. The end of history and the last man. London, 1992
2. Abbasbəyli A., Nəcəfov E. Beynəlxalq münasibətlər nəzəriyyəsi. Bakı, 2007
3. Morgenthau H.J. Politics among nations. New York, 1985
4. Carr E.H. The twenty years’ crisis. London, 1939

11:45