ETA təşkilatının yaraqlıları aprelin 8-dək tam tərksilah olacaq

 

Baskların ETA terror qruplaşmasının yaraqlıları aprelin 8-dək tam tərksilah olunmaq üzrə planlarını reallaşdırmaq niyyətindədir. Bunu İspaniya hökuməti və qruplaşma arasında danışıqlara yaxın olan mənbə bildirib.

Yaxın vaxtlarda ETA-nın gizli silah anbarlarının yeri haqda məlumat verəcəyi bildirilir. Onların bir hissəsi Fransa ərazisində yerləşir və yerli hüquq müdafiə təşkilatları müsadirə olunan silah-sursatın İspaniyaya deyil, Fransa hökumətinə təhvil verilməsini istəyir.

1959-cu ildə qurulan ETA təşkilatı (“Basklar ölkəsi və azadlıq”) İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşən bask ərazilərinin müstəqilliyinə çalışır. Qruplaşmanın təşkil etdiyi terror aktları nəticəsində indiyə qədər 800 nəfərdən çox insan həyatını itirib. 2011-ci ildə silahlı mübarizənin dayandırılması elan olunsa da, İspaniya və Fransanın hüquq-mühafizə orqanları qruplaşma üzvlərini təqib etməkdədir.

Xudaferin.eu
“Avropa Bürosu”

 

08:26