Ermənistanın zenit-raket kompleksi və şəxsi heyəti məhv edilib

 

Azərbaycanın Müdafiə Nazirliyi bunu əks etdirən video və fotolar yayıb
 

Mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində (Bakıdan 440 kilometr cənub-qərb) Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi Azərbaycan Ordusu tərəfindən məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Mətbuat xidməti bildirir ki, Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. “Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib”, Müdafiə Nazirliyinin məlumatında deyilir. Azərbaycan Müdafiə Nazirliyi rəsmi internet saytında qurğunun vurulmasının əks edildiyini bildirdiyi video-görüntü və fotolar da yayıb.

Məlumat üçün bildirək ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir. Ermənistan tərəfi Azərbaycan Müdafiə Nazirliyinin məlumatına münasibət bildirməyib.

TREND İA

10:06