ERMƏNİSTANIN TƏSLİM AKTI

Ermənistan-Azərbaycan elan olunmamış müharibəsi nə vaxtsa, son bulacaq, hansısa sənəd(lər) imzalanacaq. Əlbəttə, biz “nə vaxtsa”nın mümkün olan ən qısa zaman zərfində baş tutmasını, bağlanacaq müqavilənin, imzalanacaq sənədin, tərtib ediləcək aktın ədalətli sülhü təmin etməsini, bölgəyə istiqrar, dayanıqlı təhlükəsizlik, qoruna bilən asayiş gətirməsini arzu və təmənna edirik.

Azərbaycan sülh üçün hər hansı bir başqa dövlət nə edə bilərdisə, ondan artığını edib; amma Ermənistan öz işğalçılıq siyasətindən, terrorçu xislətindən və hiyləgərlik kursundan əl çəkmir, bununla da, hadisələrin gedişini qeyri-müəyyən vaxtadək uzatmaq, öz ağıllarınca ən maksimum nəticəyə nail olmaq istəyir.

Ermənistanın Azərbaycan torpaqlarını işğalı, törətdiyi qanlı əməllər, hərbi cinayətlər qarşılığında, yekunda imzalanacaq sənəd, əslində, necə olmalıdır? Əlbəttə, düşmənin əlinə qələm alıb, bizim diqtə edəcəyimiz sənədi imzalamağa vadar olması üçün biz ciddi hərbi irəliləyişləri təmin etməliyik.

Mən bir Azərbaycan vətəndaşı olaraq, sizə təqdim etdiyim belə bir sənəd layihəsi hazırlamışam. Hesab edirəm, Ermənistanın haqq etdiyi “Akt”ın məzmunu ən azı bu şəkildə hazırlanınca haqq öz yerini bulmuş olacaq. Düşmən tərəf, düşmənin havadarları tez-tez qarşılıqlı güzəştlərdən danışır – sizə deyim, əslində, bu “Akt”ın layihəsi belə müəyyən güzəştləri ehtiva edir, Ermənistan bundan da ağır sənədə imza atsa, tarix, insanlıq, gələcək tərəqqipərvər bəşəriyyət bundan heç nə itirməz, tam təsinə, qazanclı çıxardı.

Güzəşt odur ki, biz Ermənistanı mühatab alıb, onunla hansısa sənədə imza atırıq – Ermənistanın bir dövlət olaraq tarix səhnəsindən çəkilməsini imzalamırıq. Bəli, tarix səhnəsindən silinməyi artıqlaması ilə haqq etmiş, “müstəqil”kən “forpost” olan bir dövlət süqutuna – özünün buraxılmasına imza etdirilmirsə, bunu qazanc saymalı, güzəşt kimi qəbullanmalıdır. Bu məzmundan hər hansı ixtisar, Ermənistan tərəfinə sərf edən kiçik düzəliş və ya əlavə olarsa, düşmən bunu da əlavə güzəşt və azərbaycanlı lütfü kimi yüksək sayğı ilə qarşılamalıdır.
Ola bilər, kimlərsə, məni xəyalpərvər sansın, kimlərsə, beynəlxalq konyukturanı bilməməkdə suçlasın, daha kimlərsə, həvəskar adlandırsın – canları sağ olsun – qoy, onlar daha ölçülü-biçili sənəd layihəsi ilə çıxış etsin; amma qoca tarix necə olmazları olar edib, nə mümkünsüzlər mümkün olub… Gün doğmadan nələr doğar… ƏvəlAllah!

Beləliklə, mənim təsəvvürümdəki sənəd layihəsini təqdim edirəm:

Ermənistan Respublikası silahlı qüvvələrinin qeyd-şərtsiz təslim olması haqqında

AKT

Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı 1988-ci ildən başlamış (gizli hazırlığı daha öncəki tarixlərə dayanan), 1991-ci ildən aktiv fazaya keçmiş, sonrakı illərdə bir çox qanlı hadisələrlə müşayiət olunmuş (1994-cü ildə “Atəşkəs” haqqında razılaşma barədə sənəd imzalansa da, arakəsmələrlə davam etmiş və Azərbaycanın uzun illər boyu sülpərvər, dözümlü davranışlarına baxmayaraq, ədalətli sülhə gətirib çıxarmamış) elan olunmamış müharibə üzrə

HƏRBİ KAPİTULYASİYANIN MÜDDƏALARI

1. Ermənistan Respublikası Silahlı Qüvvələrinin ali komandanlığı adından çıxış edən erməni tərəfi, Azərbaycan Respublikasının hüdudları daxilində - quruda və havada olan silahlı qüvvələrinə aid bütün şəxsi heyətin, onların sərəncamında olan hərbi texnikanın, bütün çapdan (növdən) olan silahların Azərbaycan Silahlı Qüvvələrinə qeyd-şərtsiz təslim edilməsinə razıdır.

2. Ermənistan Respublikası Ali Komandanlığı quru və hava qüvvələrinin bütün komandirlərinə (komandanlıq altında olan bütün qüvvələrə) “_” ___ 2021-ci il tarixində saat 18.00-dan hərbi əməliyyatları dayandırmaq barədə əmrlər verəcək. Onlar göstərilən tarix və saatdan etibarən Azərbaycan Respublikası hüdudları içindəki bütün silahlarını, hərbi obyektləri (bütün hərbi-texniki vasitələri) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin səlahiyyətli nümayəndələrinə təhvil verərək, hərbi texnikalara (o cümlədən uçaq, helikopter, tank, artilleriya qurğuları, PUA və d.-nin mühərriklərinə, gövdələrinə, avadanlıqlarına), habelə hərbi məqsədlərçün istifadə edilən zirehsiz maşınlara, silahlara, aparatlara, cihazlara heç bir zərər vurmamaq, korlamamaq şərti ilə təhvil verməyi öhdəsinə götürür.Bu öhdəlik həmçinin, Azərbaycan hüdudları içində erməni hərbçilərinin basdırdığı minaların dəqiq yerini demək yaxud minaları Ermənistan hərbçiləri tərəfindən (Azərbaycan hərbçilərinin nəzarəti ilə) mümkün olan ən qısa vaxt içində (maksimum 15 günü keçməmək şərti ilə) təmizləməyi də əhatə edir.

3. Ermənistan silahlı qüvvələri dünya birliyinin tanıdığı Azərbaycan-Ermənistan dövlət sərhəddindən Ermənistan Respublikası ərazisinin 20 km.-dək dərinliklərində hərbi qüvvələr, hərbi texnika saxlamamağı, həmin zolaqda yalnız ictimai asayişin təmini üçün (yüngül silahlanmış) polis qüvvələrinin mövcudluğuna razı olmasına dair öhdəlik götürür. – Bununçün dərhal müvafiq səlahiyyətli komandirlər təyin edərək, yerdəyişmələri təmin edəcək (maksimum 1 ayı keçməmək şərti ilə).

4. Bu Akt, Ermənistan Silahlı Qüvvələrinin təslim edilməsi ilə bağlı, gələcəkdə BMT tərəfindən (və ya onun mandate ilə hazırlanan) başqa bir ümumi sənədlə əvəz edilməsi halında da, əsas rolunu oynayacaq. – Ermənistan tərəfi yeni sənədin, sərhədlərin toxunulmazlığını, dövlətlərin suverenliyini ifadə edən və ədalətli sülhə xidmət edən sənəd olması üçün əlindən gələn bütün imkanlarla çalışacağına söz verir, beynəlxalq erməni diaspora və lobbi güclərinin hər hansı pozuculuq hərəkətlərində iştirak etməyəcəyinə, onları da belə hərəkətlərdən çəkindirəcəyinə dair öhdəliyini etiraf edir.

5. Ermənistan tərəfi üzərinə götürür ki Azərbaycan Respublikasına elanolunmamış müharibə açdığı və Azərbaycan torpaqlarının bir hissəsini işğal altında tutduğu illər üzrə dəymiş maddi və mənəvi ziyanın qarşılınmasını öz hökuməti qarşısında qəti şəkildə qaldıracaq və neytral qiymətləndiricilərin də daxil olduğu, Azərbaycan tərəfinin yaradacağı xüsusi komissiyanın müəyyənləşdirdiyi miqdarda təzminat ödənilməsini təmin edəcək.

6. Ermənistan tərəfi işğal illəri ərzində Azərbaycan torpaqlarına köçürülmüş ermənilərin adlı siyahısını mümkün olan ən qısa zaman içində (max. 20 günü aşmamaq şərti ilə) Azərbaycanın səlahiyyətli şəxslərinə təhvil verəcək.
Ermənistan tərəfi etiraf edir ki, onilliklər boyu Ermənistan ərazisində və işğal altında tutulmuş Azərbaycan torpaqlaırnda bir çox toponimlər dəyişdirilmişdir və mümkün olan ən qısa zaman içində (maksimum 3 ayı keçməmək şərti ilə) toponimlərin bərpasını Ermənistan hüdudları içində bərpasını təmin edəcək; Azərbaycan hüdudları içində Azərbaycan Respublikası səlahiyyətli orqanlarının qəbul edəcəyi qərarları sayğı duyacaq.

7. Ermənistan tərəfi öz üzərinə götürür ki, Xocalı soyqırımını, Qaradağlı, Ağdaban və digər soyqırım aktlarını, hərbi cinayətləri törədənləri, o cümlədən əsirlərə, girovlara işgəncə verənləri– yaşayan iştirakçıları bilavasitə, ölmüş cinayətkarların isə adlı siyahısını Azərbaycan tərəfə təhvil verəcək və müvafiq məhkəmə qərarlarının çıxarılmasına maraq göstərəcək, zəruri materiallar, şahid ifadələri üçün imkanlarını əsirgəməyəcək.
Ermənistan Silahlı Qüvvələri Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycana qarşı törədilmiş bütün hərbi cinayətlərə görə Azərbaycan dövlətindən və xalqından üzr istəyir və söz verir ki, İrəvanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmasını təmin edəcək.
Ermənistan Silahlı Qüvvələrinin Ali Komandanlığı Ermənistan Respublikası ərazisində Xocalı soyqırımını inkar etmənin suç sayılması barəsində Qanun qəbulu üçün bütün imkanlardan istifadə edəcək.
Ermənistan Silahlı Qüvvələrinin Ali Komandanlığı söz verir ki qondarma “erməni soyqırımı” abidəsini ziyarətin dövlət protokolundan çıxarılmasını təmin edəcək və həm bu abidənin, həm də Azərbaycan Respublikasının etirazına səbəb olan digər abidələrin sökülməsini qarşıdakı 6 ay içində təmin edəcək.

8. Ermənistan Silahlı Qüvvələrinin Ali Komandanlığı öz üzərinə götürür ki Azərbaycanlı əsir və girovların mümkün adlı siyahısının dəqiqləşdirilməsində zəruri dəstəyi verəcək – hələ sağ olanların dərhal təhvil verilməsini, öldürülmüş, həlak olmuş əsir və girovların dəfn yerlərini göstərməyi təmin edəcək.

9. Ermənistan tərəfi, Ermənistan Respublikası ərazisindəki bütün təhsil müəssisələrində, dərslik proqramlarında, Azərbaycanla bağlı təhrif olunmuş, saxta məlumatların yayılmasının, öyrənilməsinin, öyrədilməsinin məqsəduyğun olmadığını qəbul edir və bu istiqamətdə Azərbaycan tərəfini təmin edən şəkildə davranacaq; o cümlədən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı tarixi həqiqətlərin öz dərsliklərində olduğu kimi əks etdirilməsini təmin edəcək.

10. Tərəflər razılaşır ki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpa edilib-edilməməsi Azərbaycan Respublikasının müstəsna hüququdur və status mövzusunda Ermənistan Respublikası tərəfindən hər hansı iddia, təhrikedici, qızışdırıcı, beynəlxalq ictimaiyyəti çaşdırıcı addımlar atılmayacaq. Azərbaycan Respublikası bu məsələyə yalnız Ermənistan Respublikasının Göyçə, Zəngəzur, İrəvan və digər dədə-baba yurdlarından didərgin salınmış azərbaycanlılar üçün də eyni muxtariyyət təsis ediləcəyi təqdirdə baxa bilər.
Ermənistan tərəfi qəbul edir ki, 1918-ci ildə İrəvan şəhəri tarixdəki ilk erməni dövlətinə paytaxt olaraq güzəşt edilərkən, öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Ermənistan Respublikası tarixi öhdəliyini bir daha təzələyərək, heç bir zaman, heç kəsin təhriki və heç bir şərt daxilində Azərbaycan Respublikasına torpaq iddiasında bulunmayacağını bəyan edir. Bu öhdəlik, Azərbaycan Respublikasının vətəndaşı olan erməniləri separatçılığa həvəsləndirməməyi, bununla bağlı hər hansı forma və məzmunda ziyanlı dəstək göstərməməyi də ehtiva edir.

11. Ermənistan silahlı qüvvələrinin ali komandanlığının və ya onun rəhbərliyindəki hər hansı bir hərbi qüvvənin bu Təslim Aktına uyğun hərəkət etmədiyi təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələri cəza tədbirləri görəcək və ya digər zəruri hesab etdiyi addımları atacaq.

12. Bu Akt Azərbaycan, erməni, ingilis, fransız və rus dillərində tərtib edilib.
Yalnız Azərbaycan, erməni və ingilis dilində olan mətnlər orijinaldır.

AKT “_” ___ 2021-ci ildə Şuşada, Topxanada imzalanıb.

Ermənistan Respublikası silahlı qüvvələri adından: ________

Azərbaycan Respublikası Silahlı Qüvvələri adından: _______

İmzalanma zamanı şahid qismində iştirak etdi:

ATƏT-in Minsk Qrupunun 4 üzv ölkəsinin Azərbaycandakı hərbi atteşeləri:

______
Türkiyə

______
ABŞ

______
Fransa

______
Rusiya

xudaferin.eu

21:10